Bu gündən Müsavat Partiyası başqanlığına namizədlərin rəsmi təbliğat kampaniyasına start verilir. 1911-ci ildə qurulmuş Müsavat Partiyası bu vaxta qədər 7 qurultay keçirib. Sonuncu qurultay 2006-cı ildə olub. 2001 və 2006-cı illərdə keçirilən qurultaylarda başqan seçilmiş İsa Qəmbər nizamnamənin tələbinə uyğun olaraq bu dəfə namzidəliyini verməyəcək.
Başqanlıq uğurunda Müsavat funksionerləri Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı, Səxavət Əlisoy və Nüşabə Sadıqlının mübarizə aparacaqları bildirilir. İ.Qəmbərin bu şəxslərdən hansına "stavka" edəcəyi dəqiq bilinməsə də, müəyyən ehtimallar irəli sürmək mümkündür. Sözsüz ki, qurultayda İsa bəyin mövqeyi həlledici olacaq.
İndi isə başqanlığa iddialı beş müsavatçının şanslarını qiymətləndirək.
Nüşabə Sadıqlı - başqanlığa iddiasını ortaya qoyan yeganə Müsavatçı xanımdır. 1998-ci ildə Milli Azadlıq Hərəkatının öncül xanımlarından olan N.Sadıqlı uzun müddətdir ki, Müsavat Partiyasının ali orqanlarında təmsil olunub. Partiyanın Divan üzvü, Qadınlar Şurasının nümayəndəsidir. O, eyni zamanda Bakı Dövlət Universitetinin dosentidir. Nüşabə xanım partiya daxilindəki qruplaşma rəhbərlərindən biri olmasa da, o, daxili proseslərdə neytral mövqe sərgiləmir və özü də bunu açıq etiraf edib. "Mən demişəm və yenə də sözümün üzərində dururam. Əlbəttə, mən əvvəl situasiyaya baxacağam. Əgər situasiya məni qane eləməsə, başqanlığa namizədliyimi irəli sürəcəyəm. Ancaq güvəndiyim və dəyər verdiyim insan başqanlığa namizədliyini irəli sürəcəksə, bu halda təbii ki, namizədliyim olmayacaq", - deyə N.Sadıqlı bildirib. N.Sadqılının sonda namizədliyini digər iddialının xeyrinə geri götürəcəyi ehtimalı var. Həmin şəxs şübhəsiz ki, Arif Hacılı olmayacaq.
Səxavət Əlisoy - Müsavat Partiyası başqanının müşaviridir. Milli Azadlıq Hərəkatının fəallarından olub və uzun müddətdir Müsavatın üzvüdür. Adı daha şox Müsavatdakı Naxçıvan qruplaşmasının faəl üzvü kimi çəkilib. Hakimiyyətə qarşı münasibətdə loyal mövqe sərgiləyir, müxalifətdə olan digər siyasi partiyalarla sıx əlaqələri var. Sülhəddin Əkbər Müsavat Partiyasından istefa verəndən sonra onun da partiya daxilindəki dayaqları zəifləyib.
Tural Abbaslı - 1982-ci il təvəllüdlüdür. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Uzun müddət Müsavat Partiyasının gənclər təşkilatında və bu təşkilatın sədri postunda təmsil olunub. Hazırda partiyanın Divan üzvüdür. Müsavatın keçirdiyi icazəli və icazəsiz aksiyaların fəal iştirakçısı olub, dəfələrlə həbs edilib. Başqan seçkilərində ümidini daha çox gənclərə bağlayıb.
Qubad İbadoğlu - tərcümeyi-halı kifayət qədər zəngindir. 1971-ci ildə Füzuli rayonunda anadan olub. Orta məktəbi Bakıda, fizika-riyaziyyat təmayüllü 1 saylı internat məktəbdə bitirib. 1987-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunub. İqtisad elmləri namizədidir. 1999-2000-ci illərdə Varşavada Ali İqtisad Məktəbində, 2004-2005-ci illərdə Budapeştdə Mərkəzi Avropa Universitetində tədqiqatlar aparıb. 2008/2009-cü tədris ilində ABŞ-ın Kanzas və Şimali Karolina Universitetlərində ixtisasartırma kursları keçib və elmi tədqiqatla məşğul olub. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi təhlil" kafedrasında dosent vəzifəsində çalışır. 53 adda və 175 çap vərəqi həcmində elmi əsərin, 20-dək kitabın, monoqrafiyanın və dərs vəsaitinin müəllifidir. 15-dək kitabı və elmi əsərləri dünyanın 10-dan çox ölkəsində çap olunub. "Ekonomiks" qəzeti, "Ekspert" jurnalının baş redaktorudur. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricidir. 2008-ci ildə Ödədiyini Açıqla Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupuna, 2009-cu ildə isə Qara Dəniz QHT Forumunun İdarə Heyətinə üzv seçilib. Maraqlıdır ki, Q.İbadoğlunun Vikipediyada yerləşdirdiyi məlumatlarda Müsavat Partiyasındakı təmsilçiliyi barədə heç bir qeyd yoxdur. Bildirək ki, Q.İbadoğlu Müsavat Partiyasının Divan üzvüdür. QHT sektorunda fəal olsa da, son illər Müsavat Partiyasındakı fəaliyyəti diqqət cəlb etmir. Xüsusilə də, onu icazəsiz aksiyalarda görmək mümkün deyil. Hakimiyyətə qarşı münasibətdə radikal deyil. Müsavat Partiyasında regional qruplaşma faktorlarının olduğunu nəzərə alsaq, onun İsa Qəmbərlə eyni rayondan olmasını qeyd edmək yerinə düşər.
Arif Hacılı - Müsavat Partiyasının əsas fiqurlarından biridir. Onu Müsavatın ikinci yetklisi də saymaq olar. Digərlərinə nisbətən partiya qarşısındakı xidmətləri böyükdür. 1962-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1983-1988-ci illərdə Zaqatala rayon radiosunun redaktoru işləyib. 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. Azərbaycanın istiqlalçı deputatlarından, Azərbaycan milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biridir. 1992-1993-cü illərdə Elçibəy hakimiyyəti dövründə Azərbaycan Respublikasının Ərazi Hakimiyyət və İdarəetmə işləri üzrə Dövlət Müşaviri olub. Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında fəal iştirak edib, 1991-1992-ci illərdə AXC Ali Məclisinin sədri olub. Müxtəlif dövrlərdə Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü olub. Müxtəlif dövrlərdə Müsavat Partiyası başqanının təşkilati məsələlər üzrə müavini işləmişdir. 2000-ci ilin parlament seçkilərində Müsavat partiyasının, 2003-cü ilin prezident seçkilərində prezidentliyə namizəd İsa Qəmbərin seçki qərargahlarının rəhbəri olub. 2006-cı ildən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, partiya yaranandan onun ali orqanı olan Divanın üzvüdür. Dəfələrlə həbs olunub. Başqanlığa digər namizədlərdən biri A.Hacılını nəzərdə tutaraq "qeyri-türk Müsavat başqanı ola bilməz" ifadəsini işlədib. A.Hacılı Müsavatdakı əsas qruplaşmanın rəhbəridir və zaman-zaman partiyadaxili mübarizədə qalib gəlib. A.Hacılı qələbəsi haqqında əminliklə danışıb: "Müsavat Partiyasında rəqibim yoxdur. Müsavatdakı seçkilər tam demokratik şəkildə keçiriləcək. Müsavat Partiyasının qurultay nümayəndələrinin iradəsinin ən düzgün iradə olduğuna əminəm. Seçkilərin nəticələri mənə aydındır. 600 nəfər qurultay nümayəndəsinin hər biri ilə şəxsən tanışam. Ona görə də seçkilərin nəticələri indidən mənə aydındır”.
P.S.Müşahidələr göstərir ki, Müsavat Partiyasında başqanlıq uğurunda rəqabət əsasən, Q.İbadoğlu və A.Hacılı arasında olacaq. Yuxarıda qeyd olunanlara əsaslanaraq, bu mübarizədə hansının qalib gələcəyini söyləmək mümkündür.
Ruslan