Rusiya İslam Komitəsinin sədri, tanınmış ictimai-siyasi xadim, politoloq Heydər Camal Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefaya getməsi ilə bağlı sensasion açıqlama ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, H.Camal deyib ki, guya baş nazir Ə.Davudoğlu və prezident Rəcəb Tayyib Ərdoğan arasında konflikt yaranmasına dair spekulyasiyalara rast gəlinirdi. İndi isə Ə.Davudoğlunun istefaya getməsi mövzusunda spekulyasiyalar yayılır: “Türkiyəni və türkləri görməyə gözü olmayan insanlar, xüsusilə də ekspertlər bu istefanı belə izah edirdilər ki, guya sultan Ərdoğan intellektual Davudoğlunu qısqanıb. Şərhlərdə bildirilir ki, Davudoğlu çox mötədil, doğru-dürüst və ciddi, Ərdoğan isə çox əsəbi, fürer kimi qeyri-adekvat və sair xüsusiyyətləri özündə daşıyan bir insandır. Bütün bunlar hamısı əlbəttə, yalandır. Çünki bu tandem, bu ittifaq çox uğurlu bir ittifaq idi və Davudoğlunun gedişi də konsensus əsasında baş verib. Yəni, tandem tandem kimi hərəkət edib”.
“Bəs nəyə görə bu baş verdi? Nə oldu” deyə sual edən H.Camal özü bu suala aydınlıq gətirir: “Düzünü desək, sadəcə olaraq bir sıra böyük xarici qüvvələr Davudoğluna “stavka” etmək qərarına gəlmişdilər. Ona görə yox ki, o buna əsas vermişdi, ona görə yox ki, o “beşinci kolon” idi, ona görə yox ki, o Ərdoğanın əleyhdarı idi. Yox. Bu dərin intellektualdır. Ərdoğan Türkiyə miqyasında siyasi islamın ən böyük nümayəndəsidir. O siyasi islamın müasir Türkiyədə uğur qazanmasını təmin edən çox ciddi insandır. Biz hamımız ona borcluyuq. Təkcə Ərdoğan yox, təkcə AKP yox. Ona görə də Davudoğluna hansısa xarici qüvvələr maraq göstərməyə və onu bitirməyə başladılar. Bu, Davudoğunun günahı deyil. Bu, sadəcə düşmənlərə qarşı istifadə olunan, onların fərqlənən, intellektual və istedadlı insanlara qarşı tətbiq etdiyi texnologiyadır. O, hansısa bəhanə verməsə də, ona “stavka” etmək yolu ilə Davudoğlunu qarmağa salmağa çalışırlar. Türkiyədə də xarici dövlətlərin Davudoğluna “stavka” etdiklərini biliblər. Buna görə də Davudoğlu sonuncu günədək prezident Ərdoğana şəxsi sədaqətini bəyan etdi”.
H.Camal qeyd edib ki, bir neçə il əvvəl İranla da bağlı oxşar situasiya baş verib: “Qərb Əhmədinejadı sevmirdi. Ruhaniyə “stavka” etdi və Ruhani hakimiyyətə gəldi. Ali dini rəhbər isə bu məsələdə Qərbin istədiyi hər şeyi etdi. Türkiyədə isə bunu etmək mümkün olmadı. Davudoğlu bunu gördüyü üçün şüurlu, könüllü şəkildə, prezidentlə tam konsensus yolu ilə postunu tərk etmək qərarına gəldi. Çünki o, xarici qüvvələrin öz maraqlarını Türkiyədə həyata keçirməsinə imkan vermədi. Davudoğlu Türkiyənin vətənpərvəridir. Ona görə də Türkiyənin siyasi həyatı ilə maraqlananların hazırkı situasiyadan narahat olması lazım deyil. “Yuxarılar”da heç bir partlayış, heç bir böhran yoxdur. Prezident Ərdoğan və onun yaxın silahdaşı, “Qərbin ayağını söykədiyi torpağı qaçırdan” Davudoğlu var”.
Səxavət