18 May 2016 12:47
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Avropa İttifaqı və Avropa Şurasının birgə maliyyələşdirdiyi və Avropa Şurası tərəfindən həyata keçirilən “Proqram Əməkdaşlıq Çərçivəsi” layihəsi üzrə “Çirkli pulların yuyulmasına qarşı mübarizə” və “İstintaq sövdələşməsi” mövzularında tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir 16-17 may tarixlərində baş tutub.

Tədbirdə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Auditorlar Palatası, Hesablama Palatası, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinq Xidmətinin nümayəndələri və birinci instansiya məhkəmələrinin hakimləri iştirak edib.

Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edib. O, korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olmasını vurğulamaqla bu mübarizənin möhkəm siyasi iradəyə əsaslandığını qeyd edib. Orxan İsayev bu sahədə ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildirib.

İki gün davam edən tədbirdə Avropa Şurasının ekspertləri Nicole Voorhuis, Jonathan Fisher və Cedric Bourgeois tərəfindən çirkli pulların yuyulmasına qarşı mübarizənin aspektləri, bu kateqoriyadan olan cinayətlərlə mübarizə sahəsində müsbət təcrübə, istintaq sövdələşməsi institutunun ölkəmizdə tətbiqi yolları barədə təqdimatlar həyata keçirilib.

Qarşılıqlı müzakirə formatında baş tutan tədbirlərdə çirkli pulların yuyulmasına qarşı mübarizə və istintaq sövdələşməsi ilə əlaqədar tədris tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə icra edilib, iştirakçıları maraqlandıran suallar ətraflı müzakirə edilib.

Azərbaycan Respublikasının prokurorluq orqanları bundan sonra da korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, digər dövlətlərin hüquq mühafizə orqanları və ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər