7 Aprel 2016 18:59
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 6-da cəbhədə gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş giziri Rusif İbrahim oğlu Ağayev doğulduğu Lənkəran rayonunun Hirkan qəsəbəsində dəfn olunub.

APA-nın cənub bürosunun məlumatına görə, dəfn mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, onun tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim edilib.


Qeyd edək ki, 1987-ci ildə Lənkəran rayonunun Hirkan qəsəbəsində anadan olan Rusif Ağayev 2005-ci ildə Lənkəran Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könullü olaraq xidmətini davam etdirib. Şəhid gizirin iki övladı var.

Qoşunların təmas xəttində döyüşlərdə şəhid olan Musayev Səbuhi Rəfayıl oğlu bu gün doğulduğu Bərdə rayonunun Mustafaağalı kəndində torpağa tapşırılıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, şəhid S. Musayevin dəfn mərasimində Bərdə rayon İcra Hakimiyyətinin rəsmiləri, həmkəndliləri ilə yanaşı minlərlə rayon sakini və hərbçilər iştirak edib. Azərbaycan Dövlət Himni, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndikdən sonra yaylım atəşi açılıb və şəhid hərbçi torpağa tapşırılıb.

Şəhidin tabutuna örtülən döyüş bayrağı onun atasına təqdim olunub.



***



Cəbhədə ermənilərin hücumunun qarşısını alarkən şəhid olan əsgər, 1996-cı il təvəllüdlü Məmmədov Ülvin Cəmaləddin oğlu bu gün Ağcabədi rayonunda torpağa tapşırılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, əslən Laçın rayonundan olan şəhid Ağcabədi rayonu ərazisində, Laçından olan məcburi köçkünlərin məskunlaşdığı “Taxta körpü” qəsəbəsində salınmış məzarlıqda dəfn olunub. Dəfin mərasimində Laçın, Ağcabədi və Xocavənd rayon icra hakimiyyətlərinin rəsmiləri, millət vəkilləri və Laçın rayon ictimaiyyəti iştirak edib.

Şəhid Bayramov Şulan Bayram oğlu isə bu gün Sumqayıt şəhərində dəfn olunub. Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin rəsmiləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. 1996-cı il təvəllüdlü Ş. Bayramovun ordudan tərxis olunmasına bir neçə gün qalıbmış.


Müəllif:

Oxşar xəbərlər