Bu il 40-ya yaxın İƏT ölkəsində sözügedən proqram çərçivəsində həyata keçirilən təlimlər və “İƏT XİN Sammiti modeli” öz işini başa çatdırıb.
Teleqraf.com xəbər verir ki, 2011-ci ildən etibarən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində gənclərin iştirakı ilə “İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” proqramı keçirilir.
İKGF Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu il 3000-ə yaxın müsəlman gəncin iştirak etdiyi bu proqramda hər ölkədən qalib seçilmiş gənclər “İƏT Gənclər Qlobal Sammiti”ndə iştirak etmək hüququ əldə etmişlər.
İKGF və İran Gənclər Nazirliyi arasında əldə edilən razılığa əsasən “İƏT Gənclər Qlobal Sammitinin” bu ilin oktyabr ayında İranın Məşhəd şəhərində keçirilməsi planlaşdırılır. Qeyd edilməlidir ki, “İƏT Model - Qlobal Sammiti”, hər il İƏT-ə üzv 40-a yaxın ölkənin 200-dən artıq nümayəndəsinin iştirakı ilə daha geniş miqyasda, İƏT-ə üzv ölkələrin birində keçirilir. İlk belə Sammit 2011-ci ildə İstanbulda, ikincisi 2012-ci ildə Rusiyanın Kazan şəhərində, üçüncü 2013-cü ildə Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilmişdir.
Ümumilikdə 2011-ci ildən bu yana Beynəlxalq “İƏT Model” layihələrində 18 mindən yuxarı gənc tələbə və gənclər təşkilatları nümayəndələri iştirak etmişdir.
Cavad