14 Aprel 2014 17:07
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalır.

Teleqraf.com-un Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Donetsk vilayətində federallaşma tərəfdarları ilə polis arasında toqquşma baş verib. Belə ki, Qarlovka şəhərində etirazçılar polis binasını ələ keçiriblər. Nümayişçilər və polislər arasında toqquşmalar baş verib. Qarşıdurma nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Tərəflər arasında Slavyanskda da qarşıdurmalar olub. Daha əvvəl qarşıdurmalar zamanı dörd nəfərin ölməsi barədə məlumat yayılıb. Lakin Slavyansk şəhər xəstəxanasından verilən məlumata görə, toqquşmalar zamanı bir nəfər həlak olub: “Avtomobilə hücum yerli vaxtla saat 17:00 radələrində baş verib. Təxminən 30 yaşı olan gənc oğlan qarın nahiyəsi və ayaqlarından ağır yaralanıb. O, xəstəxanaya gətiriləndə artıq keçinmişdi”.

Bu arada Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin partiyası olan “Regionlar” Partiyası ölkənin şərqində münaqişənin güc yolu ilə həll olunmasına qarşı çıxdığını bildirib. Partiyanın parlament fraksiyasının lideri Aleksandr Yefremov həmçinin qeyd edib ki, partiya Ukrayna ordusunun ölkə vətəndaşlarına qarşı istifadə olunmasını pisləyir. Onun fikrincə, əgər hakimiyyət xalqı dinləməyi bacarmağı və onu sakitləşdirməyi öyrənməsə, onda vəziyyətin sabitləşməsi üçün heç bir xüsusi əməliyyat kömək etməyəcək.

Ukraynanın şərqindəki hadisələrə Rusiya XİN rəhbəri Serqey Lavrov da öz münasibətini bildirib. O qeyd edib ki, Ukraynanın şərqindəki dinc aksiyaları terrorizm adlandırmaq həyasızlıqdır: “Maydanda onlarla insanın ölümü ilə nəticələnən hadisələri "demokratiya" adlandıranlar Ukraynanın cənub-şərqində keçirilən dinc aksiyaları terrorizm adlandırır və onun yatırılması üçün anti-terror əməliyyatları adı altında ordudan istifadə etməyə razılıq verirlər”.

Lavrovun sözlərinə görə, Rusiya Qərbdən baş verən hadisələrə adekvat reaksiya verməyi gözləyir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Təhlükəsizlik Şurasının iclasında Qərbi Ukraynanın cənub-şərqindəki hadisələrdə “Moskvanın əli”ni axtarmağı dayandırmağa çağırıb: “Bu zalda oturanlar da daxil olmaqla çoxları Ukraynada baş verənlərin əsl səbəbini görmək istəmirlər. Onlar daima hadisələrdə “Moskvanın əli”ni axtarırlar. Bunu etməyi dayandırın”.

Eldar


Müəllif: