Bu gün FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112" Çevik reaksiya idarəsinin inzibati bölməsinin əsaslı təmirdən sonra açılışı olub.
Teleqraf.com FHN-nin saytına istinadən xəbər verir ki, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov inzibati bölmənin açılış mərasimində iştirak edib.
Ən müasir avadanlıqlarla təmin edilmiş idarə əsaslı təmirdən sonra son texnoloji nailiyyətlərdən istifadə olunmaqla yeni proqramla fəaliyyət göstərəcək.
Bu proqram "112" nömrəsinə daxil olan zənglərin daha operativ qəbul edilməsi, FHN-in qüvvə və vasitələrinin daha çevik və effektiv idarə edilməsinə şərait yaradacaq.
Bundan əlavə, əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi, çıxılmaz vəziyyətdə qalan insanların təhlükəsiz davranış qaydaları barədə çevik məlumat əldə edə bilmələri üçün Android" və "IOS" mobil platformaları üzərindən istifadə edilə biləcək proqramın da təqdimatı olub. Bu proqram vasitəsilə, həmçinin "112" nömrəsinə birbaşa çıxış da mümkündür.
Bundan başqa, FHN-nin rəsmi saytının yeni versiyasının da təqdimatı olub.
Naibə Qurbanova