Aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulub.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Modern.az saytına danışarkən daha bir neçə evin düşmən tərəfindən dağıdıldığını bildirib:
“Yuxarı Qapanlı kəndində bir sakinin ikimərtəbəli evinin dam örtüyü ilə birlikdə ikinci mərtəbəsi, Əskipara kəndində 3 sakinin evi dağılıb. Bundan başqa İsmayılbəyli stansiyasının havaverici xətləri qırılıb”.
Mərmi 35 kilovatlıq elektrik yarımstansiyasının yaxınlığında partladığından yarımstansiyanın sıradan çıxması nəticəsində 11 kənd elektrik enerjisiz qalıb.
M.Məmmədov deyib ki, insanlar arasında xəsarət alanlar olmayıb: “Vəziyyətlə əlaqədar olaraq insanların hamısının evinin dalanı var. Atışma vaxtı orda qoruna bilirlər”.
Xatırladaq ki, dünən də Tərtər rayonu düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə 20-dən çox evə zərər dəyib.