26 Aprel 2016 16:14
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMTSivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Bakı Bəyannaməsi qəbul olunub.


Bu barədə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser bildirib.

Malta Respublikasının prezidenti Marie Louise Coleiro Preca Bakı Bəyannaməsində sülh təşəbbüslərinin də əksini tapdığını bildirib: “Arzularımıza çatmaq üçün insan hüquq və azadlıqlarını, həmrəyliyi qorumaq, sülh mədəniyyətinə yiyələnmək lazımdır. İnsanlar artan bərabərsizlikdən narahatdırlar. Qorxu nifaq toxumu səpməkdədir. Biz sosial inklüzivliyi əlimizdə bayraq etməliyik. Bakı Bəyannaməsi hamı üçün ədalət və bərabərlik prinsiplərini təbliğ edəcək”.

***

“Hər zaman Bakıda, küləklər şəhərində olmaq bizi şad edir. Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin beşiyi olub. Baxmayaraq ki, torpaqlarının 20 faizi işğal edilib, Azərbaycan xalqı heç vaxt sülh şəraitində yaşamaq mədəniyyətini itirməyib. İnanırıq ki, Azəraycanın ərazi bütövlüyü, suverenliyi bərpa ediləcək”.


Bunu bu gün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu bildirib ki, ayrı-seçkilik, islamofobiya, ksenofobiya dünyanı ağuşuna alıb: “Bunlar ümumbəşəri dəyərlərimizi təhlükə altında qoyur. İŞİD, PKK, “Əl-Qaidə” kimi terror təşkilatları həssas qruplardan öz maraqları üçün istifadə etməyə çalışır. O terror təşkilatlarının heç bir fərqi yoxdur. ABŞ-da bəzi prezidentliyə namizədlər narazılıq doğuran çıxışlar edirlər. Biz ümumi parlaq gələcək üçün tədbirlər görməliyik. Sivilizasiyalar Alyansı bu istiqamətdə mühüm platformadır. Vətəndaş cəmiyyəti də bu sahədə mühüm institutlardır. Avropa Şurası Parlament Assambleyası da mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər”.

Nazir qeyd edib ki, Türkiyə Alyansın həmtəsisçisi olaraq qarşıya qoyulan hədəflərə çatılacağına inanır.

(APA)

****

“Bu forumun Bakıda keçirilməsi məntiqi qərardır. Azərbaycanda bu istiqamətdə hər bir şərait yaradılıb".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Dini rəhbərlər və zorakı ekstremizim: önləyici tədbirlərlə bağlı çətinliklər” mövzusu ilə bağlı keçirilən panel iclasında deyib.

A.Paşazadə bildirib ki, Azərbaycanda əsrlər boyu ayrı-ayrı dini inanclı insanlar sərbəst, sülh şəraitində yaşayıb, indi də belədir: “İslam adından siyasi məqsədlər üçün istifadə edilməyə cəhdlər edilir. Pakistanda, Türkiyədə və başqa ölkələrdə törədilən terror aktları bizi ciddi narahat edir. İslamafobiyanın qarşısının alınması ilə bağlı dövlət rəhbərlərinin gördüyü işlər təqdir olunmalıdır. Ermənilər Azərbaycan ərazilərini işğal edib, ərazilərimizdə soyqırımlar törədilib, tarixi abidələrimizi dağıdıblar. Biz münaqişənin həll edilməsinə çalışırıq. Azərbaycanda daxili sabitlik güclü olduğundan, bu istiqamətdə ciddi işlər apara bilərik. Biz bu problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışırıq”.

Onun sözlərinə görə, Azərbaycanda dini icmaların istəklərinə qayğı ilə yanaşırlar: “Azərbaycan nadir ölkələrdəndir ki, burada İslam dininə məxsus ayrı-ayrı təriqətlərə məxsus insanlar birgə namaz qılırlar. Azərbaycan tolerant ölkədir. Ona görə müxtəlif xalqların nümayəndələri burada sərbəst yaşayırlar. Ölkədə müstəqillik əldə edildikdən sonra xeyli məscid tikilib, bu işlər davam etdirilir”. ("Report")

***

“Biz zorakı ekstremizmin dərin köklərini bəzən gözdən qaçırmış oluruq”.


Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda BMT Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən “Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar” adlı panel müzakirələrində deyib.

Nazir bildirib ki, bu hallarla mübarizə üçün bəzi beynəlxalq təşkilatların yaxşı strategiyası var: “Amma bəzən yaxşı strategiyanın pis nəticəsini görürük. Azərbaycan da 20 ildən çoxdur zorakı ekstremizmlə üzləşib. Həll olunmamış münaqişə zorakı ekstremizm üçün münbit şərait yaradır. Beynəlxalq ictimaiyyət vaxtında bizi dinləsəydi, qətiyyətli addımlar sayəsində daha yaxşı yerdə ola bilərdik. Amma hələ də gec deyil. Biz əməkdaşlıq etməliyik. Beynəlxalq təşkilatlar arasında əməkdaşlıq olmalıdır. Azərbaycan son illər gördüyü işlər nəticəsində ölkənin ümumi inkişafına nail olub. Biz yeni müstəqil olmuş ölkə kimi zorakı ekstremizmlə mübarizə aparmaqdayıq”. ("APA")

***

“Qədim mədəniyyətlərin və xalqların birgə yaşadığı Azərbaycandayıq. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu il Azərbaycanda "Multikulturalizm ili" elan edib".


Bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansı ilə bağlı təşəbbüsünü 11 il əvvəl Türkiyə İspaniya ilə birlikdə irəli sürüb: "Günümüzdə 140-dan çox ölkə bu təşəbbüsə dəstək verir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser rəhbərliyi ilə bu işlər görülür. Tolerantlıq və dialoq hədəflərimizə dəstək verən bütün dost ölkələrə təşəkkür edirəm. Ancaq hələ də Alyansın hədəflərinə çatmaqdan çox uzağıq. İnsanların inancları, etnik mənsubiyyəti ilə bağlı ayrımçı düşüncələri hələ tam ortadan qaldıra, terrorizmə qarşı bizdən gözlənilən ortaq mücadiləni yetərli qədər ortaya qoya bilməmişik. Suriyada, Fransada, Belçikada, İspaniyada, Türkiyədə, Pakistanda ard-arda bombalar parlayarkən məqsədimizi ortaq fikrə, ideyaya çevirməyi bacarmadıq. Zorakılığın qarşısının alınması üçün dialoqu inkişaf etdirməyin zəruriliyini bütün dünyaya qəbul etdirə bilməmişik. Etnik və dini fərqliliyin təhdid deyil, zənginlik olduğu barədə anlayışı yaymağı bacarmamışıq”.

Ərdoğan qeyd edib ki, bu təhlükəli gedişə son vermək zəruridir: “Dini və etnik səbəblərlə qarşıdurmalar nəticəsində 60 milyondan çox insanın evindən didərgin düşdüyü reallıqda yaşayırıq. Miqrantların bir qismi sulara gömülür, bir qismi isə getdikləri yerlərdə xoş qarşılanmır. İslam adına terror törədənlər ən böyük pisliyi müsəlmanlara qarşı törədirlər. Bu terror təşkilatlarının əli ilə qədim şəhərlər xarabalığa çevrilir, mədəniyyətlər məhv olur. Qərb ölkələrində bu səbəbdən müsəlmanlara mənfi baxış artır. Fərqli mədəniyyətə, dinə malik insanlar arasında uçurumların dərinləşməsi daha böyük fəlakətlərə aparır. Terrorun, terror təşkilatlarının dini, bölgəsi yoxdur. Məsum insanların həyatına qəsd etməyi heç bir din, vicdan qəbul etməz. Xüsusən, İslam mahiyyətcə sülh dinidir. Belə bir din terrora dəstək verərmi? Bizim dində terrora yer yoxdur. İŞİD və digər terror təşkilatlarının İslamla heç bir əlaqəsi yoxdur. Ölənin Allahu-Əkbər, öldürənin də Allahu-Əkbər dediyi bir anlayış ola bilərmi?! Mədəniyyətlərarası İttifaq, ortaq səylərimizlə bu təhdidlərin qarşısını ala bilərik. İlk növbədə, məzhəbçiliyə qarşı mübarizə aparmalıyıq. İkincisi, irqçilik çox ciddi təhdid olaraq terrora zəmin yaradır. Məzhəbçilyə və irqçiliyə qarşı orta mübarizə apara bilməsək, terrorla uğurla mübarizə apara bilmərik. Bütün irqlərin nümayəndələrinə insan kimi baxmalı və qəbul etməliyik”.

Türkiyə prezidenti qeyd edib ki, terrora qarşı qlobal ittifaq yaradılmalıdır: “Qlobal ittifaq yarada bilməsək, terrorla uğurla mübarizə apara bilmərik. Suriyada terrorla başlayan proses daxili savaşa çevrilib. Suriyada əsl dövlət terroru var, insanları bombalayırlar. Suriyada dövlət terroruna yol verənlərin ayaqları altına qırmızı xalça sərənlər, onlara maddi yardım edənlər, silahlar verənlər məsuliyyət daşıyırlar. Egey və Aralıq dənizində ölümdən qurtardığımız insanların sayı yüz minə çatıb. Sadəcə, Suriya və İraqdan 3 milyona qədər insan Türkiyədədir. Gəlib bizə təşəkkür edirlər. Ancaq bal-bal deməklə ağız şirin olmaz. İndiyə qədər bu qaçqınlar üçün Türkiyə dövlət olaraq 10 milyard dollar xərcləyib. Bura vətəndaş cəmiyyəti qurumlarının xərclədiyi vəsait daxil deyil. Biz yenə də sərhədlərimizi bombalardan qaçan insanların üzünə bağlamayacağıq”. ("APA")

***

“Yeni nəsillərə daha gözəl gələcək qoymaq üçün səsimizi indidən yüksəltməliyik. Bu Forumda iki gün ərzində veriləcək mesaj çox önəmlidir. Bu gün məsumların gözü Bakıdadır, burada qəbul ediləcək Bəyannaməni gözləyirlər”.


Bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

Türkiyə prezidenti deyib ki, Foruma qatılan dini və siyasi liderlərin üzərinə düşən vəzifələr var: “Sivilizasiyalar Alyansının birgə yaşayış hədəflərinə nail olacağını həm məsumlara, həm də zalımlara gur səslə çatdırmalıyıq. Mədəniyyətlər İttifaqı ilə bağlı maddi və siyasi dəstəyimizin davam edəcəyini bəyan etməliyik. Mən bu istiqamətdə Foruma uğurlar arzulayıram ”. ("APA")

***

“Bəzi səbəblərə görə tədbirdə iştirak edə bilmədim. Hər birinizi salamlayıram”.

Bunu BMT-nin baş katibi Pan Gi Mun Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində video-çıxışında deyib.

O bildirib ki, belə tədbirlərin keçirilməsində məqsəd ayrı-seçkiliyin qarşısını almaqdır: “Ayrı-seçkilik yalnız və yalnız ekstremistlərin maraqlarına xidmət edir. Biz heç kəsi diqqətdən kənar qoymamalıyıq. Növbəti ay həssas məsələlərdən birinə toxunacağıq. Türkiyənin İstanbul şəhərində humanitar böhranla bağlı tədbir keçiriləcək. Hər birinizi ora dəvət edirik”.

Baş katib qeyd edib ki, BMT dünyada sülhün bərqərar olmasına çalışır: “Bütün insanlara diqqət göstərilməlidir. Gənc innovatorlara dəstək verməliyik. Jurnalistləri də bu işdə aktiv olmağa çağırırıq”. (“Report”)

***

“Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüslərini yüksək dəyərləndiririk”.

Bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser deyib.

Ali nümayəndə bildirib ki, Alyans qütbləşmənin qarşısını almaqla daha təhlükəsiz dünyanın qurulmasına töhfə vermək üçün qurulmuş mexanizm rolunu oynayır: “Bu ilin mövzusu inklüziv cəmiyyətlərdə birgə yaşama, çağırış və məqsəd mövzusudur. Davamlı inkişaf naminə sülhsevər və inklüziv cəmiyyətlər təşviq edilməlidir. Davamlı inkişaf sülh və təhlükəsizlik olmadan həyata keçirilə bilməz. Gender bərabərsizliyi, gənclər arasında işsizlik insanları radikallığa sürükləyir. Təhlükəsizlik məsələlərinə birtərəfli diqqət nəticə vermir.

Biz zorakı ekstremizm səbəblərinin aradan qaldırılmasına xüsusi diqqət yetirməliyik. Bir çox gənc ona görə ekstremizmə qoşulur ki, layiqli həyatdan məhrumdur. Biz daha yaxşı həyat düşüncəsinə dəstək olmalıyıq. Gənclərin səsi siyasi qərarların qəbul edilməsində eşidilməlidir. Gənclər inklüziv cəmiyyətlərin qurulmasında mühüm elementdir. Bütün bunların hamısı BMT-nin Sivilizasiyalar Alyansının mandatına daxildir. Biz BMT-nin digər qurumları ilə birlikdə zorakı ekstremizmə qarşı proqramın hazırlanmasında iştirak etmişik. Din və təhsil məsələlərinə bu aspektdə xüsusi diqqət yetiriləcək”.

Nassir Abdulaziz Al-Nasser bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının proqramları tolerantlıq və multikulturalizmi təbliğ edir: “Biz ədavət və etimadsızlığın təbliğinə qarşı çıxmalıyıq. Miqrantlar terrorçu təşkilatlar tərəfindən böyük risklə üzləşiblər. Miqrantlara fərqli münasibət olmamalıdır. Bütün bunlar son 10 ildə əldə edilmiş nailiyyətləri təhlükə altında qoyur. Səylərimizi artırmalıyıq, heç kim bu işdən kənarda qalmamalıdır. Sülhə aparan yol insanların qəlbindən keçir. Ümid edirik ki, bu Alyans insanların beyninə və qəlbinə yol açacaq ”. ("APA")

***

“İşğala baxmayaraq, Azərbaycan inkişaf edir. 2014-cü ilə qədər Azərbaycan dünyada ən sürətli inkişaf edən ölkələrdən biri olub”.

Bunu da Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı xatırladıb ki, Azərbaycanda qadınlar əsrin əvvəlində səsvermə hüququ qazanıblar: “Azərbaycan zəngin enerji resurslarına malikdir, lakin əsas məqsədimiz “qara qızıl”ı insan kapitalına çevirməkdir. İslahatların aparılması göstərir ki, iqtisadiyyatımız şaxələndirilmiş iqtisadiyyatdır, neft və qazdan asılılığımız azalır”.

Prezident Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb: “Şərq-Qərb nəqliyyat dəhlizi yeni bir İpək Yolu olacaq. Azərbaycan Şimal-Cənub dəhlizinin yaradılmasında da aktiv iştirak edir. Əgər ölkələr qarşılıqlı əlaqədədirsə, daha çox inkişaf edirlər. Biz daha yaxşı əməkdaşlıq formalarının yaranması istiqamətində çalışırıq. Multikulturalizm, tolerantlıq region xalqlarının həyatını daha da yaxşılaşdıracaq”.

***

“Azərbaycanın müstəqillik illərində ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub”.

Bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, müxtəlif məlumatlarda, o cümlədən ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatında işğal altında olan ərazilərdə mədəni və dini abidələrin dağıdıldığı əksini tapıb: “Ancaq Azərbaycanda erməni kilsəsi bərpa olunub. Beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir. Amma Ermənistan bu qətnamələrə məhəl qoymur. Bəzi hallarda görürük ki, BMT qətnamələri bir neçə saat, bir gün ərzində həyata keçirilir. Azərbaycana gəlincə, 20 ildən artıqdır, bu qətnamələr yerinə yetirilmir. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da belə qərarlar qəbul edib. Ancaq Ermənistan bunlara əməl etmir, işğalçıya heç bir beynəlxalq təzyiq də göstərilmir”.

