14 Aprel 2016 14:49
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda öz işinə başlayan Dövlət Başçıları sammiti öncəsi, İƏT tarixində ilk dəfə olaraq İslam Konfransı Gənclər Forumu tərəfindən İƏT Gənclik Zirvəsi təşkil edilib.

Teleqraf.com xəbər verir ki, İƏT üzv ölkələri dövlət başçıları sammitinin tərkib hissəsi olan, İƏT və Türkiyə hökuməti ilə birgə 11-13 tarixlərində İstanbulda keçirilən İƏT Gənclik Zirvəsinin bağlanış mərasimində Azərbaycanla bağlı mühüm dəstək ifadə edilib.

Rəsmi bağlanış mərasimində çıxış edən İKGF sədri Elşad İsgəndərov bildirib ki, Gənclik Zirvə toplantısında 57 İƏT-ə üzv ölkəni və qeyri-müsəlman ölkələrinin aparıcı müsəlman azlıqlarını təmsil edən 200-ə yaxın gənc liderlə yanaşı, 8 ölkənin Gənclər və İdman nazirləri, 6 beynəlxalq təşkilat rəhbəri və dünyanın bir sıra aparıcı elm və ictimai xadimləri, ekspertlər iştirak edib. İki gün davam edən panel və işçi qrup müzakirələri zamanı Gənclik Zirvəsi tərəfindən yaxın illərdə İƏT-in gənclik siyasətinin əsas parametlərini özündə əks etdirən “Gənclik Strategiyası” qəbul olunub.

İKGF sədrinin bildirdiyinə görə həmin prinsip və parametrlər İƏT Gənclik Zirvəsinin “10 ildə 10 hədəf - Deklarasiyası və Təklifləri” adlı yekun sənəd şəklində formalaşdırılaraq sabah öz işinə başlayacaq İƏT Dövlət başçıları sammitinə təqdim olunacaq. Sənədə dövlət başçıları sammiti tərəfindən münasibət bildirildikdən sonra bu təkliflər cari ilin sonunadək qəbul ediləcək İslam Əməkdaşlıq Təşkilatı gənclik siyasəti strategiyasının əsas prinsiplərini təşkil edəcək.

İSESCO baş direktoru Əbdüləziz Tüveyciri İƏT tarixində ilk dəfə olaraq keçirilən İƏT Gənclik Zirvəsinin əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin yekun sənədində gənclərin inkişafı, təhsili və gənclər arasında işsizliyin aradan qaldırılması kimi mühüm problemlərin konkret və yaradıcı həlli təkliflərinin yer aldığını qeyd edib. O, yekun deklarasiyada İƏT gənclik siyasətində Türkiyə və Azərbaycanın xüsusi rolları olmasının qeyd edilməsini də alqışlayaraq bu ölkələrin digər İƏT üzv dövlətlərinə örnək olacaqlarını qeyd edib. Natiq, gənclik zirvəsinin yekun sənədində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan prezidenti İlham Əliyevin gənclərin inkişafı sahəsində təşəbbüslərinin və şəxsi rollarının qeyd olunmasını da yüksək qiymətləndirib.

Bunlardan əlavə, tədbir zamanı, İƏT üzv ölkələrini və beynəlxalq təşkilatları təmsil edən 200-dən artıq gənc lider tərəfindən Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə bağlı atdığı addımlar və haqq mövqeyinə xüsusi dəstək də nümayiş etdirilib. Müzakirələr zamanı Azərbaycanın son günlərdə öz ərazi bütövlüyünün müdafiəsi sahəsində və işğalçı Ermənistan ordusunun təxribatlarına qarşı tutarlı cavab əməliyyatları dəstəkləyib, sosial mediada Azərbaycana dəstəklə bağlı kampaniya təsis edilməsi, bununla bərabər artıq dünyada geniş yayılmış “Xocalıya Ədalət” kampaniyasına da dəstək verilməsi təşəbbüsü irəli sürülərək qəbul edilib. Bu məqsədlə zirvə toplantısının 200-dən artıq gənc iştirakçısı əllərində Azərbaycan bayrağı ilə çəkdirdikləri şəkillərlə #SupportAzerbaijan haştaqlı sosial şəbəkə kampaniyasına start verib.


Müəllif: