Milli Məclisdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən irəli sürülən Amnistiya Aktı müzakirə edilir.
Teleqraf.com xəbər verir ki, müzakirələrdə çıxış edən YAP icra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzov bu təşəbbüsə görə Mehriban Əliyevaya təşəkkür edib: “Heydər Əliyev Fondu yarandığı gündən humanizm prinsipini əsas tutur. Hər il çoxlu sayda insan Heydər Əliyev Fonduna üz tutur, ondan kömək istəyir. Mehriban Əliyeva fonda üz tutan minlərlə insana dəstəkçi olur, onların səhiyyə və digər problemlərini həll edir, açıq ürək əməliyyatlarına dəstək verir. Fond həmçinin sel daşqınları, təbii fəlakətlər zamanı da insanlara ciddi dəstək olur”.
S.Novruzov qeyd edib ki, indi müzakirəyə çıxarılan Amnistiya Aktının qəbulu 28 May Respublika Günü ilə bağlıdır: “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atrubutları ilk dəfə Naxçıvanda qaldırılıb. Qeyd etmək istərdim ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan müstəqillik əldə etməsinə baxmayaraq Amnistiya Aktının verilməsi təcrübəsi ümummilli liderin hakimiyyətə gəlişindən sonra tətbiq edilib. Məhz onun vaxtında ölüm hökmü ləğv edildi. Ondan əvvəl 1 il hakimiyyətdə olanlar 7 nəfərin güllələnməsinə qərar verdi, bir amnistiya aktı belə qəbul etmədi”.
S.Novruzov qeyd edib ki, apardığı kiçik hesablamaya əsasən deyə bilər ki, Heydər Əliyev iqtidarda gələndən bu yana amnistiya aktı 110 min insana şamil edilib: “Bunun 40 mini Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən akta düşüb. Hesab edirəm ki, bu, gözəl təşəbbüsdür. Təklif edirəm ki, müzakirələri yekunlaşdıraq ki, müvafiq orqanlar bu qərarın icrasına cəlb edilsin”.
Nemət