18 May 2016 13:09
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərərçəkən Anar Niftəliyev Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri akademik Arif Mehdiyevə müraciət edib.

Teleqraf.com xəbər verir ki, müraciətdə Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyyə Mərkəzinin ümumi cərrahiyyə şöbəsinin əməkdaşı Fərəcullah Sədullah oğlu İdrisovun istintaq getdiyi müddətdə xüsusi imtiyaz qazanmaq və istintaqa təsir etmək məqsədi ilə tibb elmləri üzrə fəlsəfə doktoru adı almaq üçün AAK-a sənəd göndərdiyi və onun 2015-ci il iyulun 1-də elmi ad aldığı qeyd olunur.

Xatırladılıb ki, 2013-cü il sentyabrın 20-də xanımı, tənqidçi Elnarə Tofiqqızının “Medi Sina” klinikasında cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığından baş verən ölüm işi ilə bağlı cinayət işi açılıb və Bakı şəhər Prokurorluğunda davam edən cinayət işində əməliyyatda assistent kimi iştirak edən Fərəcullah İdrisovun əməlində cinayət tərkibi şübhəsi olduğundan, onun barəsində Cinayət Məcəlləsinin 29.187.1-ci maddəsi ilə cinayət işi açılaraq, araşdırlması üçün DİN-ə göndərilib.

Həmin ərəfədə, 27 mart 2014-cü ildə A.Niftəliyevin vəkili Səməd Vəkilov 5K/44 saylı məktubla rəsmi qaydada Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət edərək, tibb elmi üzrə fəlsəfə doktoru adı almaq üçün müraciət edən F.İdrisovun sənədlərinə baxılmasının istintaq bitənə qədər təxirə salınmasını xahiş edib. Ancaq Ali Attestasiya Komissiyası 1 iyul 2015-ci il ildə F.İdrisovun elmi işini təsdiqləyib və ona elmi ad verib.

Anar Niftəliyev Bakı şəhər Baş Polis İdarəsində aparılan istintaqın 11 may 2016-cı ildə yekunlaşdığı barədə AAK sədri, akademik Arif Mehdiyevi məlumatlandırıb və qərarın surətini AAK-a göndərib: “Bakı şəhər Baş Polis İdarəsi 11 may 2016-cı il tarixində qərar qəbul edib. Həmin qərara əsasən, Fərəcullah İdrisovun CM-nin 29.178.1-ci maddəsi ilə cinayət əməli törətdiyi sübuta yetirilib və o, məsuliyyətə cəlb edilib. Sadəcə, qanunvericiliyə görə, cinayət hadisəsindən 2 ildən artıq vaxt keçdiyindən, o, işlətdiyi əməlin cəza hissəsindən azad olunub və iş məhkəməyə göndərilməyib. Buna baxmayaraq, F.İdrisov CM-nin 29.178.1-ci maddəsi ilə məhkum olunub”.

Dələduzların elmi addan şəxsi məqsədlər üçün istifadə etdiyini bildirən zərərçəkən keçmiş ABU rektoru Elşad Abdullayevin təcrübəsini xatırladıb və hüquq-mühafizə orqanlarının dələduzluq əməlini təsdiqləməsindən sonra E.Abdullayevin elmi addan məhrum edildiyi presedentini xatırladıb. Qeyd edib ki, dələduzluq əməli ilə məsuliyyətə cəlb edilən Fərəcullah İdrisovun da bu əməllərini davam etdirməyəcəyi və daha kimlərinsə həyatdan vaxtsız getməsinə bais olmayacağına dair heç bir təminat yoxdur. Buna görə də A.Niftəliyev Bakı şəhər BPİ-nin qərarından sonra AAK-ın F.İdrisovun elmi işinə yenidən baxaraq, müvafiq qərar qəbul etməsi barədə akademik Arif çehdiyevdən göstəriş verməsini xahiş edib.


Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından vəfat edib. Bakı Apelyasiya Məhkəməsinin 31 avqust 2015-ci il tarixli qərarı ilə Elnarə Tofiqqızının ölümündə günahkar bilinən Firuz İbrahimov 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Cərrahiyyə əməliyyatında iştirak edən F.İdrisov isə Bakı şəhər Baş Polis İdarəsinin 11 may 2016-cı il tarixli qərarına görə Cinayət Məcəlləsinin 29.178.1.-ci maddəsi ilə (dələduzluğa cəhd) məhkum edilib. Ancaq cinayət hadisəsindən iki il keçdiyi üçün məhkum F.İdrisov CM-nin sözügedən maddəsinin cəza hissəsindən azad edilib və toplanmış materiallar məhkəməyə göndərilməyib.


Müəllif:

Oxşar xəbərlər