Azərbaycan ordusunun şəhid olan zabiti, 1992-ci il təvəllüdlü Şirinov Sahil Həsrət oğlu aprelin 6-da doğulduğu Qəbələ rayonunda dəfn edilib.
AZƏRTAC xəbər verir ki, şəhid Sahil Şirinovun nəşi Qəbələ rayonunun Bum qəsəbəsindəki məzarlıqda torpağa tapşırılıb, ruhuna dualar oxunub.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının əməkdaşları, idarə və təşkilatların kollektivləri, minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər.
Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşi altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
Qeyd edək ki, şəhid leytenant Sahil Şirinov cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Evlənməyə hazırlaşan Sahil Şirinovun nişan mərasimi olmuşdu və o, toy mərasiminə hazırlaşırdı.
Mərasimdə Zaman Şirinov şəhid qardaşı Sahil ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.