Goranboy rayonunda baş verən cinayətdə öldürülən şəxslərin adları açıqlanıb.
Teleqraf.com xəbər verir ki, 1958-ci il təvəllüdlü Diləzbər Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Məmmədov və 2011-ci il təvəllüdlü İsa Məmmədov öldürülüb.
10:41
Goranboy rayonunda həyat yoldaşının ailəsini qətlə yetirən kürəkən həbs edilib.
Goranboy rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, cinayəti törədən rayon sakini, 1978-ci il təvəllüdlü Rafiq Hüseynov keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, Goranboy rayon Prokurorluğuna gətirilib. Hazırda Rafiq Hüseynovun ifadəsi alınır.
Məlumata görə, cinayət zamanı öldürülənlərdən biri ailənin üç yaşlı övladı olub.
10:20
Goranboy rayonunun Səfikürd kəndində bir ailənin 7 üzvünü öldürən şəxsin kimliyi məlum olub.
Teleqraf.com xəbər verir ki, gecə saat 04.00-da Məmmədovlar ailəsinə qarşı qətlimı ailənin kürəkəni törədib.
Rafiq adlı şəxs hadisədən bir gün əvvəl həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı Rafiq həyat yoldaşını möhkəm döyüb. Əri tərəfindən döyülən qadın ata evinə gəlib. Gecə saatlarında avtomatla silahlanaraq qayınatası evinə gələn kürəkən qanlı cinayət hadisəsini törədib. Rafiq hadisədən bir ay əvvəl ailə həyatı qurubmuş.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
10:12
Goranboyda baş verən silahlı basqın zamanı yaralananlar Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına yerləşdirilib.
Yarlılar - 1986-cı il təvəllüdlü Natiq Məmmədov və 1984-cü il təvəllüdlü Günel Məmmədovadır.
Hər iki yaralı əməliyyat olunur.
09:55
Goranboy rayon Prokurorunun böyük köməkçisi Fizuli Əliyev Teleqraf.com-a bildirib ki, prokurorluq əməkdaşları hadisə yerindədir.
Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparılır və araşdırmaların sonunda ictimayyətə əlavə məlumat veriləcək. İlkin ehtimala görə hadisə ailə münaqişəsi zəmnində baş verib.
09:48
Goranboy rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Goranboy rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, bir ailənin evinə silahlı hücum olub. Hücum nəticəsində bir ailənin 7 üzvü öldürülüb, iki nəfər yaralanıb. Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə rayon prokurorluğu və polis idarəsinin əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov