31 Dekabr 2016 20:35
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Miladi təqvimlə daha bir il başa çatmaq üzrədir. Cəmi bir neçə saatdan sonra 2016-cı il öz yerini yeni – 2017-ci ilə verəcək. İlin son günlərində dünyanın hər yerində insanlar başa çatmaqda olan ili dəyərləndirir, əldə edilmiş uğurları və yol verilən nöqsanları bir daha və daha dərindən təhlil edir, qazanılan uğurları qeyd edir, yol verilən səhvlərdən lazımi nəticə çıxarmağa çalışırlar. Eyni zamanda başa çatmaq üzrə olan ildə itirilənlər də xatırlanır. Gəlin, 2016-cı ildə dünyanın və Azərbaycanın itirdiyi ictimai-siyasi xadimləri, siyasətçiləri birgə xatırlayaq...

31 yanvar. Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın akademiki, biologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Cəlal Əliyev dünyasını dəyişib. Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifi idi. 1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971-1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, I-III çağırış Milli Məclisin deputatı olub. 2010-cu il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən yenidən Milli Məclisin deputatı seçilib. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri idi.

C.Əliyev fəaliyyəti dövründə iki dəfə keçmiş SSRİ-nin “Qırmızı Əmək Bayrağı” (1978, 1986), Azərbaycan Respublikasının “İstiqlal” (1998) və “Şərəf” (2013) ordenləri ilə təltif edilib, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna (2008) layiq görülüb.

Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra yanvarın 31-də dünyasını dəyişib. Akademik Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

28 fevral. Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidov dünyasını dəyişib. 1992-1994-cü illərdə Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi düşməndən tam şəkildə müdafiə olunub. S.Həmidov Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir hissəsini itirmişdi. O, uzun illərdir yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.

22 mart. Xalq yazıçısı, kinossenarist, Milli Məclin sabiq deputatı Maqsud İbrahimbəyov 81 yaşında vəfat etdi. M.İbrahimbəyov 11 may 1935-ci ildə Bakıda anadan olub. Luiziana Universitetinin Elmi Şurasının fəxri üzvü, Azərbaycan Əslizadələr Məclisinin sədri idi. Əsərlərini rusca yazırdı.

19 avqust. Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının sədri, Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyinin rəhbəri Nazir Quliyev həlak oldu. Nazir Yunis oğlu Quliyev 10 may 1975-ci ildə Beyləqan rayonu Əlinəzərli kəndində doğulub. Ədliyyə Nazirliyi yanında İctimai Komitənin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraının üzvü olan N.Quliyev bir çox layihələrin icraçısı idi.

Məlum hadisə baş verən gün N.Quliyev idarə etdiyi avtomobili Beyləqan rayonu Əlinəzərli kəndinə gedən yolda aşırıb. Avtomobildə QHT rəhbəri ilə yanaşı, həyat yoldaşı və övladı da olub. Onun həyat yoldaşı və övladı xəsarət almayıb. N.Quliyev doğulduğu kənddə dəfn edilib.

1 dekabr. Müstəqil Azərbaycan Partiyasının sədri, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü Nizami Süleymanov dünyasını dəyişdi. N.Süleymanov 1945-ci ildə Hacıqabul rayonunun Rəncbər kəndində anadan olub. 1992-ci ildə keçirilən prezident seçkisində prezidentliyə namizəd olmuş və 1 milyondan çox seçici səsini qazanaraq 33,8 faiz səslə ikinci yeri tutub. Həmçinin 1998-ildə keçirilən prezident seçkilərində 8 faizdən artıq səs toplayaraq üçüncü yeri tutub. 202 elmi əsərin müəllifidir. Bunlardan 181-i Azərbaycandan xaricdə çapdan çıxıb. 56 müəlliflik şəhadətnamələrin və patentlərin müəllifidir.

