Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Teleqraf.com-a verilən məlumatda bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan gömrüyündə şok hadisə” başlıqlı yalan, böhtan xarakterli, həqiqətə uyğun olmayan məlumatların yer aldığı bildirlir: “Qeyd olunur ki, Türkiyədən Azərbaycana gətirilən 10 tonluq, 200 min dollarlıq qadın ayaqqabısı saxta sənədlərlə Rusiyaya aparılmaq adı altında guya Bakıda rəsmiləşdirilir”.
Komitə bəyan edir ki, 30 mart 2016-cı il tarixdə “Samur” gömrük postunda, Gürcüstan Respublikasından Rusiya Federasiyasına tranzit gömrük proseduru altında gedən “Mersedes Benz Atgeo” markalı, 99 XA 965 dövlət nömrə nişanlı yük avtomobilinə keçirilmiş gömrük baxışı zamanı, 10.150 kq. çəkidə rezin tərliklər yükünün Türkiyə Respublikasında istehsal olduğu müəyyən edilmişdir. Lakin müşayiət sənədlərində yükün Gürcüstan istehsalı olduğu qeyd edilib.
Xaçmaz Gömrük İdarəsində sorğu-sual olunan sürücü Hüseynov Niyaməddin Əliheydər oğlu bildirib ki, o, idarə etdiyi “Mersedes Benz Atgeo” markalı, 99 XA 965 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə Gürcüstan Respublikasının Tiflis şəhərindən rezin tərliklər yükü götürərək, 30 mart 2016-cı il tarixdə “Sınıq Körpü” gömrük postundan keçməklə “tranzit” gömrük prosedurunda Azərbaycan Respublikasına daxil olub.
Həmin gün təyinatı üzrə Rusiya Federasiyasına getmək üçün “Samur” gömrük postuna gəlib. Burada yükə aid müşayiətedici sənədləri gömrük işçisinə təqdim etdikdən sonra yükə keçirilən baxış zamanı, rezin tərliklər yükünün Gürcüstan Respublikası istehsalı deyil, Türkiyə istehsalı olduğu müəyyən edilib.
Hüseynov Niyaməddin Əliheydər oğlu yükü qəbul edərkən yanında olduğunu, lakin tərliklər olan bağlamaların üzərindəki yazılara fikir vermədiyini və bu səbəbdən də Türkiyə istehsalı olduğunu bilməyib.
Beləliklə də, Hüseynov Niyaməddin Əliheydər oğlu tranzit gömrük proseduru altında apardığı yüklə bağlı düzgün olmayan məlumatlar verib. Bununla da, Hüseynov Niyaməddin Əliheydər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərədə tutulan inzibati xətaya yol verib.
Yuxarıda göstərilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Niyaməddin Əliheydər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 300 manat məbləğində cərimə edilmiş, yük sənədlərində düzəliş edilməsi üçün geri qaytarılması qərara alınıb.
Məlumatda həmçinin qeyd olunub ki, guya həmin yük təcili olaraq Bakıya aparılaraq Bakı Baş Gömrük İdarəsinin həyətində gömrük yoxlamasından keçirilib.
Müvafiq qanunvericiliyə uyğun olaraq cərimə ödənildikdən sonra yük maşını “Samur” gömrük postunun terminalına yönləndirilmiş və hal hazırdada o terminaldadır və görünən də odur ki, yük sahibi avtomobili hələ də terminaldan çıxarmaq fikrində deyil.
Bildirilir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin dünənki açıqlamasından sonra aprelin 28-də yük sahibi komitənin elektron ünvanına məktubla müraciət edib. Komitə həmin məktubu təqdim edir.
Naibə QURBANOVA