26 Aprel 2016 19:16
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan rəhbərliyinin bəyanatı məntiqsizdir.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov bildirib: "Bir tərəfdən bəyan edirlər ki, münaqişə yalnız sülh yolu ilə həll edilə bilər, digər tərəfdən danışıqlar prosesindən imtina etdiklərini bildirirlər. Bu o deməkdir ki, Ermənistan rəhbərliyi münaqişənin hərb yolu ilə həlli variantını seçir? Ermənistan rəhbərliyinin məntiqini başa düşmək olmur".

Nazir son dörd ildə Qarabağ danışıqlarında normal müzakirələr olmadığını bildirib: "Azərbaycan hər dəfə bəyan edir ki, işğal olmuş torpaqlarda erməni hərbi birləşmələri var. Bu birləşmələr həmin ərazilərdən çıxmalıdır. Münaqişənin həlli istiqmətində irəliləyiş üçün müəyyən məqamlar olduqda isə hər dəfə vəziyyət gərginləşdirilir, cəbhədə toqquşmalar baş verir. Biz doğrudan da anlaya bilmirik ki, erməni tərəfi nə istəyir, hansı yolu seçir?"

Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən ilin yayında bir sıra təkliflərlə çıxış etdiyini qeyd edən E. Məmmədyarovun sözlərinə görə, təkliflərdə qeyd olunub ki, hansı məsələlərdə razılığa gəlmək mümkün deyilsə, onlar bir kənara qoyulsun, heç olmasa, hərbi və təhlükəsizlik problemləri həll edilsin: "Çünki heç kim istəmir ki, gənclər cəbhədə həlak olsunlar. Bunun üçün də ermənilər hərbçiləri çıxarmalıdırlar. Ermənistan əsgərinin Azərbaycan ərazisində nə işi var? Erməni hərbçilər işğal altındakı torpaqlardan çıxarılandan sonra sülhməramlı da olacaq, yollar da açılacaq, qaçqınlar da qayıdacaq, etimad mühiti də yaranacaq və yavaş-yavaş sülhə nail olacağıq. Yoxsa bu vəziyyətin axırı yoxdur. Biz qonşu ölkələrik, Azərbaycan torpağını götürüb Kaliforniyaya, yoxsa Marselə köçəcəksən? İstər-istəməz qonşularla dil tapmalısan. Ermənistan deyir ki, münaqişə həmsədrlərin, prezidentlərin bəyanatları əsasında həll olunsun. Lap yaxşı. Muskokda qəbul edilmiş altı bəndlik bəyanatın birinci bəndində bildirilir ki, erməni hərbi birləşmələri işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Bunu qəbul edirsənsə, qoşunları çıxarmağa başla də. Öz vətəndaşlarına de ki, vəziyyət budur, qoşunları gec-tez çıxarmalıyıq".

E. Məmmədyarov Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində yaxın vaxtlarda görüş planlaşdırılmadığını da deyib: "Bəlkə həmsədrlərlə görüşdük".

"Madrid prinsipləri"nin Kazan formulu və Lavrovun təklifləri ilə ziddiyyət təşkil edib-etməməsi məsələsinə aydınlıq gətirən nazir qeyd edib ki, bunlar bir-birinə mane olmur: "İstər Madrid prinsipləri, istər Kazan formulu, istərsə də Lavrovun təklifləri olsun, bunlar bir-birinə mane olmur. Sonuncu təkliflər 2009-cu ilin dekabr ayında Afinada bizə təqdim olunmuş rəsmi təkliflərdir. Ermənilər o sənədi qəbul etməkdən imtina etdilər. Həmsədrlər ondan 2-3 ay sonra Ermənistana səfər edərək bu sənədi Ermənistan prezidentinə təqdim etdilər. Məsələ ondadır ki, hamı problemin necə həll olunacağını bilir. "Yenilənmiş Madrid prinsipləri" altı bənddən ibarət olan təkliflərdir. O sənəddə də əksini tapıb, hamı da bilir ki, ilkin olaraq erməni hərbi birləşmələri işğal olunan ərazilərdən çıxarılmalıdır".

Nazir sonda Azərbaycanın danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər