15 İyul 2014 10:40
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən 45 il ötdü

Akif Əlizadə: "Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan inkişafının təməli qoyulub"

Asəf Hacıyev: "Milli liderin hakimiyyətə gəlişi vəziyyəti kardinal dəyişdi"

Məlahət İbrahimqızı: "Ulu öndər dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib"

Aydın Hüseynov: "Qazanılan nailiyyətlərin əsasında Heydər Əliyevin ideyaları dayanır"

Aydın Mirzəzadə: "1969-cu ilin 14 iyul tarixi Azərbaycan tarixində keyfiyyətcə yeni bir səhifə idi"

Dünən Azərbaycan xalqının tarixində əlamətdar günlərdən biri idi. Düz 45 il öncə, 1969-cu ilin məhz 14 iyulunda ümummilli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul plenumunda AKP Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. Qabiliyyətli və bacarıqlı kadr kimi bu postda özünü doğruldandan sonra Heydər Əliyev 1982-ci ilin dekabrında Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçilib və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Beləliklə də, SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 20 il ərzində SSRİ Ali Sovetinin deputatı, 5 il isə SSRİ Ali Soveti sədrinin müavini olub.

Bu önəmli günlə bağlı millət vəkillərinin, ictimai-siyasi xadimlərin ulu öndər Heydər Əliyevlə, həmçinin 14 iyul tarixi ilə bağlı fikirlərini öyrəndik.

Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə partiyanın saytına verdiyi açıqlamasında bildirib ki, Azərbaycan 1969-cu ilə kimi SSRİ-nin tərkibində geridə qalan respublikalardan biri idi. O qeyd edib ki, 45 il öncə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətinin inkişafının təməli qoyulub.

A.Əlizadə bildirib ki, bu gün ölkəmizin dünyada söz sahibinə çevrilməsində, güclənib qüdrətlənməsində, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasında, eyni zamanda sabitliyin bərqərar olmasında Heydər Əliyev siyasəti əsas rol oynayır. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib: "Ulu öndərimiz Azərbaycan dövlətinin, xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün bütün gücü ilə işləyib. Heydər Əliyev hakimiyyətə gələrkən ölkənin gələcək inkişafının proqramını ortaya qoyub və bunun icrası istiqamətində mühüm işlər görüb. O, Azərbaycanı bugünkü firavan həyata gətirib çıxarıb. Bu gün ölkəmiz ildən-ilə inkişaf edir. Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir".

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev həmin tarixi bu cür xatırlayır: "Mən həmin vaxt Moskva Dövlət Universitetinin ikinci kurs tələbəsi idim. Orada Qərb qəzetləri satılırdı. Mən ingilisdilli bir qəzetdə oxudum ki, kommunist respublikalarının birində hakimiyyət dəyişikliyi olub. Belə ki, Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilib. Mən o zaman buna o qədər də ciddi əhəmiyyət vermədim. Amma düz bir ildən sonra həmin qəzetlərin manşet yazılarında Heydər Əliyevin gördüyü işlərdən bəhs olunurdu. Həmin qəzetlərdə yazılırdı ki, müttəfiq respublikaların birində görünməyən hadisə baş verir. Yeni kommunist lider rüşvətxorluqla mübarizə aparır. Təbii ki, burada söhbət Heydər Əliyevdən gedirdi".

A.Hacıyev deyib ki, Heydər Əliyev hakimiyyətə gələn zaman Azərbaycan çox ağır iqtisadi durumda idi: "Ölkəmiz 15 müttəfiq respublika içərisində ən axırıncı yerdə gedirdi. Lakin ümummilli liderin hakimiyyətə gəlişi ilə vəziyyət kardinal şəkildə dəyişdi. Ölkənin iqtisadiyyatı və sənayesi inkişaf etməyə başladı. O zaman Azərbaycan bir neçə dəfə keçici bayraq aldı. Hətta o vaxt deyirdilər ki, ilk dəfə olaraq kommunist respublikasında demokratiyanın əsası qoyulub. Təbii ki, buradan sual ortaya çıxır: bəs bunun kökündə nə dayanırdı? Hesab edirəm ki, bunun kökündə yalnız bir amil dayanırdı. Belə ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın mənəvi həyatına yeniliklər gətirdi. Ulu öndər xalqa göstərdi ki, hər şeyin kökündə mənəviyyat dayanır. Əgər mənəvi həyat zəngin olsa, onda demokratiya da olar, iqtisadiyyat da inkişaf edər. Ümummili liderin yorulmaz fəaliyyəti sayəsində 1982-ci ildə Hüseyn Cavidin nəşi Sibir mədənləri dərinliyindəki katorqa məzarlığından gətirildi. Bəlkə də, Heydər Əliyev bu addımı atarkən, müxtəlif problemlərlə rastlaşa bilərdi. Amma ulu öndər qorxmadı və bunu etdi. Hesab edirəm ki, bunun kökündə çox dərin bir amil durur. Təbii ki, bu, gənc nəslə bir mesaj idi. Belə ki, hər bir insan öz xalqının mənəvi dəyərlərinə sadiq qalmalı və onu yüksək tutmalıdır".

"Ulu öndər Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev millətimizin və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib".

Bunu Heydər Əliyevin hakimiyyətə gəlişinin 45-ci ildönümü ilə bağlı fikirlərini bölüşərkən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, ulu öndər Heydər Əliyev hələ Sovet İttifaqının tərkibində respublikada rəhbər vəzifələrdə çalışdığı dönəmlərdə belə Azərbaycanın və azərbaycanlıların gələcəyini düşünüb və bu günümüz üçün böyük işlərin, layihələrin əsasını qoyub. Onun sözlərinə görə, ölkəmiz ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra düşdüyü çətin vəziyyətlərdən məhz ulu öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində xilas olub:

"Dövlətimizin sağlam, sarsılmaz təməllər üzərində bərqərar olmasının əsası da o dövrlərdə qoyulub. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin praqmatik siyasəti ilə ölkəmiz daha da yüksək inkişaf xətti ilə irəli gedir".

YAP Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov Azərbaycanın inkişaf və tərəqqisinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, 45 il əvvəl ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə xalqımızın tarixində və taleyində yeni bir mərhələ başlanıb: "Bu, tariximizə qızıl hərflərlə yazılmış hadisədir".

Müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu deyən A.Hüseynovun sözlərinə görə, müasir Azərbaycanın inkişafı Heydər Əliyev siyasətinin nəticəsidir. O bildirib ki, milli lider Heydər Əliyev ölkəmizin inkişafına özünün müdrik, cəsarətli siyasəti, yorulmaz fəaliyyəti ilə nail olub: "Ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan bu gün özünün yüksək inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə böyük nailiyyətlərə imza atır. Bu gün ölkəmiz hərtərəfli surətdə inkişaf edir. Qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyevin böyük, parlaq ideyaları dayanır".

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə iyulun 14-nün Azərbaycan tarixində çox əlamətdar bir gün olduğunu qeyd edib. O bildirib ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi olub.

A.Mirzəzadə qeyd edib ki, Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təbiətindən gələn təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarını problemlərin həllinə yönəltməyə imkan verdi. "Bu dövrdə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verdi. Mövcud müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açdı. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250 yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yerləri demək idi. Bir neçə ali, onlarla ixtisas məktəbləri açıldı. Həmin dövrdə Azərbaycanda mənzil fondu faktiki olaraq, 2 dəfə artdı".

Onun sözlərinə görə, bu dövrdə Azərbaycan nəinki SSRİ, hətta dünya miqyasında tanınmağa başlayıb: "Artıq Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri dünya səviyyəsində ölkəmizin milli dəyərlərinin təbliğatçısına çevrilirdilər. Həmçinin, Azərbaycan alimləri əldə etdikləri elmi nailiyyətləri ilə həm SSRİ-nin, həm də dünyanın aparıcı elm müəssisələri tərəfindən tanınır və qəbul edilirdi. Bununla yanaşı, milli düşüncə, təfəkkür gücləndi. Artıq dövlətimizin tarixi tədqiq edilməyə və öyrənilməyə başlandı, ədəbiyyata diqqət ayrıldı, Azərbaycan dilinin inkişafı üçün böyük işlər görüldü".

Səxavət HƏMİD


Müəllif: