17 Aprel 2016 14:50
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədrəddin Quliyev: “Türkiyə itirdiyi mövqeləri geri qaytarır”

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

- Cəbhə bölgəsində baş verən əməliyyatlar barədə cəmiyyətin bütün təbəqələrinin nümayəndələri münasibətini ifadə etdi. Siz bu barədə nə düşünürsüz?
- Azərbaycan xalqının çoxdan gözlədiyi addım atıldı. Buna qədər bütün situasiya, daxili və xarici düşmənlər Azərbaycanın əleyhinə işləyirdi. Sizə deyim ki, 1990-cı ildən bu yana Azərbaycanın ayağa qalxmaması üçün xarici güclər bir çox cəhdlər edirdilər. Məqsəd xalqımızı parçalamaq, sındırmaq, onun qarşısına qoyduğu məqsədlərə çatmasının qarşısını almaq idi. Bizim Dağlıq Qarabağdan başqa 7 rayonumuz işğal ediib, bir milyon qaçqınımız var. 1993-cü ildə Əbülfəz Elçibəylə Süleyman Dəmirəl neft kontraktlarına dair niyyət protokolunu imzaladıqdan sonra Kəlbəcər işğal edildi. Bu işğal açıq şəkildə Azərbaycanın müstəqil addım atmasına qarşı idi. Sonrakı dönəmdə - 1994-1995-ci illərdə də belə addımlara cəhd göstərildi. Daxili və xarici satqınların nəticəsində biz bu qədər ərazilərimizi itirdik, xalqımız çox əziyyət çəkdi. Bəzə heç kəsin köməyi və dəstəyi olmadı. Neft kontraktını imzalamaqla Azərbaycan iqtisadi problemlərini həll etdi, yüksək səviyyədə ordu quruculuğu işinə girişildi, hərbi sənaye kompleksi quruldu. Bu işdə Türkiyə, İsrail və digər ölkələrlə əlaqə yaradıldı. Bu gün hərbi məktəblər, hərbi akademiya fəaliyyət göstərir, müasir hərb sənətinin sirləri öyrədilir, Azərbaycan NATO ilə sülh naminə əməkdaşlıq platformasında işləyir, xaricə sülhməramlı taborlar göndərir. Bir sözlə, Azərbaycan özünə güvənərək yüksək səviyyəli ordu yaradıb. Bütün bunlar ciddi addımlardır. BMT-nin Qarabağla bağlı 4 qətnaməsi var idi, ancaq bu sənədlərin icrası istiqamətində beynəlxalq ictimaiyyət addım atmırdı. Ermənistan isə danışıqlar prosesini maksimum uzatmaq və bundan bəhrələnmək istəyirdi. Erməni tərəfi düşünürdü ki, Azərbaycanda yetişən yeni nəsil var, bu ölkə məcbur olub onların diktə etdiyi şərtlərlə razılaşacaq və yeni nəsil Qarabağı unudacaq. Onlar gözləmirdi ki, bu xalq qısa müddətdə böyük əhval-ruhiyyə ortaya qoysun. Əslində sizə deyim ki, 1813 və 1828-ci il Türkmənçay və Gülüstan müqavilələrindən sonra xalqımızın daxilində hər zaman mübarizə gedirdi. Məsələn, SSRİ zəifləyən kimi bizim xalqımız ayağa qalxaraq öz milli haqları uğrunda mübarizəyə başladı. Və ya hələ çar zamanı, 1905-ci ildə imperiya tərkibində olan müsəlman xalqlarının qurultayı keçirilirdi və əslində milli oyanış müşahidə edildi. 1918-ci ildə cümhuriyyətin qurulması bunun nəticəsi idi. 1920-ci ildə işğal faktından sonra bizim 40 min ziyalımızı, varlı insanlarımızı güllələdilər, Sibrə sürgün etdilər. Amma SSRİ zəifləyən kimi xalqımız yenidən ayağa qalxdı. Bu həqiqətdir ki, bizim ayağa qalxmağımıza imkan verməməyə çalışıldı. Baxın, Bakı şəhəri 1918-ci ilin 15 sentyabrında azad olundu. Ancaq burada kommuna var idi, erməni daşnakları xalqı qırırdı. Nuru paşanın gəlişindən, milli hökumət Bakıya köçəndən sonra nisbətən müəyyən işlər görüldü. Təsəvvür edin ki, o dönəmdə general Tomson həftədə bir dəfə icazə verirdi və bundan sonra milli bayrağımız parlament binası üzərində qaldırılırdı. Amma Həbib Səlimovun rəhbərliyi altında qoşunlar Lənkəranda oldu, cənubda yaranan problemi aradan qaldırdı. Ordumuz Zəngəzurda olan erməni vəhşiliyinin qarşısını aldıqdan sonra Əsgəranda olan ermənilər ağ bayraq qaldırdı. Amma 1920-ci ilin aprel işğalızamanı ermənilər yenidən Dağlıq Qarabağda ayağa qalxdı. Biz müstəqillik əldə etdiyimiz, milli azadlıq hərəkatının getdiyi dönəmdə də Dağlıq Qarbağda erməni məsələsini ortaya atıldı. Müstəqilliyin ilk günlərdə ordumuz Qarbağda müharibə aparanda daxili və xarici düşmənlərimiz fəaliyyətə keçdi, ölkəmizi zəiflətməyə çalışdı. Nəticədə rayonlarımız işğal edildi. Məqsəd Azərbaycanın müstəqil olaraq siyasət aparmasının qarşısını almaq, onu öz təsiri altında saxlamaq idi. Neft müqaviləsinin imzalanması, kəmərlərin çəkilişi, dünyaya açılmağımız bizi bu durumdan çıxardı. Şükürlər osun ki, indi biz iqtisadi əlaqələrimizi qurmuşuq, ordu quruculuğu yüksək səviyyədə aparılıb, xalqımız ordumuza güvənir, güclü müttəfiqlərimiz var. Türk və islam dünyası ilə əlaqələrimiz yüksək səviyyədədir. Beynəlxalq hüquqa hörmət edən bütün ölkələrlə yüksək münasibətlər qurulub. Prezident İlham Əliyev ABŞ-da yüksək səviyyəli görüşlər keçirdi, regionda TAP, TANAP, Bakı-Tiflis-Qars dəmiryolu, Bakı-Astara-İran dəmir yolu çəkilişi kimi nəhəng proseslər aparılır. Başqa sözlə, regionun lider dövləti Azərbaycandır. Belə bir məqamda “bizdə varıq” mesajını düşmənlərimiz ermənini qızışdıraraq üstümüzə saldılar. Amma ordumuz çox cəsarətli, şərəfli bir addım atdı. Təsəvvür edin ki, Ali Baş Komandan Amerikada olduğu zaman ordumuz əməliyyat keçirdi. Xalqımız, ordumuz, millətimiz, generallarımız çox böyük iradə ortaya qoydu. Ermənilər və onların havadarları gözləmədiyi zərbə aldılar. Azərbaycan peşəkar döyüş taktikasını ortaya qoydu. Fikrimcə, bununla hesablaşmaq lazımdır.

- Ordumuzun bu addımı sonrakı gedişatda Azərbaycanı daha güclü tərəf kimi göstərə biləcəkmi?
- Önəmlisi odur ki, bu ərəfədə Azərbaycanda hamı bir nəfər kimi birləşdi. Vahid millət, vahid ordu yanaşması ortaya qoyuldu. Fikrimcə, bundan sonra hərbi, siyasi, iqtisadi, diplomatik baxımdaninkişaf dövrü olacaq. Məsələnin ikinci maraqlı tərəfi odur ki, 1990-1993-cü ildə bizdə olan gərginlik indi Ermənistanda müşahidə olunur. Yaxın dövrdə Ermənistanda hakimiyyət dəyişikliyi, daxili siyasi gərginliklər baş verəcək. Vaxtı ilə Ter Petrosiyan sülh danışıqlarında erməni tərəfini təmsil edirdi, razılığa gəlməyə meylli idi. Hətta o zaman separatçı Qarbağ rejiminin saxta parlamentində qərar qəbul etdirə bilmişdi ki, Dağlıq Qarabağa əvvəlki vilayət statusu verilməsinə etiraz olmasın. Lakin həmin ərəfədə regionda bizi sevməyən qüvvə Ermənistanda hakimiyyət dəyişikliyi etdi, iqtidara özünə daha sadiq siyasətçiləri gətirdi. Lakin indi fərqli zamandır. Azərbaycan islam dünyasında, türk dünyasında, Avropada özünə müttəfiqlər tapıb. Üstəlik Azərbaycan regionun mərkəzi halına gəlir. Bu mənada Azərbaycanla hesablaşmamaq qeyri-mümkündür. Üstəlik qənaətimə görə, Rusiya yaxın gələcəkdə öz maraqlarını əsas götürərək bizim parçalanmış xalq olduğumuzu ifadə etməyə və regionda bu istiqamətdə işləməyə çalışacaq.

- Prezident Putin çıxışlarının birində qonşu İranda 30 milyon azərbaycanlıların yaşadığını ifadə etmişdi...
- Bəli, siz tamamilə haqlısınız. Rusiya dünyanın nəhəng dövlətidir, indiyə qədər Suriyada fəaliyyəti ortada olub, kürd kartı ilə işləyib. Gələcəkdə Rusiya bu regionda daha böyük Azərbaycan məsələsini qabardacaq. Eləcə də onun İranla münasibətlərində gərginlik yaranacaq. Gözləyirəm ki, Rusiya İranda yaşayan köklü xalqlarla da işlər aparsın. Əlbəttə ki, bütün bunlar mənim gəldiyim qənaətlərdir. Əslində biz tarixə istinad etməliyik. Bildiyiniz kimi vaxtı ilə buna oxşar hadisə baş verib. Məsələn, II dünya müharibəsində İranda həm Pişəvərinin başçılığı ilə Milli Demokratik Respublika, həm də Kürdüstan qurulmuşdu. Amma sonra Rusiya İrandan çıxmalı oldu. Tarixdə belə hallar baş verib. İndisə regionun coğrafiyası dəyişir. SSRİ dağıldıqdan sonra Rusiya Avropadan, Baltik dənizi ətrafından çıxmalı oldu. Hazırda Suriya uğrunda mövqelərini qorumağa çalışır. Bu, beynəlxalq və geopolitik prosesdir. Rusiyanın dövlət maraqları tələb edəcək ki, öz ətrafında bufer zona yaradılsın. Yeri gəlmişkən, mən bir məqamı qeyd etmək istərdim. BMT Azərbaycan xalqını parçalanmış xalq olaraq tanıyıb. Rusiyanın, Amerikanın, Türkiyənin, Almaniyanın, İngiltərənin xarici işlər nazirliklərində cənubi Azərbaycan şöbəsi fəaliyyət göstərir. Bunu diqqətə alın. Burada bir çox maraqlar mövcuddur. Bizim üçün ən vacibi turançılıq, türkçülük marağıdır. Açığı, regionda kim Azərbaycanı dəstəkləyəcəksə, onun problemlərinin həllinə ən azı bitərəf qalacaqsa, Azərbaycanda buna müsbət cavab verəcək. Məncə, regionda gedəcək proseslərdə artıq erməni faktoru görsənməyəcək. Bundan sonrakı dövr bizim xalqımızın yüksəliş dövrü başlayır.

- Türkiyədə səfərdə olmuşunuz. Bu ölkədə az qala hər gün terror aktları olur. Bir çox ekspertlər iddia edir ki, Türkiyə vətəndaş müharibəsinə sürüklənir, ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalacaq. Bu kimi halları müşahidə etdinizmi?
- 1923-cü ildə Lozanna sülh müqaviləsində Türkiyənin 100 il müddətinə üzərinə götürdüyü öhdəliklər var. Türkiyənin cənubunda enerji ehtiyatları var və Ankara bundan istifadə etməyib. Əslində sizə deyim ki, Səfəvilərlə Sultan Yavuz arasında baş verən müharibədən sonra Diyarbəkir və digər bölgələrdə olan oğuz türklərini sürgün etdilər. Bu gün Suriyada və İraqda olan türklər oğuz türkləridir. Əvəzində bu ərazilərə erməniləri və kürdləri köçürdülər. İndi 500 il keçdikdən sonra tarix təkrar olunur. Hazırda Türkiyəyə qarşı böyük bir separatizm var. Türkiyəni sevməyən qüvvələr PKK-ya dəstək ifadə edir və s. Amma hər kəs bir şeyin fərqində olmalıdır. Türkiyə “Yaxın Şərq” projesinin içindədir. Bu projedə istinad edilən ən önəmli oyunçulardan biri isə Türkiyənin prezidentidir. Türkiyə daxilində bütün sistem Ərdoğana bağlıdır. Çünki Amerikanın regionda əsas müttəfiqi Türkiyədir. Bu regionda nə baş veribsə, Türkiyə bu işlərin içində olub. Türkiyə Osmanlı dövründə itirdiyi mövqeləri indi geri qaytarır. Mən Balkanlarda və Yaxın Şərqdə itirilən mövqeləri nəzərdə tuturam. Hətta bura Orta Asiya və Qafqazı da aid edərdim. Sonuncu xəlifə bu ölkədən olub. Bu saat xəlifənin möhürü Türkiyənin əlindədir. Əgər əsrin əvvəlində Türkiyəyə qarşı ermənilər separatçılıq edirdisə, indi bu işi kürdlərin müəyyən təşkilatları həyata keçirir. Türkiyəyə qarşı separatçılıq edənlər isə bu ölkədə yaşaya bilməz. Separatçılığın baş qaldırdığı ərazilərdə işlər aparılır. Fikrimcə, Suriyadan gələn türkmənlərə bu ərazilərdə yaşamaq hüququ veriləcək və bu bölgə stabil bölgəyə çevriləcək. Məncə, kürd kartı oynamadığı üçün başqa kartlar ortaya atıla bilər. Hazırda Türkiyə ordusu və hakimiyyəti vəziyyətə nəzarət edir.

- Makedoniyada müxalifət aksiyalar keçirir. Bu ölkədə 100 minə qədər türk yaşayır və sizin onlarla müəyyən əlaqələriniz mövcuddur. Türklər bu prosesdə hansı formada iştirak edir?
- Makedoniya Türk Hərəkat Partiyasından olan millət vəkili Enis İbrahimlə dostluq əlaqələrimiz var. Onların təmsil olunduğu sosial demokrat koalisiyası mövcuddur. Bu koalisiya Makedoniya hakimiyyətinə əsas müxalifətdədir və bir müddət parlamentdə iştirak etmək istəmirdilər. Bu ölkədə əsasən Almaniyanın nüfuzu var. Bu yaxınlarda Makedoniyada seçkilər keçiriləcək. Sadəcə olaraq bu ölkədə 15-ə yaxın məmur siyasi proseslərdən uzaqlaşdırılmış, bəzilərinə cinayət işi açılmışdı. Bu yaxınlarda onlara bəraət verildi. İndi Makedoniyada hökumət evinin və parlamentin önündə aksiyalar təşkil edilir, hökumətin və prezidentin istefasını tələb edirlər. Biz arzu edərdik ki, Makedoniyada seçkilərdə bizim müttəfiq partiyamız uğur əldə etsin. Biz Enis İbrahimlə daima əlaqə saxlayır və vəziyyətlə tanış oluruq. Yəqin yaxın günlərdə bununla bağlı bir aydınlaşma olacaq.

- Hazırda İraq türkmənləri də arzu edilən durumda deyil. Türkmənlərin tarixi torpaqları İŞİD qüvvələrinin nəzarətindədir. Bu günlərdə xəbər yayıldı ki, İraq hökuməti türkmənlərin ərazilərini azad etmək məqsədilə hərbi əməliyyatlara başlayaraq Mosulu azad etmək niyyətindədir...

- Bizim cəbhədə əməliyyat gedən zaman İraq türkmənlərinin lideri Turxan Müftioğlu bizimlə əlaqə saxlayaraq, vəziyyətlə maraqlandı. Hazırda Müftioğlu İraq prezidentinin köməkçisi və aparatın rəhbəridir. Türkmənlərin strateji yeri Mosuldur və İŞİD tərəfindən tutulmuşdu. İndi bir tərəfdən İraq hökuməti, bir tərəfdən də Şimali İraq Kürd Muxtariyyəti bu ərazini İŞİD-dən azad etmək istəyirdi. Bir zamanlar Türkiyə burada müəyyən işlər həyata keçirmək istədi. Amma sünni və şiə faktoru buna ciddi maneə oldu. Hazırda Mosul ətrafında bəzi yerlər İŞİD-dən təmizlənib. Məsələ ondadır ki, bu ərazilərin sahibi türkmənlərdir. Ancaq onlar faktiki sahibsiz və dəstəksiz qalıb. Əlbəttə, türkmənlərin özlərinin özünümüdafiə dəstələri var. Əsasən Türkmən Xalq Partiyası İraq hakimiyyətində təmsil olunur və ölkənin bütövlüyü ideyasını müdafiə edirlər. Hesab edirlər ki, bu formada daha güclü ola və gələcəkdə itirilən torpaqları əldə edə bilərlər. Türkmən torpaqlarının bir hissəsi kürdlərin nəzarətindədir. Türkmənlər İraqın bütövlüyünün saxlanılması ilə mövqelərini gücləndirmək xəttini daha məqbul hesab edirlər. Ancaq reallıq odur ki, nə türk dünyası, nə də islam dünyası türkmənlərə lazımi dəstək verə bildi. Çünki bu proseslərə hazır deyildilər. Bu mənada türkmənlər ümidlərini mərkəzi İraq hakimiyyətinə bağlayıb. Ancaq onlara informasiya baxımından dəstək olmaq lazımdır. O da aydındır ki, hansı xalqın strateji hədəfi varsa, özünü qorumaq istəyirsə, hökmən öz hədəfinə çatır. Milli mücadilə aparan xalq özünə güvənməli, öz taleyini özü həll etməlidir.

Cavid


Müəllif:

Oxşar xəbərlər