2 Sentyabr 2016 16:07
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilib.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısı əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşdü.

Bakının ev sahibliyi etdiyi 42-ci Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarışdır. Bakı Olimpiadasında 175 ölkəni təmsil edən 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, yüzlərlə komanda kapitanları və məşqçilər, digər rəsmi nümayəndələr iştirak edirlər. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Yarışları 193 hakim idarə edir. Yarışın idarə olunmasına Azərbaycandan 30 hakim cəlb edilib.

Prezident İlham Əliyev Azərbaycanın kişilərdən ibarət birinci komandasının üzvü Şəhriyar Məmmədyarov ilə Zimbabve şahmatçısı Rodvel Makoto arasındakı partiyada ilk gedişi (D2-D4) etdi.

Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət “Azərbaycan-1” komandası Zimbabve, “Azərbaycan-2” Mozambik, “Azərbaycan-3” isə Papua-Yeni Qvineya milliləri ilə qarşılaşacaq. Qadınların mübarizəsində isə “Azərbaycan-1” komandası Nikaraqua, “Azərbaycan-2” Yaponiya, “Azərbaycan-3” isə Lesoto yığması ilə üz-üzə gələcək.

Sonra dövlət başçısı yarışların keçirildiyi zala baxdı, şahmatçıların oyunlarını izlədi.

Prezident İlham Əliyev qadın şahmatçıların yarışında Rusiya idmançısı Alemsandra Kostinyuk ilə şotlandiyalı Araksamita Grant arasındakı partiyada da ilk gedişi (E2-E4) etdi.

Azərbaycan Prezidenti əlil şahmatçıların yarışına da baxdı.

Prezident İlham Əliyev daha sonra arenada yaradılan şəraitlə tanış oldu.

Dünyanın əsas idman yarışlarından biri olan Şahmat Olimpiadasını ölkəmizdə yüksək səviyyədə keçirmək üçün bütün zəruri addımlar atılıb. “Baku Crystal Hall” bu mötəbər yarış üçün tam hazır vəziyyətə gətirilib. İdmançıların və nümayəndə heyətlərinin burada özlərini tam rahat hiss etmələri üçün mühüm işlər görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib.

Ümumdünya Şahmat Olimpiadası dünyanın diqqət mərkəzində olan tədbirdir. Yarışları işıqlandırmaq üçün 250-dən çox yerli və xarici media nümayəndəsinin qeydiyyatdan keçməsi bunu bir daha sübut edir.

On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Olimpiada ilə yanaşı, sentyabrın 4-dən 13-dək Bakıda FIDE-nin 87-ci Konqresi və Baş Assambleyasının iclasları keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər