"Son illər ərzində iqtisadi və siyasi sahələrdə əldə edilən uğurlar onu göstərir ki, biz düzgün yoldayıq. Hər zaman olduğu kimi, birinci rübdə də bizim çox fəal xarici siyasətimiz olmuşdur. Ancaq hesab edirəm ki, biz birinci rübdə daha da fəal işləmişik. Mən birinci rübdə bir çox xarici səfərlərdə olmuşam - həm rəsmi, həm işgüzar səfərlərdə".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zaman deyib.
Dövlət başçısı bildirib: "Davos İqtisadi Forumunda, Münxen Təhlükəsizlik Konfransında, Londonda Suriyaya dəstək konfransında iştirak etmişəm. Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına, Türkiyəyə, Amerika Birləşmiş Ştatlarına səfərlərim olubdur. Bütün bu səfərlərin coğrafiyası özlüyündə bir göstəricidir. Onu göstərir ki, Azərbaycan çox fəal və çoxşaxəli xarici siyasət aparır, bizim dostlarımızın sayı artır. Hətta bir-biri ilə o qədər də yaxın münasibətlərdə olmayan ölkələrlə Azərbaycan çox səmərəli, qarşılıqlı hörmət və maraqlar üzərində iş qurubdur.
Beləliklə, bizə beynəlxalq ictimaiyyət tərəfindən olan inam artır. Azərbaycan çox etibarlı tərəfdaş kimi tanınır və bölgədə sabitləşdirici rol oynayır. Onu da qeyd etməliyəm ki, birinci rübdə Azərbaycana 10 xarici dövlət və hökumət başçısı səfər etmişdir. Onların arasında rəsmi səfərlər olubdur və IV Qlobal Bakı Forumunda iştirak etmək üçün dövlət və hökumət başçıları gəlmişlər.
Bir daha demək istəyirəm ki, bu, bizim uğurlu xarici siyasətimizi göstərir. Bu siyasət davam etdiriləcək. Bir daha qeyd etmək istəyirəm ki, dünya birliyi Azərbaycana böyük hörmətlə və rəğbətlə yanaşır. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl biz BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Bu, o vaxt da bizim üçün təsadüfi deyildi və bu gün də əldə edilən uğurlar bunu bir daha göstərir".
İlham Əliyev vurğulayıb ki, bununla bərabər, yeni regional əməkdaşlıq formatı yaranır, formalaşır: "Azərbaycan-İran-Rusiya regional formatı, xarici işlər nazirləri görüşmüşlər. Ondan bir-iki gün əvvəl İranda Azərbaycan-İran-Türkiyə xarici işlər nazirləri görüşmüşlər. Digər üçtərəfli formatlar var. Azərbaycan-Gürcüstan-Türkiyə formatı var. Yəni, bütün bu üçtərəfli təşəbbüslər regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacibdir. Gördüyünüz kimi, Azərbaycan hər bir formatda iştirak edir".