Respublika çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, 2015-2016-cı illərin qış dövründə Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və qismən də dağətəyi zonalarında qar örtüyünün yaranması dekabr ayının əvvəlindən başlayaraq yanvar və fevral aylarının ayrı-ayrı günlərində fasilələrlə davam edib. Bu ilin qış dövründə qarın keçən ilə nisbətən çox yağmasına baxmayaraq, yanvar və fevral aylarının ayrı-ayrı günlərində havanın temperaturunun yüksəlməsi orta dağlıq ərazilərdə qar ehtiyatının tədricən əriyərək azalmasına səbəb olub. Eyni zamanda mart ayında havanın temperaturunun yüksək olması və yağan intensiv yağışlar dağlıq ərazilərdə, qismən də yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsinə və qar örtüyünün azalmasına səbəb olub.
Bu il çay hövzələrində aparılan qarölçmə işlərinin nəticələrinə görə yalnız Böyük Qafqazın şimal-şərq (Quba, Qusar, Xaçmaz) yamacı çaylarının hövzələrinə yağan qar həm çoxillik normadan, həm də keçən il ilə müqayisədə 20 faiz çox, Böyük və Kiçik Qafqazın digər bölgələrinə ilə müqayisədə isə orta hesabla 16 faiz az olub.
Aprel-iyun ayları üçün gursululuq dövrünün proqnozuna əsasən Kür çayından Şəmkir su anbarına axım normanın 61-83, Qanıx çayından Mingəçevir su anbarına axım normanın 63-90, Araz çayından Araz su anbarına axım isə normanın 34-67 faizini təşkil edəcəyi gözlənilir.
Respublikanın dağ çayları üzrə Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 65-95, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında normanın 90-107, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 50-90, Naxçıvan MR çaylarında 30-85, Lənkəran-Astara bölgəsi çaylarında isə 35-85 faizini təşkil edəcəyi gözlənilir.
Bu il qar ehtiyatının normadan əsasən az olmasına, yaz (aprel-may-iyun) yağıntılarının isə normadan əsasən az gözlənilməsinə baxmayaraq gursululuq dövrünün ayrı-ayrı günlərində yağacaq leysan xarakterli yağışlar nəticəsində bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.
İlhamə ƏBÜLFƏT