“Azərbaycan sərhədlərini qanunsuz pozan insanlarla bağlı İnterpola müraciət etməliyik”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi məsələsinə münasibət bildirib.
O, Teleqraf.com-a açıqlamasında bunun çox vacib bir məqam olduğunu deyib: “Belarus rəhbərliyi hüquqi nöqteyi-nəzərdən ədalətli yanaşma sərgilədi. İkili standartlardan kənar yanaşma göstərdi və qanuna böyük hörmətlə yanaşdı. Bu baxımdan təbii ki, bizim üçün çox vacib bir addımdır. Artıq bu məsələ öz həllini tapıb. Yəqin ki, hüquq-mühafizə orqanları bu əməlin nədən irəli gəldiyi ilə bağlı ciddi araşdırma aparacaqlar və biz bunun nəticəsini görəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, bu, Azərbaycan üçün çox vacib idi. Bilirsiniz ki, belə hallar dəfələrlə baş verib. Müxtəlif dövlətlərin vətəndaşları Ermənistanın hiyləgər siyasətinə uyaraq Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edir, sərhədlərimizi pozur və məsuliyyətdən kənarda qalırlar. Ancaq Lapşinlə bağlı məsələdə qanunun aliliyi öz sözünü deyə bildi”.
R.Rzayev qeyd edib ki, digər məsələlərdə də beynəlxalq hüquq prinsiplərinə bu cür riayət edilməsi çox yaxşı olardı: “Təəssüf ki, dünyada beynəlxalq hüquqsuzluq beynəlxalq hüququ üstələyir. Ancaq ədalət bu dəfə öz sözünü deyə bildi və Belarus rəhbərliyi məsələyə yalnız və yalnız hüquq nöqteyi-nəzərindən qiymət verərək Lapşini Azərbaycanın qanuni tələblərinə uyğun olaraq ekstradisiya etdi. Yəqin ki, istintaq zamanı bir çox məsələlər aydınlaşacaq. Nəhayət ki, bir məsələdə – özü də heç də xırda olmayan bir məsələdə ədalətə, hüquqa üstünlük verildi. Eyni zamanda mütləq qaydada qeyd etməliyəm ki, bu, cənab Prezidentin şəxsi nüfuzundan irəli gələn bir məsələdir. Biz Azərbaycanın azadlığı, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində bir olmağa çalışmalıyıq”.
Bəs, A.Lapşinin ekstradisiyası digər ölkələrin vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinməsində rol oynayacaqmı? R.Rzayev bu suala cavab olaraq deyib: “Əlbəttə, çox böyük rol oynayacaq. Siyasi yanaşmalar tam başqadır. Ermənistanın işğalçı siyasətini dəstəkləyən qüvvələr çoxdur. Onlar münaqişənin hüquqa uyğun həllinin qarşısında dayanırlar. Ancaq cənab Prezidentin mövqeyi bu prosesdə öz sözünü dedi. Vacib məqamlara toxunuldu və ekstradisiya prosesi həyata keçirildi. Düşünürəm ki, gələcəkdə bu cür addımların qarşısının alınmasında Lapşinlə bağlı məsələ böyük rol oynayacaq. Çox istərdim ki, bugünədək Azərbaycan sərhədlərini qanunsuz pozan insanlarla bağlı Beynəlxalq Cinayət Polisi İdarəsi – İnterpola müraciət olunsun. Bu çox vacibdir. Yeri gəlmişkən qeyd edim ki, Lapşin Azərbaycan sərhədlərini dəfələrlə qanunsuz olaraq pozub və müxtəlif pasportlardan istifadə edib. Bu məqamların hamısı sual doğurur və istintaq orqanları yəqin ki, bu suala cavab axtaracaqlar. İnanıram ki, onlar bu suallara cavab tapacaqlar”.
Səxavət HƏMİD