23 Avqust 2014 10:32
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seyid Camal Əzimbəyli: "Bu, təkfirçi radikal islamçıların da əməli ola bilər"

Şəhidlər xiyabanında dəfn olunan, 1990-cı il 20 Yanvar hadisələrində qurban getmiş İlham və Fərizə Allahverdiyevaların qəbri üzərində bu günlərdə təhqiramiz izlər qoyulub. İctimaiyyət arasında, eləcə də sosial şəbəkələrdə geniş rezonans doğuran hadisə hiddətlə qarşılanıb.

İlham Allahverdiyevin anası Ofelya İbrahimova açıqlamasında olaydan sarsıldığını deyib: "Ürəyimə daha bir dağ çəkildi. Bu dəfəki dağı dağ da götürməz. Bu hadisə hamımızı sarsıdıb. Kimə neyləmişik? Belə Allahsızlıq, belə rəzalət olar?!"

Ofelya İbrahimovanın sözlərinə görə, bu hadisədən sonra yataq xəstəsi olan, iflic qızı Rəsmiyyənin halı pisiləşib: "Bu təhqirə övladlarım tab gətirmir. Hadisə barədə eşidən kimi oğlum Elxan Şəhidlər xiyabanına getdi. Şəhidə qarşı belə hərəkətə kim cəsarət edə bilər? Həmin adamlar tapılıb cəzalanmayınca, mənim ürəyim sakit olmayacaq".

İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev bildirib ki, hadisə ilə əlaqədar hər iki ailənin nümayəndəsi hüquq-mühafizə orqanlarına müraciət edib: "Bu barədə eşidən kimi həyat yoldaşımla birgə getdim xiyabana. Gördüm Fərizənin bacısı da oradadır. Qəbri təmizləmək üçün özümüzlə vasitə götürmüşdük, ancaq biz ora çatanda artıq təmizləmişdilər. Orada bir-iki qadın da vardı. Dedilər ki, qəbirdəki izləri səhər saatlarında görüblər. Sonra Səbayel Polis İdarəsinə getdik, təhqiqat aparmaq üçün iddia ərizəsi yazdıq. Sonra qayıtdıq ki, prokurorluğun işçiləri də gəlib ora.

Bu cinayətdə hansı şərəfsizin əli var, ümid edirik tapılacaq. İlhamla Fərizə təkcə bizim ailənin nümayəndəsi deyil. Bütün Azərbayacana məxsusdur. Hər iki ailə bu cinayətdə kimin əli varsa, həbs olunmasını istəyir!

Şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Şəhidlər xiyabanında nalayiq hərəkətlərə yol verilməsi birinci dəfə deyil. O bununla bağlı indiyədək Bakı Şəhər İcra hakimiyyətinə, millət vəkillərinə rəsmi müraciət də edibmiş: "Ailəmlə birgə Şəhidlər xiyabanını gecə saat 12-dən sonra da ziyarət etdiyim olub. Dəfələrlə şahid olmuşuq ki, bahalı maşınlardan enən gənc qız və oğlanlar yanlarındakı itləri, köpəkləri qəbir daşlarının üzərindən tullandıra-tullandıra, hay-küylə keçib gediblər. İradımı bildirdikdə mənə ailəmin yanında deyiblər ki, get işinlə məşğul ol! Bununla bağlı dəfələrlə mətbuatda çıxış etmişəm, oğlum Mirbəhram da "525-ci qəzet"də "Şəhidlər xiyabanı qınaq obyekti" başlıqlı məqalə yazıb.

Şikəyətlərimə, müraciətlərimə heç bir cavab verilməyib. Hətta bir müraciətimdə bildirdim ki, vətən uğrunda, keçmişimiz, gələcəyimiz uğrunda canını fəda etmiş şəhidlərimizin uyuduğu yer rəsmi qonaqlar üçün protokol ziyarətinə çevrilsin.

Xalqımızın müqəddəs ziyarətgahına qarşı bu cür qeyri-əxlaqi, nalayiq, natəmiz münasibət göstərən şəxslər ora buraxılmamalıdır və onlar cəzalanmalıdır.

Şəhidlər xiyabanı bəlkə də ən əxlaqsız insanların gecə saat 1-dən sonra görüş yerinə çevrilib. Düşünürəm ki, bu məsələyə dövlət başçısı özü reaksiya verəcək. İnanıram ki, indən belə Şəhidlər xiyabanının müqəddəs məkan olduğu insanların ictimai şüuruna, mənəviyyatına hopdurulacaq.

Dövlətin Şəhidlər xiyabanına ciddi mühafizə ayırması vacibdir. İki polisin mühafizəsi kifayət deyil. Ora əsgər keşik çəkməlidir. Deyirlər, orada müşahidə kamerası quraşdırılmayıb. Bu, rəzalətdir".

Seyid Camal Əzimbəylinin fikrincə, bu rəzalətin baş verməsi erməni mənşəli şəxslərin, o cümlədən özlərini radikal islamçı kimi təqdim edən, Azərbaycanda son 11 şəhidi "leş" adlandıran, özlərini vəhhabi təriqətindən hesab edən qrupun da işi ola bilər: "Mənə durmadan zənglər gəlir, onlar arasında mənəviyyat adamları ilə yanaşı, dövlət adamları da var. Onlarla bu məsələni analiz edəndə bildirdim ki, bu, erməni təxribatı da ola bilər. Azərbaycanda xüsusən son 11 şəhidimizi kafir elan edən, özünü islam təəssübkeşi sayan, təkfirçi, radikal vəhhabilərin də işi ola bilər".

Artıq məsələyə hüquq-mühafizə orqanları da müdaxilə edib. Avqustun 21-dən 22-ə keçən gecə paytaxtın Şəhidlər xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi açıb.

İstintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinə tapşırılıb.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər