10 Aprel 2016 15:23
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlik erməniləri düşünməyə vadar edib. Müxtəlif beyin mərkəzləri hadisələri təhlil edərək Ermənistanın uğursuzluğuna haqq qazandırmağa çalışırlar. Lakin Ermənistan Strateji və Milli Araşdırmalar Mərkəzinin direktoru Karapet Kalençiyanın aprelin 10-da “Armenia to day” saytındakı analitik məqaləsini erməni ictimaiyyətinin məğlubiyyəti etiraf etməsi kimi qəbul etmək olar.

Azərtac-ın xəbərinə görə, erməni analitik Azərbaycana şər-böhtan atmaqla bərabər, yazır ki, hərbi əməliyyatlar Ermənistanın nəinki MDB məkanında, həttda Avropada da müttəfiqinin olmadığını, “siyasi cəhətdən mühasirədə qaldığını” göstərdi.

Ermənistan Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının (AŞPA), MDB-nin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İttifaqının üzvü olduğu halda, bu qurumların heç biri rəsmi İrəvanı dəstəkləmədi. Bu azmış kimi, AŞPA-nin sədri Pedro Aqramunt Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini bir daha bəyan etdi. Belarus prezidentinin bəyanatı isə Ermənistan xarici işlər nazirinin əsəblərinə toxundu və bu ölkənin İrəvandakı səfirinə etiraz bildirildi.

İran və Rusiyanı da tənqid edən müəllif qeyd edir ki, dünya çox dəyişib. Lakin Ermənistanın xarici siyasəti 60-cı illərdə olduğu kimi qalıb. Ölkə rəhbərliyini müstəqil siyasət apara bilməməkdə günahlandıran analitikin fikrincə, diplomatlar yaxşı işləsəydilər, müxtəlif dövlələrdən dəstək almaq olardı.

Bir çox məqamlarda həqiqəti etiraf edən analitik burada bərk yanılır. Özünün də dediyi kimi, dünya köklü şəkildə dəyişir. Bu gün əksər dövlətlər terrordan əzıyyət çəkir və terrorizmə qarşı vahid cəbhə yaranır. Belə bir zamanda diplomatların səylərinə baxmayaraq, heç bir dövlət işğaçını dəstəkləyib öz imicinə zərbə vurmaq, terroru öz ərazisinə cəlb etmək istəməz. Azərbaycan diplomatiyası isə ona görə güclüdür ki, ədalət onun tərəfindədir. Ermənistan Azərbaycan torpaqlarını dünyanın gözü qarşısında işğal edib. Təbii ki, bununla nə Azərbaycan dövləti, nə də xalqı barışmayacaq. Bunu artıq Ermənistanda hər kəs, o cümlədən də siyasətçilər başa düşməlidir. Bu həqiqət nə qədər tez başa düşülsə, işğalçı ölkənin özü üçün də bir o qədər yaxşı olar.


Müəllif:

Oxşar xəbərlər