“Sovetski”də yaxşı şərait yaratmaq üçün ucdantutma binaların hamısını buldozerin qabağına vermək də insafdan deyil”.
Bunu Teleqraf.com-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçmiş şöbə müdiri Cahangir Qocayev deyib.
Onun sözlərinə görə, Şəhərsalma və Arxitektura Komitəsinin Böyük Bakının Regional İnkişaf Planına görə, ərazidə yaşıllıq salınmalıdır: “Plana görə, orda bir neçə tarixi abidələr qorunub saxlanmalıdır. Hazırda hansı qərar verilib, onu bilmirəm. Fikrimcə, Üzeyir Hacıbəyovun ev muzeyi və 3-4 məscid mütləq saxlanılmalıdır. Baxmayaraq ki, o ev bir mərtəbəlidir, amma o evdə tarix, mədəniyyət və mənəviyyat var. Orada 1905-ci ilə məxsus ev var. O evi də sökmək olmaz. AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun direktoru Murtuza Nağıyevanın nəvəsi “Sovetski”də yaşayır. Ora onun ata-baba yurdudur. Təbii ki, oradan köçmək istəmir. Elə adamlara fərdi yanaşmanın tərəfdarıyam. Çünki, o orda Murtuza Nağıyevanın adını yaşadır. Obyektlər seçilib sökülməlidir. Həmin ərazini ümumi yaşıllığa çevirmək olmaz. Ərazidə olan tarixi abidələr mütləq qorunmalıdır”.
“Evlərə 10 dəqiqə günəş şüası düşmür”
Keçmiş şöbə müdiri deyir ki, “Sovetski” tarixən kriminal bir zona olub: “Ərazinin sökülməsi şəhər sakinlərinin sağlam və təhlükəsiz bir mühitdə yaşaması üçün əlverişlidir. Orada heç də hamı yaşayış üçün uyğun evlər tikə bilməyib. İnsanların çoxu darısqal, yaşayış üçün yararlı olmayan vəziyyətdə yaşayıblar. Orada evlər var ki, bəlkə də, o evə 10 dəqiqə günəş şüası düşmür. Sanitariya, ekologiya nöqteyi-nəzərindən yaşayış üçün yararlı deyil. Həmin evlərdə yüksək nəmişlik olurdu. Mən işləyən vaxtı sakinlərin bir qismi mənə zəng edirdi ki, Cahangir müəllim bura nə zaman söküləcək? Onun üçün həmin ərazinin sökülməsi planda olub. Tikinti xərcləri Dövlət büdcəsindən ayrıldığına görə, ora əlavə vəsait ayrılması çətin idi”.
“Sovetskiyə ucdantutma süpürgə çəkmək olmaz”
Cahangir Qocayev deyir ki, 1969-cu ildə Bakıda güclü leysan olub və o zaman seldən ən çox ziyan “Sovetski” ziyan çəkib. Sel pəncərədən evlərin içinə dolmuşdu. Çox təəssüf ki, seldən sonra evlərin bir qismi bərpa olub, yaşamaq üçün verildi. Hörülən evlərin bir qismi tikilərkən yapışdırıcı kimi gil materialından istifadə olunub. Evlərin bir hissəsinin zirzəmisi yer səthindən aşağı olduğuna görə sel vaxtı tamamilə dolduğu üçün ərazinin köçürülməsi məsələsi yenidən gündəmdə dayandı. Buna baxmayaraq, vaxtilə ölkənin tanınmış adamları orda mülklər də tikdiriblər. Ona görə Sovetskiyə ucdan tutma süpürgə çəkmək olmaz”.
İşlər 2030-cu ilə qədər icra olunmalıdır
Böyük Bakının Regional İnkişaf Planı hazırlanarkən şəhərin mərkəzi hissəsinin 1500 hektarlıq ərazisinin planının da işləndiyini deyən Cahangir Qocayev deyir ki, bu zaman bir neçə məsələnin həlli gündəlikdə dayanıb: “Şəhərin mərkəzində ekoloji durumun yaxşılaşdırılması məsələsi var. Bu bir tərəfdən nəqliyyatın sıxlığı, digər tərəfdən yaşıllıqların az olması ilə bağlıdır. Ekoloji durumun yaxşılaşdırılması üçün yeni belə bir yaşıllıq məkanına ehtiyac olduğunu deyən layihəçilər təklif etdilər ki, həm yaşıllığın artırılması məsələsi təmin olunsun, eyni zamanda yaşayış üçün təhlükəli olan və münasib olmayan ərazinin abadlaşdırılması prosesi baş versin. Yaşıllıq salınacaq. O bilər ki, yolun salınması da plana daxil edilib”.
Cahangir Qocayev deyir ki, “Sovetski” məsələsinə geniş müzakirədən sonra yanaşmaq lazımdır: “Şəhərsalma məcəlləsinə görə belə qlobal əhəmiyyətli obyektlər əhali ilə müzakirə olunmalıdır. Sakinlərin istəkləri nəzərə alınmalıdır. Vətəndaşlara ərazidə nə olacağı izah olunmalıdır ki, onlar özləri o prosesin iştirakçısına çevrilsinlər. Mən bildiyimə görə, abadlaşdırma işləri 2030-cu ilə qədər icra olunmalıdır”.
İlhamə ƏBÜLFƏT