1 İyun 2016 14:13
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolsonu qəbul edib.

Baronessa Nikolsonun Bakıda keçirilən XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016" sərgisinin açılışında iştirakını yüksək qiymətləndirən dövlətimizin başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun sərgi iştirakçılarına ünvanlandığı məktubuna və məktubda dostluq münasibətləri ilə bağlı fikirlərinə görə minnətdarlığını bildirdi.

Azərbaycan ilə Böyük Britaniyanın çox yaxşı ikitərəfli münasibətlərinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimiz arasında qarşılıqlı anlaşma və qarşılıqlı dəstək yüksək səviyyədədir.

Azərbaycan ilə Böyük Britaniyanın enerji sahəsində uğurlu əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin bir çox digər sahələri də əhatə etdiyini vurğuladı.

Prezident İlham Əliyev ölkəmizin Böyük Britaniyanın kənd təsərrüfatı, texnologiyalar, infrastruktur layihələri və digər sahələr üzrə fəaliyyət göstərən şirkətləri ilə daha fəal əməkdaşlıqda maraqlı olduğunu bildirdi, bu baxımdan birgə işçi qrupun fəaliyyətinin əhəmiyyətindən danışdı.

Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolson Baş nazir Devid Kemeronun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016" sərgisinin açılış mərasimində iştirakından məmnunluğunu ifadə edən Baronessa Nikolson ölkəsinin Azərbaycanın vacib tərəfdaşı olmasından şərəf duyduğunu bildirdi. Baronessa Nikolson Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi kimi ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd etdi.

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Böyük Britaniyanın Baş nazirinə çatdırmağı xahiş etdi.


Müəllif:

Oxşar xəbərlər