Milli Məclisin plenar iclasında “2015-ci ilin dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi davam edir.
Teleqraf.com xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “2015-ci ilin dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi ilə bağlı rəyi təqdim edib.
V.Gülməmmədov söyləyib ki, 2015-ci il Azərbaycan iqtisadiyyatı üçün enerji daşıyıcılarının qiymətinin aşağı olması, tədiyyə balansının həssaslığının artması, ÜDM-də neft sektorunun payının daha da azalması, məzənnə mövqeyinin zəifləməsi, eləcə də orta illik inflyasiya səviyyəsinin son illərlə müqayisədə daha da artması kimi amillərlə səciyyələnmişdi: “Qeyd edilən amillərin təsirinə baxmayaraq, Azərbaycan Prezidentinin apardığı düşünülmüş iqtisadi siyasət və qeyri-neft sektorunun inkişafının diqqətdə saxlanılması hesabat ili üçün büdcə vergi siyasəti üzrə nəzərdə tutulan tədbirlərin reallaşmasına şərait yaradıb, qeyri-neft sektorunun çəkisi artıb, neftdən asılılıq meylləri azalıb.
Dövlət büdcəsinin icrası ilə bağlı müvafiq hesabata əsasən dövlət gəlirləri 2015-ci ildə 17 milyard 497.9 milyon manat və ya 90 faiz səviyyəsində icra olunub. Neft gəlirlərində azalma 15.8 faiz müşahidə edilib. Ümumiyyətlə, neft sektorunda büdcə gəlirlərinin payı 2014-cü ildə 66 faizdən 2015-ci ildə 58.4 faizə qədər azalıb. 2014-cü ilə nisbətən hesabat dövründə dövlət büdcəsinin qeyri-neft mənbələrinin gəlirləri 16.3 faizlik artım, milli iqtisadiyyatın neft seqmentinin sifarişləri hesabına maliyyələşən tələbin səngiməsi, eləcə də bütün mənbələr hesabına investisiya qoyuluşunun 1.1 faiz azalması şəraitində baş verib.
Qeyd edək ki, hesabat ilində bir sıra iqtisadi amillərlə yanaşı, dövlət büdcəsinin gəlirlərinin icra səviyyəsinə milli valyutanın məzənnə rejiminin dəyişməsi, vergi tutma bazasının genişləndirilməsi, vergi və digər icbari ödəniş dərəcələrinin artması da öz təsirini göstərib”.
Təqdim edilən hesbata əsasən, Vergilər Nazirliyi tərəfindən 2015-ci ildə 7 milyard 118.3 milyon, Dövlət Gömrük Komitəsi tərəfindən 1 milyard 591.19 milyon manat məbləğində vəsait icra edilib. Hər iki qurum üzrə proqnoz göstərici 100 faiz səviyyəsində icra edilib. Hər iki qurum üzrə daxilolma əvvəlki illə müqayisədə artıb. Dövlət Neft Fondundan 8 milyard 130 milyon manat vəsait transfer olunub ki. bu da təsdiq olunan planın 78.3 faiz səviyyəsindədir.
Nemət