12 May 2016 13:34
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 10 mindən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, indiyədək Tarif (qiymət) Şurası tərəfindən həmin dərman vasitələrindən 7075-nin qiyməti təsdiq edilib. Bunlardan 5741-nin qiyməti qüvvəyə minib, hazırda apteklərdə onların satışı təsdiq edilmiş qiymətlərlə həyata keçirilir.

Qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyun ayının 1-dən qüvvəyə minəcək. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsi iyun ayının sonunadək başa çatdırılacaq.

Qiymətləri təsdiq edilmiş dərman vasitələrinin qüvvəyə minmə tarixi də göstərilməklə həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib, bir sıra kütləvi informasiya vasitələrində dərc edilib. Bu siyahı qiymətlər təsdiqləndikcə yenilənir.

Təsdiq olunmuş qiymətləri qüvvəyə minən dərman vasitələri ölkə ərazisində bütün apteklərdə tənzimlənmiş qiymətlərlə satılmalıdır.

Qeyd olunanları nəzərə alaraq, istehlakçılara qiymətləri təsdiq edilmiş dərman vasitələrinin fərqli qiymətə satılması halı ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.

Bu günlərdə xalq şairi Sabir Rüstəmxanlının yazdığı “Alman keyfiyyəti, yoxsa soyğunçuluq” adlı məqalədə Azərbaycan apteklərində dərmanların digər ölkələrlə müqayisədə dəfələrlə baha satıldığı göstərilib. Məqalə ciddi rezonans doğurub.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər