4 Avqust 2014 15:59
1 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musa Urud: “Bunun iki başlıca səbəbi var”

Fəzail İbrahimli: “Böyük dövlətlər buna imkan vermir”

“Ermənstana sanksiyaların tətbiq olunmaması bütün xalqımızı narahat edən bir məsələdir. Cənab prezident də dəfələrlə qeyd edib ki, çox təəssüf, dünyada ikili standartlar var. Həmin ikili standartlar imkan vermir ki, BMT-nin qərarları həyata keçirilsin, yaxud da ATƏT konstruktiv, doğru bir qərar qəbul etsin. Ermənistana sanksiyalar, hərbi güc tətbiq olunmalı, Ermənistan işğalçı dövlət kimi belə deyək, öz yerində oturdulmalıdır”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. O əlavə edib ki, buna baxmayaraq 22 ildir BMT-nin 4 qətnaməsi adi kağız parçası olaraq qalmaqdadır: “BMT-nin özü də belə qərarların icrası olmadığına görə nüfuzdan, hörmətdən düşür və cəmiyyət arasında, insanlar arasında etimadını itirir. İlk növbədə heç olmasa bunu düşünsünlər, bunu fikirləşsinlər. Çox təəssüf olsun ki, ATƏT-in Minsk Qrupu bu işi öz öhdəsinə götürməsinə baxmayaraq bir dəfə də kimin işğalçı, kimin işğala məruz qaldığını dilinə gətirməyib. Bu, ikili standartların bariz nümayişidir”.

Deputat təəssüflə qeyd edib ki, gizli olsa da, yəni aşkar deyilməsə də bu gün Ermənistana münasibətdə dövlətlər xristian həmrəyliyi nümayiş etdirirlər: “Qərb dövlətləri Ermənistanı bir xristian dövləti, müsəlman dövlətləri arasındakı bir xristian adası kimi qəbul edir, ona aşkar və gizli şəkildə dəstək verirlər. Amma onların həmin xristian qardaşları istər xristianlığın, istərsə də digər səmavi dinlərin tələblərini kobud şəkildə pozur, günahsız insanları qətlə yetirir, Xocalı kimi soyqırımlar törədir, 1 milyondan artıq insanı 25 ildir ki, qaçqın və məcburi köçkün vəziyyətində saxlayırlar. Təəssüflər olsun ki, bu gün təkcə Ukrayna istisna olmaqla dünyanın yalnız müsəlmanlar yaşayan ölkələrində müharibələr gedir və bu müharibələrdə xristian silahları satılır. Bax bu məsələ, yəni ermənilərə ikili standartlardan yanaşılması münaqişəyə birdəfəlik son qoyulmasına imkan vermir”.

M.Quliyev, həmçinin deyib ki, xristian həmrəyliyindən başqa geopolitik maraqlar da Ermənistana sanksiyaların tətbiq olunmasına imkan vermir: “Azərbaycan çox güclü iqtisadi potensialı, təbii sərvətləri və geopolitik mövqeyi olan bir ölkədir. Azərbaycan istər kommunikasiya yollarının keçməsi, istərsə də Xəzər dənizindəki və qurudakı yeraltı sərvətləri, resursları, bərəkətli torpağı, iqlim qurşağı ilə dünyanın bir çox dövlətlərinin marağının kəsişdiyi bir nöqtədir. Bu problemi uzatmaqla da hər kəs istəyir ki, özünün marağını təmin etsin. Təəssüflər olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyinin uzaqgörənliyinin olmaması nəticəsində Qarabağ məsələsi ilk vaxtlarda həll olunmadı. Bundan sonra məsələ beynəlxalq müstəviyə keçdi. Beynəlxalq müstəviyə keçdikdən sonra isə artıq geopolitik maraqların toqquşma obyektinə çevrildi. Bu gün Ermənistana iki səbəbdən sanksiya tətbiq olunmur. Birinci, xristian həmrəyliyinə, ikincisi isə beynəlxalq güclərin Azərbaycanda olan çirkin maraqlarına görə”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli isə bildirib ki, böyük dövlətlərin Qafqazdakı maraqları Ermənistana sanksiyaların tətbiq olunmasına imkan vermir: “Hər bir böyük dövlət Qarabağ münaqişəsini öz maraqlarına uyğun həll etmək istəyir. Bu isə mümkün deyil. Yəni, 3-4 marağın qovuşduğu bir yerdə həmin maraqların hamısını eyni şəkildə təmin etmək olmaz. Sanksiyalar ona görə tətbiq olunmur ki. bu proses hələ davam etsin, Azərbaycanın başı üstündə “Domokl qılıncı” asılsın, Azərbaycana diqtə etmək imkanı olsun, Azərbaycan bir az səksəkəli yaşasın. İkincisi, Qafqaz regionunda sülh və əmin-amanlıq dünyaya sərf etmir. Qafqazda o zaman sülh və əmin-amanlıq ola bilər ki, Qafqaz bir ölkənin nüfuz dairəsi daxilində olsun. Zahirən hər üç respublika müstəqildir. Amma mənhus düşüncələr var. Məsələn, Rusiya keçmiş SSRİ ərazisini elə öz ata-baba torpağını hesab edir. Rusiya heç vaxt istəməz ki, hansısa böyük dövlət gəlib Qafqazda nüfuz dairəsinə daxil olsun. Ona görə də imkanı daxilində bu məsələləri qızışdırmağa çalışır, Ermənistan tərəfini silahlandırır”.

F.İbrahimli qeyd edib ki, sanksiyaları tətbiq edən böyük dövlətləridir və onların heç biri də Ermənistanla pis olmaq istəmir: “Bunların heç biri gələcəkdə Qafqaz regionunda nüfuz dairəsində özünün yerini tutmaq üçün bu dövləti itirmək istəmir və hər biri çalışır ki, Ermənistanla dil tapsın. Azərbaycana görə Ermənistanla pis olmaq istəməyən dövlətlər ikili standartlar siyasəti yürüdürlər. Ona görə də Ermənistana sanksiyalar tətbiq olunmur”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər