Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında ümummilli lideri Heydər Əliyevn anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib.
Teleqraf.com-un məlumatına görə, əvvəlcə, tədbir iştirakçıları ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, bu gün ulu öndər istər Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə, istərsə də 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə siyasi hakimiyətə qayıtdıqdan sonra ölkədəki ictimai-siyasi xaos və iqtisadi böhrana son qoyaraq vətəndaş qarşıdurmasının, dövlətimizin məhv olmaq təhlükəsinin qarşısını alıb: “Məhz onun müdrik siyasəti nəticəsində ölkə həyatının bütün sahələrinə nüfuz etmiş dərin böhran aradan qaldırılıb, milli-mənəvi həmrəylik və ictimai-siyasi sabitlik təmin edilib, demokratik institutlar bərqərar olub. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz rol oynayan ümummilli liderin gərgin əməyi, yorulmaz fəaliyyəti nəticəsində dövlətimiz daha da güclənib”.
Nazir qeyd edib ki, ezident İlham Əliyev də məhz ulu öndər tərəfindən əsası qoyulmuş möhkəm özüllər üzərində respublikamızı daha da inkişaf etdirib, regionun liderinə çevirib, beynəlxalq nüfuza malik bir dövlət formalaşdırıb: “Dövlət başçısının həyata keçirdiyi dərin və irimiqyaslı islahatlar nəticəsində Azərbaycanda bütün sahələrdə daha da artan inkişaf templəri qeydə alınır, vətəndaşların həyat səviyyəsi yüksəlir. Erməni silahlı qüvvələri ilə təmas xəttindəki son hadisələr göstərdi ki, Azərbaycan Respublikasında Ali Baş Komandanın rəhbərliyi ilə fəaliyyət göstərən çox qüdrətli ordu, böyük ruh yüksəkliyinə malik silahlı qüvvələr var”.
Ötən il Azərbaycanda çox böyük uğurla I Avropa Oyunlarının keçirildiyini xatırladan nazir qeyd edib ki, bu tarixi tədbirdən sonra ölkəmiz daha bir neçə əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi edib ki, bu da dövlətimizin dünyadakı nüfuzunun, beynəlxalq etimad qazanmasının göstəricisidr: “Mən cənab Prezident İlham Əliyevi əmin edirəm ki, Fövqəladə Hallar Nazirliyi və onun əməkdaşları gələcəkdə də Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcək, vətəndaşların təhlükəsizliyi və rahat həyatını təmin edəcəkdir. Bütün Azərbaycan xalqı kimi, nazirliyin hər bir əməkdaşı inanır ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunacağı gün uzaqda deyil”.
Tədbirdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müasir və qüdrətli Azərbaycan dövlətinin qurucusu və banisi olan ulu öndərin demokratik və hüquqi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən ətraflı bəhs edib.
Naibə QURBANOVA