Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda apardığı danışıqlar və Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət barədə TASS agentliyinin direktoru Mixail Qusmana müsahibə verib.
Virtualaz.org xəbər verir ki, Lavrov münaqişə ətrafında vəziyyəti nizama salmaq üçün Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsinin və eyni zamanda status məsələsinin həllini tapmasının vacib olduğunu deyib.
“Prezident Putin, ona qədər isə prezident Medvedyev aktiv şəkildə müxtəlif ideyalar irəli sürüblər. Bu ideyalar vəziyyəti Qarabağ ərafındakı rayonların azad edilməsi və eyni zamanda status məsələsinin həll edilməsi yolu ilə nizama salmağı nəzərdə tuturdu. Detallar haqda danışmayacam, ancaq danışıqlar masası üzərində bir neçə variant qalır və biz bunlara ötən gün Azərbaycan prezidenti ilə danışıqlarda toxunduq. Səylərimizi davam etdirəcəyik” - Lavrov bildirib.
Rusiya xarici işlər naziri deyib ki, hərbi əməliyyatların başlamasından sonra Moskva tərəfləri atəşkəsə qaytarmaq üçün intensiv səylər göstərib. Prezident Putin Azərbaycan və Ermənistan rəhbərləri ilə telefon danışığı aparıb. “Baş nazir Dmitri Medvedyev İrəvana, oradan Bakıya səfər edəcək. Və biz Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisləri səviyyəsində döyüş əməliyyatlarının dayandırılması haqda razılaşmanın əldə olunmasına vasitəçilik etdik. Hazırda bu razılaşmaya əsasən riayət olunur. İndi əsas məsələ yeni toqquşmalara imkan verməməkdir” - Lavrov deyib.
Rusiya xarici işlər naziri tərəflərin 3-4 il əvvəl danışıqlarda müzakir olunmuş variantlara qayıtmasının vacibliyini bildirib. Onun sözlərinə görə, həmsədr ölkələrlə birlikdə tərəflərin razılaşdırmağa çalışdıqları konkret addımlar var.“Hesab edirəm ki, indiki situasiya bizim hamımızı ayıldacaq və teziklə bu tədbirləri razılaşdırmağa, həyata keçirməyə məcbur edəcək. Mən bu məsələyə İlham Əliyevlə danışıqlarımızda toxundum. O, belə yanaşmanı dəstəkləyir. Əlbətdə, biz bu addımları ona görə atmırıq ki, status-kvonu saxlayaq. Bunu heç kim istəmir. Ona görə atmaq lazımdır ki, danışıqlar üçün daha münbit atmosfer yaradaq” - Lavrov deyib.