İlham Əliyev: "Azərbaycanla Tacikistan dostdur, tərəfdaşdır"
Prezident İlham Əliyev oktyabrın 15-də Tacikistana rəsmi səfərə gəlib. Azərbaycanın və Tacikistanın dövlət bayraqlarının dalğalandığı Düşənbə Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Tacikistanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Rəsmi qarşılanma mərasimi
Dünən isə prezident İlham Əliyevin Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Azərbaycanın və Tacikistanın dövlət himnləri səslənib. Azərbaycan prezidenti Tacikistan əsgərlərini salamlayıb. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycanın nümayəndə heyətinin üzvləri prezident Emoməli Rəhmona, Tacikistanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər rəsmi foto çəkdiriblər.
Təkbətək görüş
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub. Tacikistan prezidenti Emoməli Rəhmon deyib: "Tacikistanı və Azərbaycanı qədim tarix, mədəni əlaqələr birləşdirir. Əminəm ki, Sizin səfəriniz xalqlarımız arasında münasibətlərin inkişafına yeni təkan verəcək. Əlbəttə, bu səfər zamanı ikitərəfli münasibətlərin mühüm istiqamətləri daha dərindən müzakirə olunacaq və çoxtərəfli əməkdaşlığın proqramı müəyyənləşdiriləcək.
Ölkələrimiz arasında münasibətlər çox yaxşı inkişaf edir. İkitərəfli əmtəə dövriyyəsinin həcmi artmaqdadır. Görüş əsnasında münasibətlərimizin gələcək inkişafını da bir daha müzakirə edəcəyik".
Azərbaycan prezidenti İlham Əliyev deyib: "İlk növbədə Sizin gözəl ölkənizə səfər etmək dəvətinə görə minnətdaram. Şadam ki, yenidən buradayam və gözəl dəyişiklikləri görürəm. Mən qısa müddət ərzində hələ başqa yenilikləri də görə biləcəyəm. Bütün bunlar Sizin ölkənizin fəal inkişafının nəticəsidir. Biz dost kimi buna sevinirik və əlbəttə ki, ikitərəfli əməkdaşlığın potensialının gücləndirilməsinə ümid edirik.
Bizim aramızda möhkəm münasibətlər mövcuddur. Biz dostuq, tərəfdaşıq. Əlbəttə ki, bu səfər dostluq, tərəfdaşlıq səfəridir. Həmçinin ümid edirik ki, bu səfər iqtisadi əlaqələrin fəal inkişafına təkan verəcək. Ona görə ki, əmtəə dövriyyəsinin bizim istədiyimiz səviyyədə olmadığı fikri ilə razıyıq. Məhz nümayəndə heyətimin tərkibində bir sıra işgüzar dairələrin nümayəndələri, çoxlu nazirlər var. Buna görə düşünürəm ki, yaxşı nəticə olacaq".
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan və Tacikistan prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Dövlət başçıları görüşdə çıxış ediblər.
Beş sənəd imzalandı
Prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub.
"Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyannaməsi"ni prezident İlham Əliyev və prezident Emoməli Rəhmon imzalayıb.
"Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Tacikistanın Xarici İşlər naziri Sirociddin Aslov imzalayıb.
"Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın Kənd Təsərrüfatı naziri Heydər Əsədov və Tacikistanın Xarici İşlər naziri Sirociddin Aslov imzalayıb.
"Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev və Tacikistanın səhiyyə və Sosial müdafiə naziri Salimzoda Nusratullo imzalayıb.
"Azərbaycan Milli Elmlər Akademiyası və Tacikistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Tacikistan Elmlər Akademiyasının prezidenti Farxod Rahimi imzalayıb.
Birgə bəyanat
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra hər iki ölkənin prezidenti mətbuata birgə bəyanatlarla çıxış ediblər.
İsmoili Somoni abidəsini ziyarət
Prezident İlham Əliyev Düşənbənin "Dusti" meydanındakı "Tacikistanın milli həmrəyliyi və dirçəlişi" xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib. Dövlət başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
İlham Əliyevə fəxri doktor diplomu təqdim olundu
Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli təqdim edilməsi mərasimi keçirilib.
Universitetin rektoru Mahmadyusuf İmomov bu ali təhsil ocağının Elmi Şurasının Azərbaycan Prezidentinə fəxri doktor adının verilməsi və Elmi Şuranın fəxri üzvü seçilməsi ilə bağlı qərarını oxuyub. Sonra Azərbaycan Prezidentinə fəxri doktor diplomu və mantiyası təqdim olunub. Azərbaycan dövlətinin başçısı universitetin professor-müəllim heyəti və tələbələri qarşısında çıxış edib.
Heydər Əliyevin xidmətləri xatırlandı
Prezident İlham Əliyev Tacikistana rəsmi səfəri çərçivəsində Milli Məclisin aşağı palatasının sədri Şükürcon Zuxurovla görüşüb. Görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirilib, iki ölkə arasında münasibətlərin genişləndirilməsində parlamentlərin rolunun əhəmiyyəti vurğulanıb. Bildirilib ki, dərin tarixi və mədəni əlaqələrə malik olan Azərbaycanla Tacikistan dost və tərəfdaş ölkələrdir. Vurğulanıb ki, iki ölkənin daha da yaxınlaşmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Bu gün Azərbaycan və Tacikistan prezidentlərinin imzaladığı Birgə Bəyannamənin əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük töhfə verəcəyi ifadə edilib.
Baş nazir Koxir Rasulzoda ilə görüş
Azərbaycan prezidenti İlham Əliyev daha bir görüşü Tacikistanın baş naziri Koxir Rasulzoda ilə keçirilib.
Görüşdə ikitərəfli münasibətlərin perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti İlham Əliyevin bu səfərinin iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsində böyük rol oynayacağı qeyd olunub. Səfər çərçivəsində imzalanan sənədlərin iki ölkə və xalqlar arasında dostluq əlaqələrinin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi vurğulanıb.
Qeyd edək ki, dünən həmçinin, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti Tacikistanın paytaxtı Düşənbədə keçirilən İqtisadiyyat və İnvestisiya Forumunda iştirak edib.
Tacikistana investisiya qoyuluşu imkanlarını təqdim etmək məqsədilə təşkil olunmuş forumda Tacikistan prezidenti Emoməli Rəhmon çıxış edib, forum çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşu imkanlarına dair plenar iclaslar keçirilib. Forumda iştirak edən Azərbaycan sahibkarlarına Tacikistanın biznes və investisiya mühitinə dair ətraflı məlumat əldə etmək, yeni biznes tərəfdaşları tapmaq və işgüzar əlaqələrini daha da genişləndirmək imkanı yaradılıb.
İqtisadiyyat və İnvestisiya Forumu çərçivəsində Tacikistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, energetika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib. Biznes forumda Azərbaycan sahibkarları təmsil etdikləri şirkətlər barədə təqdimatlarla çıxış edib, Tacikistan bazarına məhsul ixracı ilə bağlı maraqlarını diqqətə çatdırıblar. Tədbir iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.
Səxavət HƏMİD