19 May 2016 16:00
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSŞT prosesinin inkişafı üçün nəzərdə tutulan vəsait Milli Şuranın maliyyə qaynağına çevrilərsə, buna görə kim məsuliyyət daşıyacaq?


Mədən Sənayesində Şəffaflığın Artırlması Koalisiyasında yaranmış gərginlik səngimək bilmir. Koalisiyanın Ümumı Yığıncağının ardınca baş qaldırmış və tədricən sərt xarakter alan mübahisələr bu gün də mətbuatın əsas diqqət mərkəzindədir. “Koalisiyada nə baş verir” sualına bu günə qədər çeşidli cavablar verilib. Ümumi təsəvvür belədir ki, Koalisyanın Ümumi Yığıncağında yeni formalaşdırılmış İdarəedici orqanın – Şuranın tərkibi Əli Kərimlinin rəhbərlik etdiyi AXCP və Milli Şura adlı quruma yaxın şəxslərin nəzarətinə keçib və bu da Koalisiya təmsilçilərinin narazılığına səbəb olub. İddia olunur ki, Milli Şuraya yaxınlığı ilə seçilən şəxslər əvvəlcədən xüsusi hazırlıq işləri görüb, Koalisiya üzvlərinə müxtəlif formalarda təsir göstərərək seçkinin taleyini həll ediblər. Nəticədə Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev də daxl olmaqla siyasi marağı olan 6 nəfər şəxs Koalisiya Şurasının tərkibinə düşə bilib.

Maraqlıdır ki, Milli Şuranın dəstəklədiyi şəxslər sırasında tanınmış iqtisadçı-alim, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin üzvü, ADR hərəkatının rəhbəri Qubad İbadoğlunun da adı var. Koalisiya üzvləri iddia edirlər ki, Qubad İbadoğlu AXCP təmsilçilərilə danışıqlara gedərək Koalisiya Şurasının siyasiləşməsində böyük rol oynayıb. Hətta onun Ümumi Yığıncaqdan əvvəl AXCP sədri Əli Kərimli ilə görüşdüyünü iddia edənlər də var. Hələlik Qubad İbadoğlu ilə Əli Kərimlini MSŞT Koalisiyası ilə bağlı hansı ümumi maraqlar birləşdirdiyini konkret söyləmək çətindir. Yalnız kənar müşahidələr və Koalisiya üzvlərinin dediklərinə əsaslanaraq belə qənaətə gəlmək olar ki, Qubad İbadoğlu MSŞT Koalisiyasının budəfəki Ümumi Yığıncağına Əli Kərimlinin adamları ilə bir komandada gedib və bu “ittifaq” nəticəsində Şurada həlledici səs sayını təmin etmək mümkün olub.

***

MSŞT Koalisiyasının tanınmış təmsilçilərindən və Vətəndaş Cəmiyyətinin fəal üzvlərindən biri bütün bu məsələlərlə bağlı bizə olduqca ilginc məlumatlar verib. Hələlik adının açıqlanmamasını istəyən Koalisiya nümayəndəsi iddia edir ki, Əli Kərimlinin MSŞT-yə maraq göstərməsi heç də təsadüfi deyil:

“Bilirsiniz, MSŞT prosesi kənardan bir qədər cəlbəedici görünməyə bilər. Lakin bu, kifayət qədər əhəmiyyətli və dərin prosesdir. Sual oluna bilər ki, nədən Milli Şura birdən-birə MSŞT-yə maraq göstərdi və öz təmsilçilərini instruktaj edərək onların qarşısında Koalisiyanın idarəedici orqanını götürmək vəzifəsini qoydu? Bu sualın cavabını bilənlər var. Bilməyənlərə də açıqlaya bilərəm. Bu marağın arxasında Dünya Bankının MSŞT Koalisiyasına böyük məbləğdə vəsait ayırmağa hazırlaşdığına dair xəbərlər dayanır. Əli Kərimli həmin vəsaitin idarəedilməsi mexanizmini, yəni Koalisiya Şurasını ələ keçirmək üçün xüsusi plan hazırlayıb və bu plana cavab verən heyətin Şuraya düşməsini təmin etmək üçün öz adamları qarşısında konkret vəzifə qoyub.

Gəlin Oqtay Gülalıyevin Ümumi Yığıncaqdakı seçkilərin ardınca Milli Şura təmsilçilərinə yazdığı məktubu xatırlayaq. Bu məktub mətbuatda da geniş şəkildə işıqlandırılıb. Oqtay Gülalıyev həmin məktubda Milli Şura üzvlərinə xitab edərək, Koalisiya Şurasını 5+1 üstünlüyü ilə götürdüklərini yazmış və bu qələbəyə görə onlara təşəkkürünü bildirmişdi. Məhz elə bu məktubun üzə çıxması ilə Koalisiyada etirazlar baş qaldırdı. Üzvlərimiz haqlı olaraq soruşurlar ki, niyə Oqtay Gülalıyev vətəndaş cəmiyyəti İnstitutuna aid məsələlər barədə Milli Şuraya məruzə etməlidir və Şurada “5+1” sayının təmin olunmasında AXCP və Milli Şuranın hansı rolu olub?

Doğrudan da haqlı sualdır. Amma təəssüf ki, Oqtay Gülalıyev bu vaxta qədər Koalisiya təmsilçilərinin suallarını cavablandıra bilməyib. Gülallyev deyir ki, həmin məktubu öz sevincini dostları və həmkarları ilə bölüşmək üçün yazıb, kiməsə raport verməyib. Onda sual olunur: Oqtay Gülalıyev öz sevincini niyə üzvü olduğu Klassik Xalq Cəbhəsi Partiyasındakı dostları ilə deyil, məhz Milli Şuradakı əqidədaşları ilə bölüşüb? Niyə bu sevinc məktubu Mirmahmud Mirəlioğlunun adı ilə bağlı olan Feysbuk səhifələrinə və qruplarına deyil, məhz Əli Kərimlinin adı ilə bağlı olan qruplara göndərilir? Bilirsiniz, suallar çoxdur, lakin artıq hər şey gün kimi aydın olduğundan Oqtay Gülalıyevə də “əziyyət” verməyə ehtiyac yoxdur. Fakt artıq ortadadır: Əli Kərimlinin adamları Qubad İbadoğlu ilə vahid komanda formalaşdıraraq Dünya Bankının ayıracağı vəsaitlərə artıq indidən ciddi təhlükə yaradıblar. Sabah bu vəsaitlər ayrılarkən onun üzərində sərəncam vermək səlahiyyəti məhz yeni yaranmış Şurada olacaq və oradakı “5+1” tərkibi əvvəlcədən düşünülmüş plana uyğun olaraq istənilən təklifin lehinə səs verəcək. Kim təminat verə bilər ki, Dünya Bankının vəsaitləri Koalisyaya üzv olan “naməlum” QHT-lərin vasitəsilə Milli Şuraya, konkret olaraq Əli Kərimliyə ötürülməyəcək? MSŞT Koalisiyası ətrafında qurulmuş oyunun arxasında elə bu məqsəd dayanmırmı? MSŞT prosesinin inkişafı üçün nəzərdə tutulan vəsait Milli Şuranın maliyyə qaynağına çevrilərsə, buna görə kim məsuliyyət daşıyacaq?

Diqqətinizi bir məsləyə də yönəltmək istəyirəm. Hər halda, indi bu məsələ sıravi Koalisiya üzvlərini də maraqlandırır. Qeyd etdiyim kimi, budəfəki Ümumi Yığıncaqda Qubad İbadoğlu bir vaxtlar qəbul etmədiyi və hətta bir ara ciddi qarşıdurmada olduğu adamlarla – Əli Kərimlinin nümayəndələrilə bir komandada birləşdi. Sual oluna bilər ki, Qubad İbadoğlunun AXCP təmsilçilərilə eyni hədəfə vurması nədən və haradan qaynaqanır?

Məsələ burasındadır ki, Qubad İbadoğlu MSŞT Koalisiyasındakı mövqelərini itirmişdi. Ümumiyyətlə, onun əvvəlki nüfuzundan əsər-əlamət də qalmayıb. Odur ki, Qubad İbadoğlu Əli Kərimlinin adamlarından dəstək istədi və onlar da bunu verdilər. Niyə? Axı onlar heç kimə qarşılığı olmadan, “qara qaş və qara göz”ə görə dəstək vermirlər. Deməli, arada xüsusi bir anlaşma var. Onlar dəstək verir və bunun müqabilində Qubad İbadoğlunun AXCP və Milli Şura qarşısında xidmətlərini gözləyirlər... Bu xidmətin nədən ibarət olacağını da təsəvvür etmək çətin deyil. Ortada Dünya Bankının “pul verəcəm” ismarışı varsa və Milli Şuraya yaxın olan adamlar məhz bu ərəfədə Koalisiyanın idarəedici orqanına sahiblənmək həvəsilə səfərbər olunublarsa, deməli, sabah vəsaitlərlə bağlı məsələlər müzakirə olunarkən Qubad İbadoğlu, “xörəyi birinci kim yeməlidir” sualına, tərəddüd etmədən, “müəllimə!” deməlidir.

Təsəvvür edin, xeyli müddətdir ki, Koalisiyamızın şəbəkəsində müzakirələr gedir, yazışmalar aparılır. Milli Şuranın “mübarəkdir” dediyi “5+1” məsələsi isə müzakirələrin əsas mövzusudur. Qubad İbadoğlu bir dəfə də olsun deməyib ki, mən “5+1” tərkibində yoxam. Varsansa, deməli, sənin müstəqil fəaliyyətin mümkün deyil – öhdəlik yaranıb!

O ki qaldı Koalisiyadakı Milli Şura tərəfdarlarının etiraz edənləri hökumət adamlarlı kimi qələmə vermələrinə, bu da əslində diqqəti əsas məsələdən yayındırmaq üçündür. Məsələn, bu gün “5+1” məsələsinə etiraz edənlərdən biri Koalisiyanın qurucularından olan, Azərbaycanda MSŞT prosesinin inkişaf etdirilməsində misilsiz xidmətlər göstərmiş Sabit Bağırovdur. Ona necə demək olar ki, hökumət adamıdr? Necə iddia etmək olar ki, Sabit müəllim hansısa sifariş yerinə yetirir? Bu adam MSŞT-yə görə üzərində məsuliyyət hiss edir, Koalisiyanın hansısa siyasi partiyanın təsirinə düşməsini istəmir, vətəndaş cəmiyyətinin problemlərinin həllinə çalışır. Amma Qubad İbadoğlu Əli Kərimlinin adamlarının təsiri altnda hörmətli Sabit müəllimin yazdıqlarının, dediklərinin təsirini azaltmağa çalışır, onunla mənasız polemikaya girir, özünə haqq qazandırmağa cəhd edir. Bilirsiniz, Sabit müəllim də haqlı olaraq tələb edir ki, Oqtay Gülalıyevin 400 min manatlıq iddiasına aydınlıq gətirilsin. “5+1” məsələsilə bağlı ətraflı izahat verilsin. Hər halda o da yaxşı görür ki, bu proses hara gedir və Milli Şuranın adamlarının əsas məqsədi nədir.

Əslində Oqtay Gülalıyevin məlum məktubu olmasaydı, bəlkə də gizlinlər heç vaxt üzə çaxmayacaqdı. Hər şey məhz Gülalıyevin məktubu ilə başladı. Açığı, Oqtay Gülalıyev bu məktubu ilə dostlarının əziyyətini də heçə endirmiş oldu. Çünki xeyli müddət hazırlaşıb Koalisiyanın Ümumi Yığıncağında istədiklərinə nail olmuşdular. Prinsipcə heç kəs də buna etiraz etmirdi və hər şey də elə bu şəkildə davam edəcəkdi. Qəfil ortaya Oqtay Gülalıyevin Milli Şuraya məruzəsi çıxdı və Koalisiya üzvləri bundan bərk narahat oldular. Hər kəsə aydın oldu ki, MSŞT Koalisiyasının Ümumi Yığıncağındakı seçkinin taleyi məhz siyasi qərarla həll olunub və əsas məqsəd də bu vətəndaş cəmiyyəti ittifaqını siyasiləşdirərək hakimiyyətə qarşı əlavə cəbhə açmaqdır.

İndi Oqtay Gülalıyev desə də ki, hökumət Koalisiyadakı seçkinin nəticələrinə təsir göstərmək istəyib, bunu heç kəs ciddi qəbul etmir. Çünki hökumətin doğrudan da belə bir niyyəti olsyadı, o halda Oqtay Gülalıyev və dostları Koalisiya Şurasının heç həndəvərinə də yaxın düşə bilməzdilər. Məsələ burasındadır ki, Milli Şuranın adamlarının seçkinin nəticələrinə təsir göstərməsi əslində hökumətin prosesə hər hansı müdaxiləsinin olmaması səbəbindən mümkün oldu.

İndi Koalisiyanın yeni Şurasının legitimlik problemi yaranıb. İclaslarını belə keçirə bilmirlər. Hələ də Koalisiya Şurasının yeni koordinatoru seçilməyib. Çünki bu məsələ yalnız “5+1” tərkibinin iştirakı ilə həll olunarsa, Koalosiya üzvləri həmin iclasın özünü ciddi qəbul etməyəcəklər. Düşünürəm ki, Koalisiyanın özünün fəaliyyəti ciddi sual altına düşüb. Çünki böyük əksəriyyət belə vəziyyətdə davam etməyi məqbul hesab etmir. Ümid edək ki, Koalisiyanın gələcək fəaliyyətinə yaxınlarda tam aydınlıq gələcək”.


Müəllif:

Oxşar xəbərlər