Sankt-Peterburq görüşünün müsbət nəticələri var.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olarkən hərbçilərlə görüşündə deyib.
Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyev dedi ki, Azərbaycan Ordusu güclənir, maddi-texniki bazası möhkəmlənir, ordumuz müasir texnika və silah-sursatla təchiz olunur, hərbçilərin xidmət şəraiti yaxşılaşır, hərbi hissələrdə və hərbi şəhərciklərdə yenidənqurma işləri aparılır. Ordu quruculuğu prosesinin məqsədyönlü və planlı şəkildə həyata keçirildiyini qeyd edən dövlətimizin başçısı Azərbaycanda yaradılan hərbi-sənaye kompleksinin də müasir səviyyədə olduğunu bildirdi.
Ordumuzda döyüş qabiliyyətinin, mənəvi-psixoloji durumun, vətənpərvərlik ruhunun çox yüksək olduğunu deyən Ali Baş Komandan bildirdi ki, bunu aprel döyüşləri də göstərdi. Ermənistanın aprel təxribatına ordumuzun layiqli cavab verdiyini bildirən Prezident İlham Əliyev bu döyüşləri tarixi qələbə kimi xarakterizə etdi. Hərbi qüdrətimizin daha da artırılmasının əhəmiyyətindən danışan dövlətimizin başçısı dedi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir. Lakin bununla belə, ölkəmiz diplomatik və siyasi səylərini davam etdirəcək. Ali Baş Komandan qeyd etdi ki, işğalçı Ermənistana beynəlxalq təzyiq artanda daim təxribata əl atır. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
Prezident İlham Əliyev bildirdi ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır. Vyana görüşündə Ermənistan tərəfinin şərtlərinin qəbul edilmədiyini vurğulayan Prezident İlham Əliyev dedi ki, Sankt-Peterburq görüşünün müsbət nəticələri var.
Sonda Ali Baş Komandan bir daha vurğuladı ki, ordu quruculuğu sahəsinə bundan sonra da xüsusi diqqət yetiriləcək və Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir.