1 İyun 2016 18:37
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azercell İnternetdə uşaqların müdafiəsinə xüsusi önəm verən internet təhlükəsizlik sahəsində Kaspersky Lab şirkəti ilə əməkdaşlığa başlayıb.

Teleqraf.com-un məlumatına görə, bununla bağlı bu gün tədbir keçirilib.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən tədbirdə şirkətin prezidenti Vahid Mürsəliyev çıxış edərək uşaqların informasiya təhlükəsizliyi sahəsinə diqqətin vacib olduğunu vurğulayıb. O, kiber-təhlükəsizlik sahəsinin liderlərindən olan Kasperky Lab şirkətinə əməkdaşlığa görə təşəkkürünü bildirib və Azercell üzərindən əldə ediləcək məhsulların nəinki uşaqların, eləcə də böyüklərin internetdən təhlükəsiz istifadəsini təmin edəcəyini əlavə edib.

Bildirilib ki, Azercell-in təqdim etdyi üç yeni xidmət istənilən yaşda olan istifadəçiyə özünü internetdə daha təhlükəsiz hiss etməyə imkan yaradacaq.

Tədbirdə “Ümidli Gələcək” gənclər təşkilatının layihələr üzrə meneceri Ruhanə Əhmədova, Azercell-in Yeni Texnologiyalar, Layihə və Partnyorluq İdarəetmə şöbəsinin rəhbəri Cəmaləddin Həsənov və Kasperky Lab-ın Azərbaycan üzrə regional nümayəndəsi Müşviq Məmmədov “Azercell-lə İnternet təhlükəsizdir!” layihəsi haqqında məlumat veriblər.

Layihə çərçivəsində İnternet şəbəkəsində təhlükəsizliyə yönələn 3 yeni məhsul təqdim olunub. Bunlardan birincisi - “Universal Müdafiə” xidməti adlanır və Kaspersky Internet Security vasitəsilə istənilən cihazın müdafiəsini təmin edir. Bu xidmət vasitəsi ilə istifadəçilər həm özlərinin, həm uşaqlarının, bütün bankçılıq əməliyyatlarının təhlükəsizliyini, həmçinin sosial şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilərlər. Belə ki, yeni xidmət fayl, proqram və veb səhifələri müdafiə edir, saxta veb səhifələr, müdafiəsiz Wi-Fi şəbəkələr vasitəsilə şəxsi məlumatın oğurlanmasına mane olur, zərərverici proqramlar tərəfindən faylların bloklanmasının qarşısını alır, istifadəçini kompüterinin kamerası vasitəsilə gizli güdülməkdən qoruyur. Ən önəmlisi isə uşaqları İnternetin neqativ təsirindən müdafiə edir. Xidmətdəki Təhlükəsiz Proqram Rejimi yalnız etibarlı proqramları istifadə etməyə imkan verir və bütün şübhəli proqramların əməliyyatını məhdudlaşdırır.

İkinci məhsul olan “Android üçün müdafiə” xidməti əsasən Android əməliyyat sistemi üçün istifadə olunur və Kaspersky Internet Security - Android üzərindən işləyən istənilən cihazın müdafiəsini təmin edir. Məhsul cihazın itkisi və ya oğurluğu zamanı onun axtarışı və ya məlumatın silinməsi kimi məsafədən idarə olunmasını, mümkün edir. Bundan əlavə, xoşagəlməz zəng və SMS-lərin filtrasiyası, kənar gözlərdən gizlədilmiş şəxsi kontaktlar da məxfi saxlanılır.

Üçüncü məhsul “Valideyn nəzarəti” adlanır. O, populyar olan əksər əməliyyat sistemləri ilə işləyən Kaspersky Safe Kids müdafiə proqramı vasitəsilə istifadə olunur. Məhsul gənc istifadəçilərin arzulanmayan veb-səhifələrə girişini məhdudlaşdırır, uşaqların İnternetdə istifadə etdiyi proqramlara və sərf etdiyi vaxta nəzarət edir, uşaqların İnternetdə aktivliyi və smartfon vasitəsilə göndərdiyi SMS-lər haqqında detallı məlumatları valideynlərə ötürür, və geoməkan funksiyası sayəsində onların uşaqların yerini müəyyən edir.

Kasperky Lab şirkətinin Azərbaycandankı rəsmi nümayəndəsi Müşviq Məmmədov təqdim edilən məhsulların dəyərli məlumatların qorunmasında və İnternet şəbəkəsindəki fəaliyyətlər üçün rahat və təhlükəsiz mühit yaratmaqda Azərbaycandakı bir çox ailələrə yardımçı olacağını açıqlayıb: Əsas diqqəti İnternetdən daha fəali istifadə edən və orda fərqli təhlükələrlə üzləşə bilən uşaqların təhlükəsizliyinə ayrıcağıq”.

Tədbirdə Pantomima teatrının “Fəlakət və insan” tamaşası təqdim olunub.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər