16 İyun 2014 10:10
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığının daxili işlər naziri Məhəmməd Həssanın dəvəti ilə bu ölkədə səfərdə olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, K.Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeşin paytaxtı Rabat şəhərində Kral V Məhəmmədin Mavzoleyini ziyarət edib. Səfər çərçivəsində nazir İSESCO-nun baş katibi Əbdüləziz Osman ət-Tüveycri ilə görüşü olub.
Azərbaycanla İSESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən K.Heydərov bildirib ki, iqtisadiyyatı gündən-günə inkişaf edən ölkəmiz mədəniyyət, təhsil və elm sahələrində də böyük layihələr həyata keçirir, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Azərbaycanın bütün İslam aləmində nümunəvi bir ölkə olduğunu diqqətə çatdıran İSESCO-nun baş katibi rəhbərlik etdiyi təşkilatın Heydər Əliyev Fondu ilə bir sıra uğurlu layihələr həyata keçirdiyini vurğulayıb.
Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov Mərakeş Krallığının baş naziri Abdelilah Benkirane ilə görüşüb. Azərbaycan FHN-in fəaliyyət istiqamətləri, strukturu və qurumları haqqında Mərakeş Krallığı hökumətinin başçısına ətraflı məlumat verən K.Heydərov, bu ölkənin müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb.

A.Benkirane bildirib ki, onun ölkəsi Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əməkdaşlığı gücləndirməkdə maraqlıdır.
Tərəflər Ermənistan-Azərbaycan və Qərbi Saxara problemlərinin beynəlxalq hüquq normaları və sərhədlərin toxunulmazlığı prinsipləri çərçivəsində həllinə dair iki ölkənin bir-birinə dəstəyinin davam etdiyini vurğulayıblar.
Daha sonra Azərbaycan fövqəladə hallar naziri K.Heydərovun Mərakeş Krallığının urbanizasiya və milli ərazilərin planlaşdırılması naziri Mohaned Lanser ilə görüşü olub.

Görüşdə tikinti və şəhərsalma məsələlərində Azərbaycanla Mərakeş arasında əməkdaşlığın perspektivləri, təcrübə və kadr mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfərin yekununda fövqəladə hallar naziri K.Heydərovun Mərakeş Krallığının daxili işlər naziri Məhəmməd Həssa ilə görüşündə mərakeşli nazir Azərbaycan FHN-in fəlakətlərin xəbərdarlığı sistemi və ərazilərdə neft dağılmalarının ləğvi üzrə zəngin təcrübəsindən faydalanmaq istədiklərini söyləyib, rəhbərlik etdiyi qurumun azərbaycanlı həmkarları ilə təcrübə və kadr mübadiləsində də maraqlı olduğunu bildirib.

Nazir K.Heydərov Azərbaycan FHN-in fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, dost ölkə olan Mərakeşin müvafiq qurumları ilə əməkdaşlığın perspektivlərindən bəhs edib.

Görüşdən sonra nazirlər K.Heydərov və M.Həssa “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında fövqəladə halların idarə olunmasında əməkdaşlığa dair” saziş imzalayıblar.


Müəllif: