18 Aprel 2016 13:13
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 16-da başlayan leysan xarakterli yağış Lerik rayonunun Təbrizli kəndindəki körpünü tamamilə yarasız vəziyyətə salıb.

Bu barədə bu gün Teleqraf.com-a Lerik rayonu icra hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib.

Habil Məlikovun sözlərinə görə, yağan yağış əsasən Əliyabad, Vizəzəmən, Şingədulan kəndlərinin ərazisində yaşayan sakinlərə ziyan vurub: “20-ə yaxın fərdi yaşayış evinə ziyan dəyib, 50-yə yaxın vətəndaşın xırda buynuzlu mal-qarasını sel aparıb.

Kəndlərin əkin sahələrinə də ziyan dəyib”.

İcra başçısının müavini qeyd edib ki, onlara ayrı-ayrı vətəndaşlar müraciətlər edir: “10-a yaxın çay üzərindən piyada keçidlərini sel aparıb. Vətəndaşlar alternativ yollardan istifadə edirlər”.

Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüldüyünü deyən Habil Məlikov bildirib ki, dəymiş ziyan hesablanır: “Dünəndən təmir işlərinə start verilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin cənub regional mərkəzi əməkdaşları əraziyə işlər aparır. Qeyd edim ki, Lənkəran-Lerik Turizm obyektərinə də ciddi ziyan dəyib”.

Qeyd edək ki, Lerik rayonuna düşən yağış son 10 ilin ən güclü yağıntısı hesab olunur.

İlhamə Əbülfət


Müəllif: