Ötən gecə ermənilər iriçaplı silahlar və ağır artilleriyadan Tərtər şəhərini atəşə tutub.
Teleqraf.com-un xəbərinə görə, eləcə də təmas xəttinə yaxın Qapanlı, Qarağacı və Yuxarı Qaradağlı kəndlərinə xeyli mərmi atılıb. Cəbhə xəttindən aralı olan Azadqaraqoyunlu və Köçərli kəndləri, o cümlədən şəhər mərkəzi də mərmi atəşinə tutulub. Partlayışlar zamanı evlərə, elektirik və qaz xəttlərinə ciddi ziyan dəyib. Mərmilərdən biri Qarağacı kəndində əsas küçəyə, digəri isə kənd sakinlərindən birinin evinin yaxınlığından keçən su arxına düşüb.
Qarağacı kənd sakini İbrahim Məmmədovun sözlərinə görə, ətraf ərazilərə də xeyli mərmi atılıb: "Biri yol ayrıcına, üçü boş ərazilərə düşüb. Kəndin girişinə, məktəbin həyətinə də mərmi atılıb. Hələ ki bildiyimiz bunlardır".
Rayon mərkəzi də ermənilərin əsas hədəfində olub. Atılan mərmilərdən biri Tərtər şəhəri, Teymur Rəhimov küçəsində yaşayan Adilə Mirzəyevaya məxsus 6 saylı evin həyətinə düşüb.
Partlayış zamanı mərmilər evin divarlarını dağıdıb. Düşmənin əhali arasında xof yaratmaq cəhdi isə tərtərliləri narahat etmir
"Ermənilər bilsin ki, biz heç nədən qorxmuruq. Torpaqlarımızı da alacağıq. Yaxşısı budur, özləri öz xoşları ilə çıxıb", - bunu Qarağacı kənd sakini Ramiz Məmmədov dedi.
Bir neçə saat ərzində yaşayış məntəqələrinə atılan mərmilərin partlaması nəticəsində xoşbəxtlikdən insan tələfatı qeydə alınmayıb.
Xalid Salmanbəyli