6 Aprel 2016 15:24
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Silahlı Qüvvələrin zabiti, 40 yaşlı polkovnik Vüqar Yusifovun cənazəsi Şəmkir rayonuna gətirilib.

Report-un məlumatına görə, şəhid rayonun Şiştəpə kəndində dəfn olunub.

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) nümayəndələri, Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, rayon ictimaiyyəti, xidmət etdiyi hərbi hissənin hərbçiləri və döyüş yoldaşları iştirak edib.

Qeyd edək ki, şəhid Vüqar Yusifov ailə olub, iki qızı və bir yaşlı oğlu var. Vüqar Yusifov Şəmkirdən olan ikinci şəhiddir. Ötən gün rayonun Tatar kənd sakini 19 yaşlı əsgər Nurlan Qasımov öz doğma kəndində torpağa tapşırılıb.

***

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan zabitinin dəfn mərasimində böyük izdiham yaşanıb.

Cəbhə xəttinin Füzuli rayonu istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Ağdam rayonundan məcburi köçkün, 26 yaşlı Ziya Niyazi oğlu Həsənovun cənazəsi "Vətən sağ olsun!", "Şəhidlər ölməz Vətən bölünməz!", "Vətən sənə canım fəda!", "Şəhidlər ölmür!", "Qələbə naminə!" şüarları ilə Bərdə rayon Şəhidlər Xiyabanına gətirilib.

Azərbaycan ordusunun şəhidi alqış sədaları altında dəfn olunub.

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) nümayəndələri, hüquq-mühafizə orqanlarının rəsmiləri, rayon ictimaiyyəti, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti iştirak edib.

Dəfn mərasimində şəhidin xatirəsinə yaylım atəşi açılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

***

Azərbaycan ordusunun şəhid olan zabiti, 1992-ci il təvəllüdlü Şirinov Sahil Həsrət oğlu aprelin 6-da doğulduğu Qəbələ rayonunda dəfn edilib.

APA-nın xəbərinə görə, şəhid Sahil Şirinov Qəbələ rayonunun Bum qəsəbəsindəki məzarlıqda torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivi, minlərlə rayon sakini ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər. Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.

Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid leytenant Sahil Şirinov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunu olub.

Sahil Şirinov nişanlı olub, toy mərasiminə hazırlaşırmış.

Mərasimdə Zaman Şirinov şəhid qardaşı Sahil ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canlarından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib.


Müəllif:

Oxşar xəbərlər