Uzun adama Azərbaycandan qısa mesajlar
Türkiyənin yeni prezidenti bəlli oldu. Ölkədə ilk dəfə prezident ümumxalq səsverməsi ilə seçildi. Avqustun 10-da keçirilən seçkilərdə namizəd kimi Rəcəb Tayyip Ərdoğan, Əkmələddin İhsanoğlu və Səlahəddin Demirtaş iştirak edirdi. Baş nazir Ərdoğan müxalifətin vahid namizədini və Demirtaşı üstələyərək 12-ci prezident seçildi. Ədalət və İnkişaf Partiyasının sədri səslərin 51 faizini toplayaraq qalib gəldi. Beləliklə, Rəcəb Tayyib Ərdoğan Türkiyədə ilk dəfə ümumxalq səsverməsi ilə seçilən birinci prezident kimi adını tarixə yazdırdı.
Ərdoğan qələbəsi münasibətilə məşhur "balkon çıxışı"nı edib və prezident seçkilərində ona olan etimada görə tərəfdarlarına minnətdarlığını bildirib.
Ərdoğan qeyd edib ki, bundan sonra o, əvvəlki kimi, Türkiyədə xalq və demokratiya üçün çalışacaq.
Rəcəb Tayyib bildirib ki, yalnız ona səs verənlərin deyil, 77 milyonluq Türkiyənin prezidenti olacaq: "Bu gün itirən yalnız kirli siyasət və siyasətdən kənar güclər oldu, onlar ibrətlik dərs aldılar. Bu gün yeni bir toplumsal uzlaşma mərhələsini birlikdə başlayaq. Köhnə müzakirələri köhnə Türkiyədə qoyaq".
Ərdoğan müxlalifətin bu gündən etibarən öz siyasətinə yenidən baxacağına inandığını deyib: "Yeni Türkiyə ilə uzlaşan bir müxalifət və siyasət tərzinin inşa ediləcəyinə inanıram".
İhsanoğlu Ərdoğanı təbrik etdi
Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasının vahid namizədi ("çatı adayı") Ekmeleddin İhsanoğlu qalibiyyəti münasibətilə Ərdoğanı təbrik edib. O, özünün topladığı 39 faiz səsin çox əhəmiyyətli olduğunu vurğulayıb: "Bu səs bir ay əvvəl "İhsanoğlu tanınmır, siyasəti bilmir" deyənlərə ithaf olunur. Demokratiyamız üçün xeyirli nəticə olsun. Hörmətli baş naziri təbrik edir, uğurlar diləyirəm. Məni dəstəkləyən hər bir partiyaya, könüllülərə və seçicilərə təşəkkür edirəm".
"Qalib Ərdoğan deyil"
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə seçkinin qalibinin Ərdoğan olmadığını söyləyib: "Qalib dövlət mexanizminə qarşı böyük cəsarətlə yarışdıqları üçün hörmətli İhsanoğlu və cənab Dəmirtaşdır. Qarşılarında cəmiyyəti qütbləşdirən, bölən bir namizədə qarşı mübarizə apardılar. Tətil edənlər, boykotçular və seçkidə iştirak etməyən seqmentlər olmasaydı, Ərdoğan 51 faiz səs toplamayacaqdı və seçki ikinci tura qalacaqdı".
"Seçki olsa, yenə Ekmel bəyi namizəd göstərərəm"
Kılıçdaroğlu "Ekmeleddin İhsanoğlunun namizəd göstərilməsinin yanlış olduğu" barədə səslənən fikirləri də şərh edib: "Bu gün seçki olsa, yenə CHP-nin namizədi kimi hörmətli İhsanoğlunu göstərərdim. Qazandığı nəticələr bunu göstərir. Türkiyə siyasəti cənab İhsanoğlu kimi tərtəmiz bir ad qazanıb".
CHP lideri 30 Mart bələdiyyə seçkilərində 43 faiz səs topladıqları halda, Ekmeleddin İhsanoğlunun prezident seçkilərində 38 faiz səs toplamasına da aydınlıq gətirib və səslərin itirilməsini belə əsaslandırıb: "Rəqəmlər bunu göstərir. Tətil edənlər, boykotçular və səs verməyə gəlməyən insanlar və Dəmirtaşa gedən səslər buna səbəb ola bilər".
"Seçkiyə gəlməyənlər məsuliyyət daşıyır"
MHP-nin lideri Dövlət Baxçalı seçkiləri belə şərh edib: "Seçkiyə gəlməyənlər Türkiyənin bundan sonrakı uğursuzluqları üçün məsuliyyət daşıyır. Bu gün rüşvət dəstək qazanıb, dürüstlük məğlub olub".
Onun sözlərinə görə, Ərdoğan seçki kampaniyasını heç bir ədaləti, vicdani və əxlaqi dəyərləri gözləmədən icra edib.
Ərdoğan baş nazir postundan nə zaman gedir?
Mədəniyyət və turizm naziri Ömər Çəlik Ərdoğanın baş nazir və AKP sədri postundan gedəcəyi tarixi açıqlayıb. Onun sözlərinə görə, prezidentin inaqurasiya mərasimindən sonra yeni baş nazirin adı açıqlanacaq və Ərdoğan həmçinin hakim partiyanın sədri vəzifəsindən uzaqlaşacaq.
AKP-nin mətbuat xidmətinin rəhbəri Hüseyn Çəlik isə yeni baş nazirin kim olacağına belə aydınlıq gətirib: "Bu günlərdə AKP-nin Mərkəzi Qərar və İdarə Heyətinin iclasında, bəlkə də, bir neçə gün sonra baş tutacaq müşavirə və konfranslarımızda yeni baş naziri və prezidentimizi elan edəcəyik".
O əlavə edib ki, millət, ölkə və AKP üçün ən doğru nəticə əldə olunub.
Abdullah Gül AKP-yə geri dönür
Bu arada hazırki prezident Abdullah Gül AKP-yə geri qayıdacağını bəyan edib: "Partiya qurucusu kimi AKP-yə geri dönəcəm. Bu partiyanın qurucusu, ilk baş naziri və prezidentiyəm. Partiyaya geri qayıtmaqdan daha təbii bir şey yoxdur. Hayrünnisa xanım hələ Çankaya köşkündən əvvəl Türkiyədən kənarda başa düşdü ki, o, prezident xanımıdır. Türkiyə çox şeyləri geridə qoydu. Prezidentliyim müddəti bitəndə, şübhəsiz ki, partiyama geri qayıdacağam. Partiyama qayıtmaq mənim üçün təbii bir şeydir. İnanıram ki, Türkiyə yoluna çox güclü şəkildə davam edəcək. 28 avqustdan sonra partiyama qayıdacağam. Mənim siyasi mücadiləm ortadadır. Mən keçmişimlə yaşamıram, gələcəyə baxıram, səbrlə problemlərin həlli üçün çalışıram".
Azərbaycanın müxalifəti isə "Gündəlik Teleqraf"a Ərdoğanın qalibiyyətini şərh edib.
"Xalqın iradəsi ilə seçilibsə, Ərdoğanı təbrik edərik"
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı qeyd etdi ki, Müsavatın Türkiyədə gedən proseslərə yanaşması sadədir: "Biz Türkiyə vətəndaşlarının iradəsinə hörmətlə yanaşırıq. Bizim üçün əsas prioritet saxtakarlığın, qanun pozuntularının olmaması, xalqın iradəsi ilə öz hakimiyyətini seçməsidir. İndiyədək hansısa saxtakarlıqlara, qanun pozuntularına yol verildiyi barədə məlumat yoxdur. Müxalifət qüvvələri yalnız administrativ resursun seçki prosesinə cəlb olunması iddialarını ortaya qoyublar. Bu baxımdan, seçkilərin nəticələrinin rəsmi şəkildə elan olunmasını və seçkilərin keçirilməsində qanun pozuntularına yol verilib-verilməməsini öyrəndikdən sonra seçkilərlə bağlı fikir bildirməyimiz düzgün olar". Onun sözlərinə görə, Ərdoğan seçkilərdə qanun pozuntularına yol verilmədən xalqın iradəsi ilə seçilibsə, Müsavat onu təbrik edəcək.
"Prezidenti təbrik praktikası bizdə yoxdur"
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa söylədi ki, Türkiyədəki seçkilər proqnozlaşdırılan kimi oldu. Onun fikrincə, Türkiyə cəmiyyətinin indiki vəziyyətində başqa bir nəticə gözlənilmir: "Xalqın seçiminə hörmətlə yanaşmaq lazımdır. Bəzən belə ifadələr işlədilir ki, cəmiyyət nəyisə doğru və ya yanlış etdi. Bizim əslində buna qarışmağımız doğru deyil. Türkiyə cəmiyyəti kimi seçirsə, demokratiyanın qaydaları üzrə bunu edirsə, burada irad, yaxud narazılıq səsləndirmək doğru deyil. Görünür, daxili siyasətdəki müəyyən addımları, kürd məsələsinin çözümü ilə bağlı təklif etdiyi variant Ərdoğanın seçilməsində əsas rol oynayan amillərdən biridir. Bütövlükdə Azərbaycanla bağlı münasibətlərdə dəyişiklik olmayacağını indidən söyləmək olar. Xarici siyasətdə Ərdoğanın avtoritar üslubu Türkiyə üçün faydalı nəticələr ortaya qoymayacaq. Bu ritorika dəyişməzsə, xaricdə daha çox düşmən toplayacağı siyasəti müşahidə olunacaq".
F.Mustafa qeyd etdi ki, rəhbərlik etdiyi partiya Ərdoğana təbrik ünvanlayacaq: "Bizdə bir ölkənin prezidentinin seçiminə reaksiya vermək praktikası o qədər də yoxdur. Adətən, AKP iqtidar partiyaları ilə əməkdaşlıq edir. Bir dəfə də olsun Ərdoğanın müxalifət partiya təmsilçiləri ilə görüşünün şahidi olmamışıq. Məsələn, Süleyman Dəmirəl bunu edərdi. Amma siyasi etiket qaydası olaraq Türkiyə xalqına görə, Türkiyə naminə Ərdoğana təbrik göndərəcəyik".
"Uzun Adam, yolunu Allah açsın!"
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev birbaşa seçkilərdə Türkiyənin yeni prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanı qələbə münasibəti ilə virtual olaraq təbrik edib. Ə.Əliyevin "Facebook" sahifəsində paylaşdığı təbrik mesajında deyilir: "Türkiyə Cumhuriyyəti Yüksək Seçim Qurumu seçkilərin ilkin nəticələrini açıqlayıb. Seçki I turda yekunlaşdı. Rəcəb Tayyib Ərdoğan Türkiyənin cümhuriyyətçilik dönəmində birbaşa seçilmiş ilk prezident oldu. Bu başarı ilə onu, rəhbərlik etdiyi siyasi təşkilatı və bütövlükdə Türkiyə xalqını təbrik edirəm. Ötən dönəm Türkiyə dövlətçiliyi üçün böyük imtahan dövrü oldu. Türkiyə üzərində kontrolu itirən xarici güclər son illər ardıcıl olaraq qardaş ölkəni müxtəlif vasitələrlə hədəfindən yayındırmağa can atırlar. Xüsusən son bir ildə dış dəstəkçilərdən təlimat alan cərəyanlar bütövlükdə Dövlətə təhdid nümayiş etdirirdilər. Mövcud şəbəkələrin Azərbaycan uzantılarının da şahidi olduq. Bugünkü Qələbə bütün Türkiyəsevərlərin qələbəsidir. Bizlərə güclü və bağımsız Türkiyə lazımdır. Düşünürəm, bu mərhələ üçün mühüm nəticə əldə edildi. Qardaş ölkəyə yeni başarılar. Uzun Adam, yolunu Allah açsın!"
"Əli Kərimli Ərdoğana təbrik məktubu göndərib"
AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, Türkiyə vətəndaşı seçimini etdi və iradəsini ortaya qoydu: "Seçici Rəcəb Tayyib Ərdoğanı Türkiyənin 12-ci prezidenti seçdi. Xalqın iradəsinə hörmət etmək lazımdır. Çoxlu sayda seçiciyə başqa şans buraxmadıqları üçün bu qələbədə müxalifətin də rolunu qeyd etməliyik. Müxalifətin vahid namizədi də kifayət qədər səs toplayıb, amma istənilən halda qalib Ərdoğandır. İhsanoğlu dünyaca məşhur insan olsa da, hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğan daha güclü namizəd idi. Türkiyəmiz üçün xeyirli, uğurlu olsun! Artıq partiyamızın sədri Əli Kərimlinin prezident seçilməsi münasibətilə onu təbrik edib".
Elçibəyin kürəkənindən təbrik mesajı
Mərhum prezident Əbülfəz Elçibəyin kürəkəni, siyasətçi Aqil Səmədbəyli Türkiyənin yeni ölkə başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik edib: "Türkiyə Cümhuriyyətinin prezidenti, hörmətli Rəcəb Tayyib Ərdoğan! Sizi Türk və İslam aləminin ulduzu olan Türkiyəmizin 12-ci prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm! Siz 9 seçkini ard-arda udaraq Türkiyə siyasi tarixinə önəmli imza atdınız. Ümid edirəm ki, bu uğurunuz Türkiyənin Türk dünyası ilə bütövləşməsinə, məzlum xalqların xoş günlərə qovuşmasına öz təsirini göstərəcək. Türkiyədəki seçkilər Azərbaycan xalqı tərəfindən diqqətlə və həyəcanla izlənib, keçirilən seçkilərin ədalətli olması xüsusi sevinclə qarşılanıb. İnanıram ki, hər zaman olduğu kimi, Azərbaycanın yanında olacaqsınız. Sizə uğurlar diləyir, can Türkiyəmiz üçün xeyirli olsun deyirəm".
Nərgiz EHLAMQIZI