Jurnalistlər Heydər Əliyevi yad etdi
Bu gün “Excelsior Baku” otelində mərhum prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Heydər Əliyev xatirələrdə” adlı anım tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub.
Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, digər tədbirlərdən fərqli olaraq “Heydər Əliyev xatirələrdə” adlı tədbirdə jurnalistlər iştirak edir: “Bu gün böyük siyasətçi, dövlət xadimi, Azərbaycan xalqının ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd edirik. Hər bir azərbaycanlı jurnalistin Heydər Əliyevlə bağlı xatirəsi var. Elə bu səbəbdən bu tədbiri “Heydər Əliyev xatirələrdə” adlandırırıq”.
Ə.Amaşov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən də danışıb:
“Mənə də onunla görüşmək qismət olub. O, jurnalistikaya çox yaxın idi. Biz jurnalistlər arasında 2001-ci il sorğu keçirdik, Heydər Əliyev jurnalistlərin dostu mükafatının qalibi oldu. Heydər Əliyev jurnalistikanın inkişafında mühüm rol oynayıb. Mütəmadi olaraq hər gün görüşlər keçirirdi. Ölkə rəhbərliyinin ictimaiyyətlə görüşünü jurnalistlər işıqlandırırdı.
Ulu öndər Azərbaycanı zəif aqrar ölkədən sənaye dövlətinə çevirdi. Onun iqtisadiyyatımızın dirçəlməsi üçün gördüyü işlər müstəqilliyimiz üçün bir hazırlıq idi. 1 milyon qaçqın və məcburi köçkünü olan ölkəyə rəhbərlik etmək çətin idi. Heydər Əliyev güclü milli ordu yaratdı, onun yaratdığı bu gün daha da modernləşən şücaətli ordumuz aprel ayının əvvəllərində rəşadət göstərdi. Bu isə bütün Azərbaycan xalqının ürəyindən oldu”.
Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov isə deyib ki, jurnalistlər Heydər Əliyevlə tez-tez görüşürdü.
O, Azərbaycan televiziyasında proqram redaktoru olduğu dövrdə Heydər Əliyevlə bağlı başına gələn hadisəni danışdı:
“Azərbaycandan 5 tələbə ABŞ-da yarışa gedib qayıtmışdı, şöbə müdiri dedi ki, həmin tələbələrdən birini efirə çağırmaq lazımdır. Həmin 5 tələbədən dördü oğlan, biri isə qız idi, mən də fikirləşdim ki, qız iştirakçı bir nəfərdir, onu çağırmaq lazımdır, heç ad və soyadına diqqət eləmədim. Komitə sədri məni yanına çağırıb soruşdu ki, bilirsənmi çağırmaq istədiyin qız kimdir? Dedim ki, yox, Azərbaycanı ABŞ-da tanıdan yeganə istedadlı qız olduğu üçün çağırmaq istəyirəm. Dedi ki, o qız Heydər Əliyevin qızı Sevil Əliyevadır, dedim Heydər Əliyevin qızını verilişə çağırmaq olmaz? Komitə sədri müdrik və insaflı idi, dedi olar, amma Heydər Əliyev yoldaş dedi ki, qoyun o biri uşaqlar efirdə görünsün. “Azərbaycan gəncləri” qəzetinə baş redaktor təyin olunanda Heydər Əliyevlə görüşdüm və xeyli söhbət etdik. Mənə atmaca atdı ki, mənim qızımı verilişə çağıran oğlan sən idin, dedim tanımamışam. Səmimi söhbət elədik”.
Y.Kərimov ulu öndər Heydər Əliyev haqqında yazdığı “Əbədiyyət yolu” adlı kitabda onun bədii obrazını yaratdığını söyləyib.
Qocaman jurnalist Məzahir Süleymanlı 15 jurnalistlə Naxçıvana Heydər Əliyevin görüşə getməsindən söz açdı:
“Qulu Məhərrəmli, Əhməd İsayev və digər həmkarlarımızla birlikdə Naxçıvana getdik, o, sıx qrafikinə rəğmən bizimlə görüşdü, hətta aşağı düşüb Naxçıvan Milli Məclisinin pilləkənlərində bizi qarşıladı. Bu, Azərbaycan jurnalistikasına olan ehtiram və hörmət idi. İşinin çox vaxtında bizi özü qarşıladı. Lampa işığında 4 saat bizə jurnalistika dərsi keçdi, nədən və necə yazmaq, jurnalistin vətəndaşlıq mövqeyi necə olmalıdır, xalqımız mətbuatdan nə gözləyir kimi suallara özü cavab verdi. O dövrlərdə jurnalist sözünə ehtiyac vardı. Bizimlə görüş əsnasında İran prezidenti və Türkiyə prezidenti Süleyman Dəmirəllə danışdı. Naxçıvanı bir kəlmə sözü, siyasi gedişlə tənzimləyirdi. “Jurnalistika dərsi” kitabım həmin görüşə həsr olunub. Heydər Əliyev o kitabı oxuyub dodağı qaçdı və mənə minnətdarlığını bildirdi. Bir jurnalist üçün bundan böyük sevinc olardımı?”.
Tanınmış və əməkdar telejurnalist, şairə Telli Pənahqızı qeyd edib ki, Heydər Əliyev azərbaycanlı qadınların jurnalistikaya gəlməsini çox arzulayırdı:
“Onun vəfatı xəbərini eşidəndə özümüzə gələ bilmirdik. Hər bir azərbaycanlının ürəyində Heydər Əliyevin yeri var. Mənim üçün çətin məqam idi, o acı xəbəri eşidəndə piyada Neftçilər Prospekti ilə gedirdim, yol kənarında gül satırdılar, 1 qızılgül aldım, Musiqili teatrın yanında qızılgülü onun keçəcəyi yerə qoydum, çox qəribədir ki, heç bir maşın o gülü ayaqlamadı”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 23 yaşında olan zaman Heydər Əliyevdən müsahibə aldığını və bunun onun üçün qürurverici olduğunu söyləyib:
“1992-ci ildə Heydər Əliyevlə onun bacısıgildə görüşmüşdüm. Bəlkə də, o zaman verdiyim sualları indi başqa cür təqdim edərdim, sualların qoyuluşunu başqa cür tərtib edərdim. Heydər Əliyevi televiziyalarda qəzetlərdə şəkillərini görmüşdüm, amma canlı görməyə can atırdım, görüşəndə insan elə bilirdi ki, ən əziz insanını görür. Elə müsahibəmin başlığını da bu cür qoymuşdum: “Ən ümdə məsələ Dağlıq Qarabağ məsələsidir”.
Çünki çox yanğı və narahatlıqla Qarabağ məsələsindən danışırdı”.
Daha sonra tədbirdə iştirak edən bir sıra qocaman jurnalistlər ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, tədbir “Ata Holding” tərəfindən təşkil olunub.
Nərgiz
Fotolar: Elçin Murad