Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak etmək üçün dünən Rusiyanın Həştərxan şəhərinə işgüzar səfər edib. Həştərxan şəhərinin Beynəlxalq Hava Limanında prezident İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Milli liderin abidəsini ziyarət
Dövlət başçısı əvvəlcə Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda olub. İlham Əliyev ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
İran prezidenti ilə görüş
Səfər çərçivəsində prezident İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin görüşü olub. Görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Yüksək səviyyəli görüşlərin əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib. Siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sammit başladı
Daha sonra Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti işə başlayıb.
Azərbaycan prezidenti İlham Əliyev Sammitdə iştirak edib.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi, İran prezidenti Həsən Ruhanini, Qazaxıstan prezidenti Nursultan Nazarbayevi və Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədovu qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Vladimir Putin: “Xəzər regionu sülh və mehriban qonşuluq adasıdır”
Sammiti açan Vladimir Putin deyib ki, bu gün siyasi bəyanat qəbul etmək niyyəti var, həmin sənəd Xəzərin hüquqi statusu haqqında gələcək konvensiyanın əsasını təşkil edəcək.
Rusiyanın dövlət başçısı əlavə edib ki, Xəzəryanı dövlətlərin əməkdaşlığı regional sabitliyə yardım edir, terrorçuluq, ekstremizm, narkotiklərin dövriyyəsi və digər təhlükələrə qarşı mübarizənin effektini artırır.
Vladimir Putin Xəzər regionunu sülh və mehriban qonşuluq adası adlandırıb: “Xəzər dənizi beş Xəzəryanı dövlətin strateji mirasdır. Onların qarşılıqlı fəaliyyəti regionun təhlükəsizliyini möhkəmləndirəcək və iqtisadi inkişafına kömək edəcək”.
O bildirib ki, dəniz və onun sərvətləri bütün Xəzəryanı ölkələr üçün strateji mirasıdr və onu qorumaq, artırmaq gələcək nəsillərin qarşısında ortaq məsuliyyətdir.
Rusiya prezidenti bəyan edib ki, tərəflər sammitdə siyasi bəyanat qəbul etmək niyyətindədirlər və bu, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın əsası olacaq: “Bizim ölkələrin əməkdaşlığı regional təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcək. O cümlədən terrorizm, ekstremizim, narkotiklərin dövriyyəsi, digər hədələrlə mübarizədə effektivliyi artıracaq, iqtisadi inkişafa əlavə dinamika verəcək, dünya bazarında rəqabətə davamlılığı artıracaq”.
V.Putin qeyd edib ki, sammitin gündəliyində məsələlər çoxdur: “Hüquqi status, təhlükəsizlik və iqtisadi əlaqələrdən başqa, nəqliyyatın inkişafı və ekologiya ilə bağlı addımların da müzakirəsi planlaşdırılır. Beynəlxalq aktual problemlər barədə də fikir mübadiləsi aparılacaq”.
Sammit gedişində siyasi bəyanatın tam razılaşdırıldığı bəyan olunub.
Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, sammitdə Xəzər hövzəsinin müasir hüquqi statusunun formalaşdırılması məsələləri, dənizdə təhlükəsizliyin möhkəmləndirilməsi və ümumi çağırışlara qarşı birgə fəaliyyət, Xəzərin nadir təbii mühitinin və bioloji resurslarının qorunması, aktual regional və beynəlxalq məsələlər müzakirə edilib. Dövlət başçıları bundan əvvəl keçirilən sammitlərdə qəbul edilən qərarların yerinə yetirilməsinin yekunlarına nəzər salıb, Xəzəryanı ölkələr arasında əlaqələrin inkişafının əsas istiqamətlərini müəyyənləşdiriblər.
Toplantıda, həmçinin Xəzərin hüquqi statusu ilə bağlı məsələlər və regionun təhlükəsizliyi müzakirə olunub.
İlham Əliyev: “Biz Xəzər dənizinə sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi baxırıq”
“Xəzər dənizində hərbi fəaliyyət bütün Xəzəryanı dövlətlərin təhlükəsizliyinin bərabər təminatı prinsipi əsasında həyata keçirilməlidir”.
Bunu Xəzəryanı ölkə başçılarının IV Sammitində Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycan Xəzərdə hərbi və hərbi-texniki sahələrdə qonşuları ilə əməkdaşlığa mühüm önəm verir: “Hesab edirik ki, Xəzər dənizində hərbi fəaliyyət bütün Xəzəryanı dövlətlərin təhlükəsizliyinin bərabər təminatı prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı inamın güclənməsinə xidmət edəcək. Xəzər dənizi sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olmalıdır”.
Prezident İlham Əliyev Xəzər dənizin dibinin bölünməsi ilə bağlı Azərbaycan-Qazaxıstan və Azərbaycan-Rusiya razılaşmalarının, o cümlədən üçtərəfli müqavilələrin önəmini vurğulayıb: “Bu müqavilələr Xəzərin hüquqi statusunun tənzimlənməsində mühüm rol oynayır. Azərbaycan hesab edir ki, bu müqavilələrdəki prinsiplər bütün Xəzəryanı ölkələr arasında dənizin dibinin bölünməsində razılıq əldə etmək üçün əsas ola bilər. Biz Xəzər dənizinə dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi baxırıq. Azərbaycan Xəzəryanı dövlətlərlə ikitərəfli münasibətlərin inkişafına böyük diqqət ayırır. Xəzəryanı ölkələr arasında dostluq münasibətləri və çoxistiqamətli əməkdaşlıq bizim regionda stabilliyin, uğurun və təhlükəsizliyin açarıdır”.
Beş prezidentin birgə bəyanatı
Sammitdə Xəzəryanı ölkələrin prezidentləri 19 bənddən ibarət Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin birgə bəyanatını qəbul ediblər. 5 prezidentin imzaladığı sənəddə hər bir ölkənin Xəzərin ehtiyatlarından istifadə hüququnun detalları yer alıb. Sənədə görə, ölkələr 25 dəniz mili hüdudunda ehtiyatlardan istifadə hüququ alır. Bu hüduddan kənar su səthi ümumi istifadədir.
Bəyanatda həmçinin Xəzər dənizində kənar ölkələrin hərbi qüvvələrinin olmaması prinsipi yer alır. Birgə bəyanatda Xəzəryanı ölkələrin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət vurğulanır, güc tətbiqinin və güc tətbiqi ilə hədələmənin yolverilməzliyi qeyd olunur.
Üç saziş imzalandı
Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə hökumətlərarası beştərəfli sazişlər imzalanıb.
Bu sənədlər aşağıdakılardır:
- Xəzəryanı dövlətlərin müvafiq nazirlikləri tərəfindən Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq Sazişi;
- Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş;
- Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında Saziş.
Bununla da sammit öz işini başa çatdırıb. Xatırladaq ki, Xəzəryanı ölkələrin dövlət başçılarının birinci sammiti 2002-ci ildə Aşqabadda, ikincisi 2007-ci ildə Tehranda, üçüncüsü isə 2010-cu ildə Bakıda keçirilib.
Səxavət HƏMİD