Son vaxtlar Güney Azərbaycanda milli hərəkatın durumunda sanki qeyri-aktivlik müşahidə olunur. Bu istiqamətdə mediada gedən məlumatların sayında da azalma var.
Bəs, Güney Azərbaycanda faktiki olaraq milli azadlıq hərəkatının durumu nə yerdədir? Əvvəlki illərlə müqayisədə güneydən Azərbaycan Respublikasına gələnlərin sayı xeyli dərəcədə azalıb. Bu Həsən Ruhani dönəmində basqıların azalmasının və ya bitməsinin göstəricisi sayıla bilərmi?
Bu sualla müraciət etdiyimiz Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Azərbaycan Respublikasındakı təmsilçisi Nəbi Soytürkun sözlərinə görə, zahirən belə görünür ki, Güney Azərbaycanda milli hərəkatda durğunluq var. Amma o qeyd edib ki, əslində belə deyil: “Bunun tam tərsini söyləmək mümkündür. Ən azı 2-3 hadisə ilə bunun belə olmadığını sübuta yetirmək olar. Məsələn, ötən həftələrdə İranda parlament seçkiləri keçirildi. Qərbi Azərbaycan vilayətinin müxtəlif şəhərlərindəki kürd terrorçuları çox çalışdılar ki, parlamentə kürd millət vəkili göndərsinlər.
Sonra da desinlər ki, bu şəhərlər kürd şəhərləridir. Əgər kürd şəhərləri olmasa, burdan seçilən millət vəkili necə kürd ola bilər?! Bu dəfə gördük ki, Azərbaycan türkləri xüsusi aktivlik göstərdilər. Xüsusilə, Urmiya şəhərində. Urmiyada onların planlarının hamısı puç oldu. Azərbaycanlı millət vəkilləri parlamentə getdilər. Bunu xüsusi aktivlik hesab edirəm”.
N.Soytürk bildirib ki, ikinci məsələ aprelin əvvəlində təmas xəttində baş verən hərbi əməliyyatlar zamanı Güney Azərbaycanda çox ciddi aktivlik oldu: “Mənim özümün də proqnozlaşdıra bilmədiyim bir aktivlik oldu. Hətta, rəsmilər, qeyri-rəsmilər, milli fəallar, hətta fəal olmayan şəxslər Dağlıq Qarabağla bağlı daha nələr etmədilər ki?! Hətta, əməliyyatlar bitəndən bir neçə həftə sonra da müxtəlif şəkildə etirazlar gördük. Orada “Biz Qarabağda savaşarıq” deyərək çoxsaylı fikirlər səsləndi. Bu fikir iqtidarda olan azərbaycanlıların, millət vəkillərinin içinə sıçradı. Onlar da bu fikirləri dilə gətirməyə başladılar”.
Bundan başqa “Tiraxtur” komandasının oyunları zamanı aktivlik müşahidə olunduğunu vurğulayan N.Soytürk, xüsusilə, hər bir yarışda Qarabağla bağlı şüarlar səsləndirildiyini bildirib: “Hesab edirəm ki, aktivlik hətta keçən ilkindən yaxşıdır”.
Son vaxtlar Güney Azərbaycandan Azərbaycan Respublikasına mühacirət edən insanların sayının azalmasına münasibət bildrən N.Soytürk deyib ki, mühacirlərin əsasən sənəd problemi olur: “Güneydən gələnlərdən biri də elə mən özüməm. Bilirsiniz ki, gələnlər BMT-yə müraciət edirlər. BMT də göndərir yaşadığı ölkəyə. O ölkə qəbul etsə, bu adam orda qalır, eləməsə, BMT-yə bir daha müraciət olunur. Bu dəfə BMT onları Avropa, Amerika ölkələrinə göndərir. Vaxtilə Azərbaycan Respublikasına gələnlərin bir çoxu qəbul olundu, onlar da qaldılar. Amma son vaxtlar bu proses bir qədər axsayır. Uzun illərdir ki, vətəndaşlıq ala bilmirik. Onsuz da indi başqa bir dövrdür. Sosial şəbəkələr-filan var, informasiya tez ötürülür. Yəni, bunun səsi-sədası Güney Azərbaycana gedib çatır. Mənə elə gəlir ki, elə bu sənəd qorxusundan, çətinlikdən qaçırlar və bura az gəlirlər”.
Güney Azərbaycanlı soydaşımız Babək Muğanlı isə bildirib ki, əvvəlki proseslər güneydə hazırda da davam etməkdədir. Onun sözlərinə görə, əvvəlki illərdə tutulanlardan hələ də azad olunmayanlar var: “Ancaq orda mükəmməl işlər, təşkilatlanma, həmçinin aydınlaşma gedir. Güneydəki təşkilatların bir-birləri ilə əlaqələri genişlənir. Təbrizdə, Güney Azərbaycandakı başqa şəhərlərdə stadionlarda oyunların gedişatına baxsanız, orada səslənən şüarlardan millətin oyaq olduğu bəlli olur. Yaxud, aprelin əvvəlindəki döyüşlər zamanı şüarlar “Ya Qarabağ, ya ölüm”, “Çağırsan vətən gələrəm, mən yolunda ölərəm” idi. Yəni, xalq orada öz müqəddəratını təyin etməyə hər zaman hazırdır.
Güneydə hərəkat dayanmayıb, vəziyyət çox gözəldir. İran hakimiyyətinin əsas qorxusu da milli hərəkatın son inkişafındandır. Güneydə elə bir durğunluq yoxdur və mən aktivliyin azalması fikri ilə razılaşmıram. Orda təşkilatlanma daha da güclü gedir, aktivlik heç azalmayıb”.
B.Muğanlı qeyd edib ki, Güney Azərbaycandan Azərbaycana Respublikasına gələnlərin sayının azalmasının bir neçə səbəbi ola bilər: “Birincisi, iqtisadi səbəblərdir ki, hazırda orada vəziyyət o qədər də yaxşı deyil. İstər Güney olsun, istərsə də farslar yaşayan məntəqələrdə bu baxımdan vəziyyət eynidir. Düzdür, sanksiyalar götürülüb, ancaq iqtisadi vəziyyət o qədər ağır durumdadır ki, onların xaricə çıxmaq imkanı yoxdur. Gəlib-getməmək vəziyyətlə əlaqədardır. İşsizlik baş alıb gedir, iqtisadiyyat çöküb. Sanksiyalardan sonra əlaqələr bərpa olunmayıb. Deyirdilər ki, sanksiyalar götürülsün, vəziyyət yaxşılaşacaq, amma belə bir şey hələ hiss olunmur”.
B.Muğanlı Həsən Ruhani ilə Mahmud Əhmədinejad dövrlərini azərbaycanlılara münasibət baxımından qiymətləndirib. Qeyd edib ki, onların heç birinin azərbaycanlılara münasibəti dəyişməyib: “Onların azərbaycanlılara münasibəti eyni cürdür. Ruhani gələndən sonra basqılar, təzyiqlər daha da artıb, həbslər daha artıb. Yəni, bunlar hamısı yuxarıdan idarə olunurlar. Milli hərəkata, yaxud azərbaycanlıların hüquqlarının tanınmasına zərrə qədər təsirləri yoxdur. İstər Əhmədinejad dövründə, istərsə də indi.
Düzdür, seçki dövründə gəlib bəzi vədlər verirlər. Bu, dünyanın hər yerində normal qarşılanır. Ancaq xalq bu dəfə buna da getmədi. Son parlament seçkilərində gördük ki, Urmiyada xalq əl-ələ verib kürdləri parlamentə qoymadılar. İki nəfər türkü seçdilər. Bunun özü aktivliyin də mühüm göstəricisi idi. Çalışdılar ki, Urmiyada kürdləşmə getməsin. Azərbaycanlılara münasibət istər Əhmədinejadın, istərsə də Ruhaninin dövründə dəyişməyib”.
Səxavət HƏMİD