Peter Siyarto: "Azərbaycanı enerji sahəsində əsas tərəfdaşımız kimi görürük"
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində P.Siyarto dünən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla əvvəlcə təkbətək görüş keçirib. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
İkitərəfli münasibətlərin hazırkı vəziyyətini yüksək qiymətləndirən E.Məmmədyarov qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılması üçün geniş potensialın olduğunu diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi haqqında məlumat verən E.Məmmədyarov Macarıstanın münaqişə ilə bağlı BMT nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin yüksək qiymətləndirildiyini deyib.
P.Siyarto Azərbaycanın Macarıstanın ən önəmli tərəfdaşlarından biri olduğunu deyərək, ölkəsinin Azərbaycanla bütün sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Həmçinin görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda nazirlərin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.
Azərbaycan prezidenti Macarıstana səfər edəcək
Elmar Məmmədyarov bildirib ki, Macarıstanla Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir: "Peter Siyarto Azərbaycana beşinci dəfə səfər edir. Ölkələrimiz arasında sıx dostluq münasibətləri var, ticarət dövriyyəmiz də getdikcə artır".
P.Siyarto isə öz növbəsində bildirib ki, Azərbaycan-Macarıstan hökumətlərarası müştərək komissiyanın həmsədri kimi Azərbaycanla münasibətlərin inkişafından razıdır: "Azərbaycan "Şərq Tərəfdaşlığı" sazişinə daxil olan ölkədir. Macarıstan isə Avropa Birlyinin üzvüdür. Bizim əlaqələrimizin artması Avropa Birliyi üçün də əhəmiyyət daşıyır. Azərbaycanı enerji sahəsində əsas tərəfdaşımız kimi görürük".
Peter Siyarto, həmçinin bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev gələn həftə Macarıstana səfər edəcək. O bildirib ki, Macarıstan tərəfi səfərin yüksək səviyyədə həyata keçirilməsi üçün tədbirlər görür. Macarıstanlı nazir qeyd edib ki, Azərbaycan prezidentinin Macarıstana səfəri zamanı mülki aviasiya ilə bağlı müvafiq sazişlərin imzalanması gözlənilir. Bundan əlavə, səfərə qədər strateji tərəfdaşlıq sazişi üzərində işi bitirmək nəzərdə tutulub: "Bu il ticarət dövriyyəmiz keçən ilə nisbətən 18 faiz artıb. Azərbaycanla əlaqələrimiz inkişaf edir. Ölkəmiz 200 Azərbaycan gəncinə təhsil təqaüdü ayırmağa hazırdır. Əminəm ki, prezident İlham Əliyevin Macarıstana səfərindən sonra əlaqələr daha da inkişaf edəcək". Daha sonra jurnalistlərin sualları cavablandırılıb.
"Azərbaycan inkişafda inqilaba yox, təkamülə üstünlük verir"
"Azərbaycan inkişafda inqilaba yox, təkamülə üstünlük verir". Macarıstandan olan jurnalistin ABŞ prezidenti Barak Obamanın QHT-lər üçün münbit şərait yaratmayan ölkələr sırasında Azərbaycan və Macarıstanın da adını çəkməsi barədə sualına E.Məmmədyarov belə cavab verib. "Bizim bu çıxışdan xəbərimiz var. Azərbaycan hesab edir ki, inqilabdansa təkamül daha yaxşıdır. Azərbaycan özünün 5 minə yaxın tələbəsini müxtəlif ölkələrə göndərib. Mən inanıram ki, biz daha da irəli getməliyik. Biz uğurlu və firavan şəkildə inkişaf edirik. Azərbaycanda demokratik inkişaf naminə ciddi addımlar atılıb və ölkəmiz Qərbin, Avropanın beynəlxalq təşkilatları ilə bu istiqamətdə əməkdaşlıq edir. Azərbaycan öz inkişafında uğur hekayəsi yazıb", - deyə nazir bildirib.
P.Siyarto isə bildirib ki, Macarıstan barədə səsləndirilən ittihamlar əsassızdır: "Macar xalqı müstəqilliyini qan bahasına alan, mübarizə aparan xalqlardandır. Macarıstanın baş naziri özü demokratiya uğrunda mübarizə aparıb. Macar demokratiyası özünü təsdiq edib. Düşünürəm ki, Macarıstanın xalqı da anti-demokratik addımlara imkan verməz".
"Bazeldə Azərbaycan və Ermənistanın XİN başçıları görüşə bilər"
"Dekabrın əvvəlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bazeldə görüşü baş tuta bilər".
Bunu isə E.Məmmədyarov deyib. Nazir bildirib ki, Paris görüşündə çox geniş müzakirələr aparılıb: "Müxtəlif səviyyədə görüşlər keçirilib. Prezident Ollandla da görüşlər olub. Bu, bir addımdır, prosesdir. Olland açıqlamasında artıq sülh sazişi üzərində işləməyin vaxtının çatdığını vurğulayıb. Bildiyiniz kimi, Madrid prinsipləri var. Doğrudur, bəzi məqamlar hələ razılaşdırılmayıb. Bu münaqişə bir günün içində həll olunan deyil. Hansı məqamlar qalıbsa, onların müzakirəsini davam etdirməliyik. Nyu-York görüşü bir təklifdir. Çox güman ki, dekabrın əvvəlində Bazeldə ATƏT-in XİN başçılarının görüşü zamanı Qarabağ münaqişəsi ilə bağlı da görüş olsun. Ola bilər ki, yaxın müddətdə yenə də prezidentlərin görüşünə ehtiyac yaransın".
E.Məmmədyarov qeyd edib ki, Azərbaycan sülh sazişi üzərində işi bitirməyi vacib sayır: "Biz deyirik ki, əlaqələr yaransın, icmalar arasında da münasibətlər qurulsun. Amma ən önəmli addım qoşunların Azərbaycandan çıxmasıdır. Qoşunlar çıxarılsa, bir çox maneələr aradan qalxar, sülh üçün imkanlar yaranar".
Qeyd edək ki, P.Siyartonun səfəri bu gün başa çatacaq.
Səxavət HƏMİD