"BakuBus" avtobuslarında "Wi-Fi"ın quraşdırılması ilə bağlı şirkətlər tərəfindən verilən təkliflər hazırda dəyərləndirilir.
Bunu "BakuBus" MMC-nin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
N.Allahyarova bildirib ki, əslində BakuBus avtobuslarında "WiFi"ın quraşdırılması ilə bağlı heç bir problem yoxdur: "Sadəcə olaraq, sistem işə düşdükdən sonra problem olmasını istəmirik. Ona görə də tenderdə bizə ən uğurlu təklif verən şirkətlə danışıqlar aparmaq istəyirik. Bununla bağlı bizə verilən təkliflər çoxdur. Biz elə bir təklifi qəbul etmək istəyirik ki, sistem işə düşdükdən sonra boşluq olmadan işləsin. Yəni, sərnişin bizə müraciət edərək hər dəfə "WiFi"ın tutmadığını, problem yaşandığını bildirməsin. Ona görə də hazırda təklifləri qiymətləndiririk".
N.Allahyarova qeyd edib ki, bu ilin sonuna qədər "BakuBus" avtobuslarında "WiFi" məsələsi öz həllini tapacaq.(Trend.az)