25 Aprel 2016 15:18
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 25-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində “Harmonik sistem 2017-yə dəyişikliklər” üzrə Ümumdünya Gömrük Təşkilatının Regional Seminarı öz işinə başlayıb.

Teleqraf.com-un məlumatına görə, 19 ölkənin gömrük xidmətləri nümayəndələrinin qatıldığı seminar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Ümumdünya Gömrük Təşkilatı və Koreya Gömrük Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə keçirilir.

Seminarın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev coğrafi baxımdan müxtəlif mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşməsinin , Şimal-Cənub , Şərq-Qərb arasında körpü rolu oynamasının Azərbaycanın inkişafı üçün münbit şərait yaratdığını qeyd edib. O, tarixi İpək Yolunun ölkəmizdən keçməsinin beynəlxalq ticarətdə intensiv əlaqələr qurulmasına və müasir gömrük sisteminin formalaşmasına önəmli töhfə verdiyini vurğulayıb.

Komitə rəsmisi Harmonik sistemin ilk növbədə xarici ticarətin asanlaşdırılması və inkişafında mühüm rol oynadığını, bu sahədə tərəflərin öz bilik və təcrübələrinin bölüşməsinin ümumi işə töhfə verəcəyini vurğulayaraq tədbir iştirakçılarına məhsuldar iş arzulayıb.

Daha sonra Ümumdünya Gömrük Təşkilatının nümayəndəsi Yara Novis, Koreya Gömrük xidmətinin nümayəndəsi Yeon Ho Kang və Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin nümayəndəsi Aydın İmaşev müzakirə olunacaq məsələlər və seminarın gömrük işinin səmərəli təşkilində rolu barədə fikirlərini iştirakçılarla bölüşüblər.

4 gün davam edəcək seminarda mütəxəssislər ÜGT və onun missiyası, ÜGT-nin Strateji Planı, ÜGT-nin Gəlirlər Paketi, Harmonik Sistem haqqında Konvensiya, Harmonik Sistemlə əlaqədar Komitələr və Harmonik Sistemin yenilənməsində onların rolu, Harmonik Sistem 2017 istifadəçilərinə kömək etmək üçün Harmonik Sistem alətləri,Harmonik Sistem 2017-yə Dəyişikliklər haqqında ümumi məlumat və digər məsələlər barədə iştirakçılara məlumat verəcək.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər