Ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur.
APA-nın xəbərinə görə, 1999-cu il mayın 22-də Ukraynanın Bereqovo şəhərində iki erməni 20 kq U-235 az zənginləşdirilmiş uran filizi satmağa cəhd göstərib və bu ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Ermənilər uranın 1 kiloqramı üçün 35 000 dollar tələb ediblər.
2001-ci il dekabrın 19-da Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində kəşfiyyat əməliyyatı zamanı 300 qram az zənginləşdirilmiş uran ələ keçirilib. Araşdırma nəticəsində həmin materialın Ermənistandan gətirildiyi müəyyən olunub.
2003-cü il iyunun 26-da Ermənistan vətəndaşları qaçaqmalçılıq yolu ilə 170 qram yüksək zənginləşdirilmiş uran U-235-i Ermənistan-Gürcüstan sərhədindən (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) keçirməyə çalışıblar. Saxlanılan Ermənistan vətəndaşı Qarik Dadadyanın üzərində 170 qram uran aşkarlanaraq götürülüb. Dadadyan Ermənistana təhvil verilib, ona qarşı cinayət işi açılıb və həmin şəxs cəmi 2,5 il müddətinə azadlıqdan məhrum olunub. Bu fakt radioaktiv qaçaqmalçılıqla məşğul olan ermənilərin hakimiyyət dairələri tərəfindən müdafiə olunduğuna işarədir.
2003-cü il dekabrın 29-da Ermənistan-İran sərhədində, Mehri nəzarət-buraxılış məntəqəsində Metsamor AES-dən çıxarılan Stronsium-90 radioaktiv maddənin konteyneri saxlanılıb. Spektral təhlil göstərib ki, obyekt yüksək radioaktivliyə malikdir.
2004-cü il martın 13-də Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistan vətəndaşı radioaktiv materiallarla saxlanılıb. Lakin məsələ ictimailəşdirilməyib.
2007-ci il oktyabrın 24-də Gürcüstan-Türkiyə sərhədində (Sarpi nəzarət-buraxılış məntəqəsi) xüsusi düzəldilmiş qızıl konteynerdə 2,04 qram Lourensiy-103 maddəsi aşkarlanıb və buna görə 4 Ermənistan vətəndaşını saxlanılıb.
2009-cu il avqustun 26-28-də Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistanın Qerarkunik vilayətinin Noratus kənd sakininə məxsus olan avtomobildə Sezyum-137 maddəsinin izləri aşkarlanıb. Lakin maddənin özü tapılmayıb və buna görə də sərnişinlər azad edilərək Ermənistana qaytarılıblar.
2010-cu ilin martında Tbilisidə biznesmen Smbat Tonoyan və Yerevan Fizika İnstitutunun əməkdaşı Qrant Ohanyan radioaktiv materialların alverində şübhəli bilinərək saxlanılıblar. Onların üzərindən 89 faiz zənginləşdirilmiş 18 qram uran aşkar olunaraq götürülüb. Tbilisidə məhkəmə prosesi zamanı müəyyən edilib ki, Tonoyan potensial alıcıdan 120 qram zənginləşdirilmiş uran üçün əvvəlcə 8 milyon dollar tələb edib, lakin sonradan 1,5 milyon dollara qədər qiyməti azaldıb. 18 qram məhsul nümunə kimi alıcıya nümayiş etdirilməli idi. Müsadirə edilmiş uranı Tonoyana 2003-cü ildə Gürcüstanda uran qaçaqmalçılığına görə həbs edilən Ermənistan vətəndaşı Qarik Dadadyan verib. 2003-cü ildə radioaktiv materialların qaçaqmalçılığı faktına görə məhkum olunmuş bu şəxs yüngül həbs cəzası çəkdikdən sonra yenidən öz fəaliyyətini davam etdirib.
2010-cu il sentyabrın 16-da Tbilisi hava limanında bir üzvü erməni olan cinayətkar qrup saxlanılıb. Saxlanılmış şəxslərin üzərindən 0,0004 kiloqram plutonium (Pu) və 0,00008 kiloqram az zənginləşdirilmiş uran aşkarlanaraq götürülüb. Araşdırma zamanı cinayətkarların radioaktiv materialları satmağı planlaşdırdıqları müəyyən edilib.
2014-cü ilin avqustunda Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni Gürcüstana keçirməyə cəhd göstərən iki erməni həbs edilib.
2016-cı ilin yanvarında Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni sərhəddən keçirməyə cəhd göstərən üç erməni həbs edilib.
2016-cı ilin aprelində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən üç Ermənistan vətəndaşı və üç Gürcüstan vətəndaşı 200 qram Uran-238-i satmaq cəhdinə görə həbs edilib. Müəyyən olunub ki, Ermənistandan olan üç nəfər əvvəllər Metsamor AES-də işləyiblər. Bu qrup radioaktiv materialı Yaxın Şərq ölkələrinə satmağı planlaşdırırmış.
Belə materialların İŞİD və "Əl-Qaidə" kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə dünyanın bir çox ölkələrinin ciddi fəlakətlə üzləşəcəyi şübhə doğurmur.