2016-cı il dünyanın tanınmış siyasi xadimləri itirməsi ilə də yadda qaldı. Sentyabrın 2-də Özbəkistanın ilk prezidenti (1990-2016) İslam Kərimov vəfat etdi. İslam Əbdülqəni oğlu Kərimov 30 yanvar 1938-ci ildə Səmərqənddə doğulub. Avqustun 27-də qəfildən vəziyyəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi. Bütün səylərə baxmayaraq, vəziyyəti yaxşılaşmayan İ.Kərimov sentyabrın 2-də vəfat etdi. Onun ölümü ilə əlaqədar ölkədə matəm elan olundu, bir çox ölkələrdən olan dövlət və hökumət nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimlə Səmərqənddə dəfn edilib.

İ.Kərimovun siyasi fəaliyyəti dövründə yürütdüyü xarici siyasət kursunda Azərbaycan üçün maraqlı bir məqam daha diqqətçəkici olub. Özbəkistan MDB-də yeganə ölkədir ki, Ermənistanla heç bir iqtisadi, siyasi, mədəni münasibət qurmayıb. Bu ölkələrin rəhbərləri heç bir vaxt bir-birlərinə rəsmi səfər də etməyiblər. İndiyə qədər də Özbəkistanın İrəvanda, Ermənistanın isə Daşkənddə səfirliyi fəaliyyət göstərmir.

Sentyabrda daha bir dünya şöhrətli siyasətçi dünyasını dəyişdi. Belə ki, sentyabrın 28-də İsrail siyasətçisi və dövlət xadimi, siyasi karyerası 70 ildən artıq davam edən, ölkənin 9-cu prezidenti (2007-2014) Şimon Peres dünyasını dəyişdi. Ş.Peres 2 avqust 1923-cü ildə Polşada (indi həmin ərazi Belarusa məxusdur) doğulub. O, uzun illər (1959-cu ildən 2007-ci ilədək) Knessetin deputatı, iki dəfə – 1984-86 və 1995-96-cı illərdə İsrailin baş naziri olub. Avoda Partiyasının yaradıcılarından biri və uzun illər sədri olub. Ş.Peres ərəb-İsrail münaqişəsinin tarixindən bəhs edən 11 kitabın və çoxsaylı məqalələrin müəllifidir.

Oktyabrın 13-də Tailand kralı Pxumipon Adulyadet gözlərini əbədi olaraq yumdu. 89 yaşlı kral Çakri sülaləsini təmsil edirdi. O, 70 ildən artıq bir müddətdə (1946-cı ilin iyunundan ömrününü sonunadək) Tailanda krallıq etdi.

Noyabrın 26-da Kuba inqilabının lideri, dövlət, siyasi və partiya xadimi Fidel Aleksandro Kastro Ruz 90 yaşında vəfat etdi. Kimlər üçünsə əfsanəvi lider, kimlər üçünsə də “amansız diktator” olan Fidelin ölümünə bəziləri sevindilər, bəzi ölkələrdə isə 3, 7, yaxud 9 günlük matəm elan olundu.

2016-cı ildə vəfat edən digər tanınmış ictimai-siyasi xadimlər bunlardır:

2 yanvar. Nimr əl-Nimr. Yanvarın 2-də Səudiyyə Ərəbistanı hökuməti şiə din xadimi Nimr Bakir Amin əl-Nimrin edam edildiyini açıqladı. 59 yaşlı dini liderin edamı ölkənin bir sıra yerlərində, xüsusən şiələrin çoxluq təşkil etdiyi yerlərdə, o cümlədən Bəhreyn, Livan və İranda kəskin etirazlara səbəb oldu. Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyinə hücum edildi. Yanvarın 4-də Səudiyyə Ərəbistanı İranla diplomatic əlaqələri kəsdi. Bunun ardınca Bəhreyn və Sudan da İranla diplomatic əlaqələri dayandırdı. Birləşmiş Ərəb Əmirlikləri İrandak səfirini geri çağırdı və əlaqələri müvəqqəti işlər vəkili səviyyəsinə endirdi. Yanvarın 5-də Küveyt də İrandan öz səfirini geri çağırdı, ölkənin xarici işlər naziri İran səfirinə etiraz notası təqdim etdi. Yanvarın 6-da Cibuti, yanvarın 7-də isə Somali İranla diplomatik əlaqələri dayandırdıqlarını açıqladılar.

3 yanvar. İqor Serqun. General-polkovnik, 2011-ci ildən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (daha çox QRU kimi məşhurdur) rəhbəri İ.Serqun 59 yaşında vəfat etdi. Rəsmi məlumatlara görə, İ.Serqun3 yanvar 2016-cı ildə Federal Kəşfiyyat Xidmətinin Moskva vilayətindəki “Moskviç” istirahət evində olarkən qəfildən infarkt keçirərək vəfat edib. Ancaq Amerikanın kəşfiyyat-analitik kompaniyası olan “Stratfor” anonim mənbəyə istinadən İ.Serqunun 1 yanvar 2016-cı ildə Livanda həlak olduğunu bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu versiyanı təkzib etdi. Ancaq ölümündən sonra İ.Serquna Rusiya Federasiyası Qəhrəmanı adının verilməsi onun hansısa döyüş əməliyyatı vaxtı həlak olması ehtimalını güclədirdi.

7 yanvar. Əşrəf Pəhləvi. İran şahzadəsi (şanduxt), sonuncu şah Məhəmməd Rza Pəhləvinin əkiz bacısı Əşrəf Pəhləvi yanvarın yanvarın 7-də 96 yaşında vəfat etdi. Ə.Pəhləvi 1919-cu ildə Tehranda anadan olub. O, 1934-cü ildə bacısı Şəmslə birgə İran tarixində ilk dəfə olaraq çadra-çarşabdan imtina ediblər. Şahzadə Nyu-Yorkda dünyasını dəyişdi. İslan İnqilabından sonra İranı tərk etməyə məcbur olan Ə.Pəhləvi Parisə köçüb və ömrünün sonunadək burda yaşayıb.

21 yanvar. Mustafa Koç. Türk biznesmeni, Türkiyənin ən zəngin adamlarından biri Mustafa Koç yanavrın 21-də 55 yaşında vəfat etdi. Onun ölümünə ürək çatışmazlığı səbəb olub. M.Koç 2003-cü ildən “Koç Holding”in prezidenti idi.

22 yanvar. Miloslav Ransdorf. Çexiyalı siyasi xadim, 2004-cü ildən Avropa Parlamentinin deputatı Miloslav Ransdorf 62 yaşında vəfat edib.

29 yanvar. Sergey Şişkin. Sovet və rus diplomatı S.Şişkin 2008-ci ildən Rusiyanın Uqandada fövqəladə və səlahiyyətli səfiri idi. O, yanvarın 29-da Uqandanın paytaxtı Kampalada 66 yaşında dünyasını dəyişib.

9 fevral. Sebqatulla Modcadidi. Puştu dini lider, 1989-1992-ci illərdə mücahidlərin başçısı, 1992-ci ilin aprelin 28-dən iyunun 28-dək Əfqanıstan prezidenti olmuş S.Modcadidi 91 yaşında Kabildə vəfat etdi.

16 fevral. Butros Butros Qali. Misirli diplomat və dövlət xadimi, BMT-nin sayca 6-cı baş katibi (1992-96) Butros Butros Qali 94 yaşında Qahirədə vəfat etdi. B.B.Qali 1922-ci ildə Qahirədə bütün Misirdə məşhur və nüfuzlu qibti pravoslav ailəsində dünyaya gəlib. Onun babası Butros Qali 1908-1910-cu illərdə Misirin baş naziri olub.

19 fevral. Tamerlan Aquzarov. Rusiya dövlət xadimi, 2015-ci ildən Şimali Osetiya-Alaniya Respublikasının başçısı Tamerlan Aquzarov 53 yaşında Moskvada vəfat etdi.

23 fevral. Ramon Eusebio Kastro Ruz. Kuba inqilabının əsas liderlərindən biri, Fidel və Raul Kastro Ruzun böyük qardaşı Ramon 92 yaşında Kubada dünyasını dəyişdi.

6 mart. Nensi Reyqan. ABŞ-ın Respublikaçılar Partiyasından olan 40-cı prezidenti Ronald Reyqanın dul qadını Nensi Reyqan 94 yaşında Los-Ancelesdə vəfat etdi. N.Reyqan 1981-1989-cu illərdə ABŞ-ın birinci xanımı olub.

18 mart. Bəndər bin Əbdüləziz əl-Səud. Sədiyyə Ərəbistanı şahzadəsi 90 yaşında dünyasını dəyişdi. O, 1953-64-cü illərdə Səudiyyə Ərəbistanının kralı olmuş Səud bin Əbdüləzizin səkkizinci oğlu idi.

18 mart. Gido Vestervelle. Almaniyanın keçmiş xarici işlər naziri (2009-2013) Gido Vestervelle 55 yaşında Köln Universitetinin klinikasında leykozdan vəfat etdi. Mərhum homoseksual idi və bunu gizlətmirdi. G.Vestervelle kaminq-autunu partnyoru Mixael Mrontsla birgə 2004-cü ildə Angela Merkelin (onda hələ federal kansler deyildi) doğum günü ilə bağlı keçirdiriyi qəbulda elan etmişdi. 2010-ci ildə, yəni nazir olduğu dövrdə isə Vestervelle və Mronts münasibətlərini rəsmiləşdirmişdilər.

Bu il Almaniyanın eks-prezidenti Valter Şeelin ölümü ilə də yadda qaldı. 1974-1979-cu ilərdə Almaniya Federativ Respublikasının prezidenti olan V.Şeel avqustun 24-də 97 yaşında dünyasını dəyişdi.

İsrail Dövlətinin dövlət və siyasi xadimi, “Avoda” Partiyasının lideri (2001-2002) Binyamin Ben Elizer avqustun 28-də 80 yaşında vəfat etdi. Mərhum İsrailin milli infrastruktur naziri olarkən (2006-2009) dəfələrlə Bakıya səfər etmişdi. O, Azərbaycan-İsrail münasibətlərinin yaxşılaşması üçün çalışan dövlət xadimlərindən biri idi.

İtaliyanın 10-cu prezidenti (1999-2006) Karlo Adpelo Çampinin vəfatı sentyabrın 16-a təsadüf etdi. 1920-ci ildə doğulmuş Çampi İkinci Dünya Müharibəsi illərində antifaşist hərəkatımnda iştirak edib.

Bu il daha bir Avropa ölkəsinin sabiq prezidenti dünyasını dəyişdi. Belə ki, noyabrın 20-də Yunanıstanın eks-prezidenti Konstantinos Stefanopulos gözlərini əbədi olaraq yumdu. 90 yaşlı Stefanopulos Yunanıstana 1995-2005-ci illərdə rəhbərlik edib.

Dekabrın 5-də Rusiya İslam Komitəsinin sədri, tanınmış ictimai və siyasi xadim, ilahiyyatçı və filosof Heydər Camal Alma-Atada vəfat etdi. 1947-ci ildə Moskvada anadan olan H.Camalın atası – Rusiyanın əməkdar rəssamı Cahid Camal azərbaycanlı, anası – peşəkar çapar İrina Şapovalova rusdur. Uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən və ölümün yaxınlaşdığını hiss edən H.Camal türk yurdunu Qazaxıstanı seçdi və vəsiyyətinə uyğun olaraq Alma-Atada dəfn edildi.

Nəhayət, ilin son günlərində – dekabrın 19-da Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlov Ankarada qətlə yetirildi. A.Karlov 1954-cü ildə Moskvada anadan olub. 1976-cı ildə diplomatik xidmətə başlayıb. 1976-81 və 1984-90-cı illərdə SSRİ-nin Koreya Xalq Demokratik Respublikasındakı (KXDR) səfirliyində, 1992-97-ci illərdə Rusiya Federasiyasının Koreya Respublikasındakı səfirliyində çalışıb. 2001-ci ildən 2006-cı ilədək Rusiyanın KXDR-də səfiri olub. 2013-cü ildə Türkiyəyə səfir göndərilib. 2015-ci ilin noyabrın 24-də Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Su-24 təyyarəsinin vurulması nəticəsində baş verən böhrandan sonra iki ölkənin münasibətlərinin yaxşılaşmasında səfir A.Karlovun şəxsi keyfiyyətlərinin böyük rolu olub. Dekabrın 19-da, axşam saatlarında sui-qəsd nəticəsində həlak olub. Ölümündən sonra Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülüb.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər