Türkiyədə yaşayan və “Ayna-Zerkalo” qəzetinin həbs olunan əməkdaşı Rauf Mirqədirovla bağlı xəbəri ilk yayan azərbaycanlı jurnalist Şeyda Nəsibli özünün facebook səhifəsində maraqlı status paylaşıb.
Teleqraf.com-un məlumatına görə, R.Mirqədirovun deportasiyası barədə ilk xəbər verən Ş.Nəsibli yazır: “Aşağıda məni düşündürən bir neçə sual verəcəyəm. Suallar:
1. Rauf Mirqədirovun mətbuat vizası 8 apreldə ləğv edildi. 18 aprelə qədər Ankarada qaldı. Təhlükəsizlik daxil, bir çox dövlət bölmələrində oldu. Amma Türk dövləti onu həbs etmədi. Səssizcə ölkədən çıxmasını gözlədi. R.Mirqədirov maddi çətinlikdən və təhlükə yaratdığı üçün Azərbaycana deyil, Gürcüstana gedib turistik viza alıb geri gəlməyi planlaşdırırdı. Onun Azərbaycana deyil, Gürcüstana getdiyini çox az sayda azərbaycanlı bilirdi. Türkiyədə yaşayan hansı azərbaycanlı Türk polisini arayıb R.Mirqədirovu satdı?
2. Ayın neçəsində, saat neçədə hansı firma ilə haraya gedəcəyini 18 apreldə gecə telefonla təkrar arayıb xəbərçilik edən azərbaycanlı kimdir?
3. Ailəsi kimdən şübhələnir?
4. Ailəsinin adına Azərbaycanda bəzi şəxsləri arayıb para istəyən azərbaycanlı kimdir?"