Prezident İlham Əliyev bildirib ki, Xocalıda qətliam törədilib, 600-dan çox uşaq, qadın və qoca qətlə yetirilib: “Münaqişənin həlli ərazi bütövlüyünə, Helsinki Yekun Aktına əsaslanmalıdır".

Dövlət başçısı Azərbaycan ərazilərinin işğaldan azad olunacağını bəyan edib.

Prezident onu da bildirib ki, 1988-ci ildən yüz minlərlə azərbaycanlı Ermənistandan qaçqın, 700 mindən çox azərbaycanlı isə Qarabağdan köçkün düşüb: “Azərbayanın o dövrdə cəmi 8 milyon əhalisi vardı. O dövrdə ən yoxsul ölkələrdən biri idik. Biz qaçqın və məcburi köçkünlər üçün 90-dan çox qəsəbə salmışıq, bu işlər davam edir. Lakin o insanların bir qismi hələ də yataqxanalarda, şəraitsiz yerlərdə yaşayır". ("APA")

***

“Forumun Bakıda keçirilməsini yüksək dəyərləndiririk, bu, bizim işimizə verilən qiymətdir”.


Bu sözləri Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

O bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının yaradılması Türkiyə və İspaniyanın təşəbbüsü olub: “Azərbaycan əsərlər boyu mədəniyyətlər və dinlərin kəsişməsində yerləşib. Əsrlər boyu dinlər, mədəniyyətlər Azərbaycanda inkişaf edib. Azərbaycanda hər zaman tolerantlıq, multikulturalizm mövcud olub. Ona görə də Azərbaycanda bütün etnik qruplar və dinlər bir arada yaşayır, yaradırlar. Bu, zənginliyimizdir, biz tariximizlə fərəhlənirik. Müxtəlif mədəniyyətlərin nümayəndələri Azərbaycanda yaşayıb, yaradıblar. Azərbaycanda ən qədim kilsələr, alban kilsələri, o cümlədən Şamaxıda ilk məscidlərdən biri yerləşir. Biz sinaqoqların bərpası ilə məşğul olmuşuq. Azərbaycan əsrlər boyu bu zənginlikləri qoruyub saxlayıb”.

Prezident İlham Əliyev müasir Azərbaycanın 25 illik müstəqillik tarixi olduğunu xatırladıb: “Ancaq ölkə kimi tariximiz qədimdir. Multikulturalizm Azərbaycanın dövlət siyasətidir, son illər bir çox tədbirlər Azərbaycanda təşkil olunub. Bütün bunların məqsədi müxtəlif dinlər arasında dialoq qurmaqdır. Bu gün bu mövzu qlobal gündəlikdə duran ən mühüm mövzulardan biridir. Əfsuslar olsun ki, biz keçmiş SSRİ və Avropa ərazisində bəzi narahatlıq doğuran məsələləri müşahidə edirik, toqquşmalarda təəssüf ki, dini səbəblər də görürük”.

Dövlət başçısı qeyd edib ki, 2008-ci ildə Bakı prosesinin yaradılması təşəbbüsü irəli sürülüb: “Azərbaycan yeganə ölkələrdəndir ki, 2008-ci ildə İslam Əməkdaşlıq Təşkilatı üzvləri və Avropa dövlətlərini bir yerə toplayıb. Bakı prosesi genişlənir, qlobal təşəbbüsə çevrilir, sülh və mədəniyyətlərarası dialoqa xidmət edir”. ("APA")

***

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilir. Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edir.


Forumda, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Malta Prezidenti Mariya Luiza Koleyro, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Belarus Respublikası Milli Məclisinin sədri Mixayil Myasnikoviç, Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jormart Tokayev və digər yüksək vəzifəli şəxslər iştirak edirlər.

Forumun iş günləri ərzində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır. BMT-nin Sivilizasiyalar Alyansı Qlobal Forumunun yüksək səviyyəli iclasının yekunları üzrə Bakı bəyannaməsi qəbul ediləcək.

Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Qlobal forumun ilk günündə Gənclər forumu keçirilib.


Müəllif:

Oxşar xəbərlər