Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünlərdə Soçidə keçirilən ASEAN-Rusiya sammitindən sonra İvan Larionovun yazmış olduğu və çoxlarının rus xalq mahnısı kimi tanıdığı çox məşhur “Kalinka” mahnısına rəqs etmişdi.
Teleqraf.com xatırladır ki, rusiyalı məmurun bu rəqsi geniş rezonans doğurmuşdu. Diqqət çəkən həm də Mariya Vladimirovnanın bu rəqsini ekspromt ifa etməsi, rəqsə hazırlaşmaması və dikdaban ayaqqabılarla ifa etməsi idi. Hamı bunu rusiyalı məmurun məharəti kimi qiymətləndirirdi.
Bu rəqsin ifa edilməsindən cəmi bir gün sonra internetdə yeni video peyda olub. Belə ki, Zaxarovanın rəqs videosu Mixail Bulqakovun “İt ürəyi” povesti əsasında rejissor Vladimir Bortkonun 1988-ci ildə çəkdiyi iki seriyalı eyniadlı bədii filmin birinci seriyasının sonunda Poliqraf Poliqrafoviç Şarikovun oxuduğu məşhur “Şarikovun mahnısı” epizodu ilə montaj edilərək maraqlı videorolik hazırlanıb.
Viderolik bir neçə gün ərzində 85 min nəfərdən çox “Youtube” istifadəçisi tərəfindən baxılıb. Yazılan şərhlərdə videorolikin yüksək səviyyədə hazırlandığı bildirilir.
Qeyd etmək yerinə düşər ki, videoroliki hazırlayanların məharəti M.Zaxarovanın məharətindən heç də geri qalmayıb. “Şarikovun mahnısı”nın sözləri də M.Zaxarovanın rəqsi ilə həmahəng səslənir.
Teleqraf.com hər iki videonu təqdim edir.
Səxavət HƏMİD